SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Dünya COP29-un uğurunu ölkəmizin uğuru kimi qiymətlndir

Dünya COP29-un uğurunu ölkəmizin uğuru kimi qiymətlndir

Tarix:

19-12-2024, 14:10

/ 298 dəfə oxundu.
Dünya COP29-un uğurunu ölkəmizin uğuru kimi qiymətlndir

 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova geniş müsahibə verib. “Rossiya-1” televiziya kanalında yayımlanan müsahibədə olduqca maraqlı açıqlamalar verilib və bir sıra önəmli məqamlara toxunulub.  
Bu məqamlardan biri bu ilin noyabr ayında Bakıda keçirilən BMT-nın ən nüfuzlu tədbirlərindən biri olan COP29 toplantısı barədə oldu. Qeyd edildi ki, Azərbaycanın bu tədbiri keçirməsinə cəmi 11 ay vaxtı var idi, halbuku bir qayda olaraq, ölkələrə hazırlıq üçün 2 il vaxt verilirdi. Bunun səbəbi o idi ki, ötən ilin dekabrında qərar qəbul edilməsinə iki-üç gün qalmış Ermənistan hələ də Azərbaycanın namizədliyini bloklayırdı. COP29-un Bakıda keçiriləcəyi ilə bağlı konsensus olmadığına görə məsələ son günlərdə həll edildi. Qısa müddət ərzində 70 mindən artıq qonağın qəbul edilməsi təmin edilməli idi. Buna baxmayaraq tədbir zamanı 76 min iştirakçı qeydiyyatdan keçmişdi. Onların yerləşdirilməsi və digər təşkilati məsələlərin həlli ilə bağlı bütün suallar həll edildi və beləliklə tədbirdə iştirak edən bütün qonaqlar razı qalmışdılar. 
Tədbir günlərində növbəti problem bir sıra Qərb ölkələrinin KİV-lərinin ölkəmizə qarşı təxribat və böhtan xarakterli təbliğatın aparılması oldu. Bu zaman “yalançı dördlük” – “Washington Post”, “New York Times”, “Figaro” və “Le Monde” xüsusi fəallıq göstərmişdilər. Bu dördlük Dövlət Departamentinin himayəsindəki müxtəlif qeyri-hökumət təşkilatları ilə birlikdə qərəzli kampaniyaya başladılar, hər gün hücum edirdilər. Hər gün bu KİV-lərdə işıq üzü görən məqalələrin sayı 20-dən çox olurdu. Bu, çətinlik yaratmadı, amma, sadəcə, ikrah hissi doğurdu.
Toplantının əsas uğurlarından biri Paris Sazişinin 6-cı maddəsinin yəni, karbon bazarları məsələsinin razılaşdırılması oldu. Bu məsələ 2015-ci ildən razılaşdırılmamışdı. Bakıda buna nail olundu və o, artıq fəaliyyət göstərəcək. Bu, ölkələrə kvotaları satmağa və bununla da qlobal emissiyanı arzuolunan həddə saxlamağa cəhd göstərməyə imkan verəcək.
 Uğurlu sayılan növbəti bənd - iqlim mövzularına illik xərclərin məbləğinin razılaşdırılması oldu. Bu məbləğ 300 milyard dollar müəyyən edildi. Toplantıda bu məqsədlər üçün nəzərdə tutulan məşləğ 1 trilyon olsa da iri dövlətlər bu məbləğə qəti surətddə razılıq vermədilər. Nəzərə alsaq ki, bundan əvvəlki razılaşdırılmış rəqəm 100 milyard idi, burada isə 300 oldu, bunu uğursuzluq adlandırmaq düzgün deyil. 
 COP29-da Azərbaycan tərəfindən 14 təşəbbüs irəli sürüldü. Fransa və Lüksemburq kimi dövlətlər istisna olmaqla ölkələrin mütləq əksəriyyəti bu təşəbbüslərə qoşuldu. Boykot cəhdlərinin fonunda bu tədbirdə 197 ölkə, 80 dövlət və hökumət başçısı, qeydiyyatdan keçmiş 76 min qonağın iştirakı tədbirin uğurunda əyani   sübutdur.
