SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Prezidentin müsahibəsində çox maraqlı məqamlara toxunulub

Prezidentin müsahibəsində çox maraqlı məqamlara toxunulub

Tarix:

19-12-2024, 14:12

/ 265 dəfə oxundu.
Prezidentin müsahibəsində çox maraqlı məqamlara toxunulub

 
 Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verərkən çox maraqlı məqamlara toxunub. Onun bu müsahibəsi digər müsahibələr kimi çox böyük marağa səbəb olub və yəqin ki, diqqətlə öyrəniləcəkdir. Çünki Prezident İlham Əliyev belə müsahibələrdə bir qayda olaraq məsələlərə geniş aspektdən yanaşır. Hər kəsi istər ölkə içində, istər ölkədən xaricdə maraqlandıran suallara açıq-aydın cavab verir. Yəni Prezident İlham Əliyevin bütün fəaliyyəti boyu bir qayda olaraq bunu müşahidə etmişik. Açıq danışmağı sevir. 
Kanala müsahibəsində Azərbaycanla onun yaxın qonşusu və strateji tərəfdaşı olan Rusiya Federasiyası ilə əlaqələrə toxunan ölkə başçısı qeyd edib ki,  “Bu gün Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır və düşünürəm ki, buna Azərbaycan və Rusiyada heç bir şübhə yoxdur”.
“Artıq dediyim kimi, ölkələrimiz üçün çətin vaxtlarda biz həmişə həm vəziyyətin dərk olunmasını nümayiş etdirmişik, həm də özümüzü dostcasına aparmışıq”, - deyən dövlət başçısı bundan sonra da belə olacağına əminliyini ifadə edib. Deyib ki, əlbəttə, biz iqtisadi-ticari əməkdaşlıq üçün fəal şəkildə yeni sahələr tapmağa davam edirik.
Xarici siyasət məsələlərinə toxunan ölkə başçısı xüsusi qeyd edib ki, “Xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir. Həm də ona görə ki, bu, eyni zamanda, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur. Buna görə də öhdəliklərimizin məntiqi zənciri üzrə irəli getsək, görərik ki, müttəfiqlik öhdəliklərimiz çoxşaxəlidir”.
Vurğulanıb ki, Azərbaycan Türkiyə ilə hər il 10-dan çox birgə təlim keçirir. Bu təlimlərin yarısı Azərbaycanda, yarısı isə Türkiyədə keçirilir. Artıq mahiyyət etibarı ilə hərbi əməliyyatların yüksək dərəcədə keçirilməsinə nail olunub. Təbii ki, bu da öz növbəsində Qafqazda sabitliyin mühüm amilidir.
Hazırda dünya və baş verən hadisələrin inkişafı bir daha sübut edir ki, dünya əsaslı şəkildə dəyişib və İkinci Dünya müharibəsi nəticəsində yaranmış reallıqlar, müəyyən edilmiş oyun qaydaları bu gün artıq işləmir. Bu faktı isə hətta qlobal aktorlar da gizlətmirlər.
Hazırda dünyada geosiyasi vəziyyətin həddən artıq qarışıqdır. Belə bir mürəkkəb beynəlxalq şəraitdə Azərbaycan qonşuları ilə, xüsusilə də Rusiya Federasiyası ilə münasibətlərini nəinki qoruyub saxlayır, hətta müttəfiqlik səviyyəsində olan əlaqələrini inkişaf etdirir. 2022-ci ildə Moskvada Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyət haqqında Bəyannamənin imzalanmasından sonra dünyanın əsaslı şəkildə dəyişməsinə baxmayaraq, rəsmi Bakı şimal qonşusu ilə yüksək səviyyəli münasibətlərinin güclənməsinə kömək edən istənilən addımları dəstəkləyir. Prezident İlham Əliyev müsahibəsində bu məqama xüsusi toxunaraq vurğuladı ki, dünyada vəziyyətin əhəmiyyətli dərəcədə dəyişməsi Azərbaycan-Rusiya əməkdaşlığının xarakterinə və formasına təsir göstərmədi. Belə bir Bəyannamənin imzalanmasını ən mühüm siyasi addım kimi qiymətləndirən dövlət başçısı əlavə etdi ki, bu, qarşılıqlı fəaliyyətin və əməkdaşlığın ən yüksək formasıdır.
Bu gün hər iki ölkə arasında iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrin möhkəmlənməsi və inkişafı tendensiyası müşahidə olunur. Azərbaycan Cənubi Qafqazda yeganə ölkədir ki, orta məktəblərdə və ali təhsil müəssisələrində milli dillə yanaşı, rus dilini də tədris dili kimi qoruyub saxlayır. Bundan başqa, regionlararası əməkdaşlıq genişlənir. Azərbaycan Rusiyanın 70-dən çox subyekti ilə yaxın əlaqələr saxlayır, şimal qonşumuzun regionları ilə ticarət-iqtisadi, elmi-texniki və mədəni əlaqələrə dair 10-dan çox saziş mövcuddur. Təbii ki, yuxarıda sadalananların hamısı Prezident İlham Əliyevlə Prezident Vladimir Putin arasında şəxsi etimad münasibətləri və yüksək səviyyəli qarşılıqlı anlaşma sayəsində mümkün olmuşdur.
Ümidvarıq ki, Rusiya və Azərbaycan arasında əlaqələrin bundan sonra da genişlənməsi və möhkəmlənməsi bölgədə əmin-amanlığın qorunmasında əsas amil olacaqdır. 
 
Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı
 

Şərhlər

XƏBƏR LENTİ