Əksər müsahibələrində və çıxışlarında olduğu kimi dövlət başçısı bu müsahibəsində də Ermənistanla olan münasibətlərə toxundu və Ermənistanın havadarları, xüsusilə də Fransanın regionumuz üçün təhlükə yaradan siyasətindən danışdı. Bildirildi ki, Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır.
Vurğulanıb ki, Fransa Avropanın mərkəzində - Korsikada  Korsika dilini qadağan edirsə, bu dilin ictimai yerlərdə istifadəsinə icazə vermirsə, o zaman Yeni Kaledoniya haqqında nə demək olar? Bu, nəyə yarayar? Bu demokratiyadır? Bu, insan hüquqlarıdır?
Dövlətimizin başçısı vurğulayıb: “Yəni, Fransa ola bilər ki, nə vaxtsa böyük ölkə, dahi mütəfəkkirlər, böyük alimlər, yazıçılar ölkəsi olub. Amma indi belə deyil. Hazırda Makron rejimi mahiyyət etibarilə Fransanı uğursuz dövlətə çevirir”.
Bir sıra Qərb dövlətlərinin xarici siyasətinə toxunan ölkə başçısı qeyd etdi ki, “onlar kiminsə onlara ədalət öyrətməsinə alışmayıblar. Onlar öyrəşiblər ki, hamıya özləri dərs versinlər. Onlar alışıblar ki, qarşılarında baş əyirlər, müəyyən məsələlərdə onlardan xahiş edirlər, onlarla məsləhətləşirlər, onların icazəsi olmadan heç nə etmirlər. Beləcə keçmiş kolonial, indi isə bəzi neokolonial ölkələr bu tərzdə yaşamağa və düşünməyə alışıblar. Bu, onların şüurunda dərin kök salıb. Prinsipcə, bizim Fransa ilə heç vaxt problemimiz olmayıb. Hətta deyərdim ki, Fransa ilə hər hansı bir Avropa ölkəsindən daha çox əməkdaşlıq edirdik. Bu, Fransada Makronun hakimiyyətə gəlişinə qədər idi. Mənim atam 1993-cü ildə Prezident seçildikdən sonra ilk rəsmi səfərini Fransaya edib. Çünki onlar birinci olaraq onu dəvət edirdilər. Mən Prezident olduqda, 2003-cü ildə, həmçinin ilk ölkə olaraq Fransadan dəvət aldım və birinci səfərim bu ölkəyə oldu. Sonra biz fəal əməkdaşlıq edirdik, burada çoxlu fransız şirkəti işləyirdi. Bizdə Fransanın 13 şəhəri ilə qardaşlaşmış şəhərlər var”.
İkinci Qarabağ müharibəsi başlayanda Fransa və bir sıra Qərb dövlətləri açıq şəkildə işğalçıların tərəfini tutdular. Lakin mövcud reallıqlarla barışmağa məcbur qalsalar da əllərindən gələni etdilər ki, prosesə zərər versinlər. Belə ki, bu yaxınlarda Baş nazir vəzifəsindən qovulmuş cənab Barnye hələ 2020-ci ildə fransız siyasətçisi qismində Qarabağa qanunsuz şəkildə səfər etmişdi. “2023-cü ilin sentyabrından sonra onlar beş dəfə bu məsələni Təhlükəsizlik Şurasına daşımağa cəhd etdilər və beş dəfə də uğursuzluğa düçar oldular. Bizi dəstəkləyən ölkələrin sayı onlara həmin məsələni hətta iclasın gündəliyinə salmağa da imkan vermədi. Sonra onlar başqa yolla getdilər, - necə deyərlər, biz başqa yolla Avropa İttifaqına gedirik, - Azərbaycana qarşı sanksiyalara cəhd etdilər. Nəyə görə? Ona görə ki, biz öz suverenliyimizi bərpa etmişik? Burada da uğursuzluğa düçar oldular. Bizə qarşı kinləri, necə deyərlər, daha çox artdıqdan sonra isə onlar indi bizi nüfuzdan salmaq üçün bütün metodlardan istifadə edirlər” – deyə cənab Prezident bildirdi.
Xususi olaraq qeyd edildi ki, Fransanın həyata keçirdiyi xarici siyasət iflasa düçardır. Bu iflas və uğursuzluğun müəllifi isə cənab Makrondur. Azərbaycan daxil olmaqla bir çox müstəqil siyasət yürüdən ölkələrə qarşı pislik etməkdənsə, öz səylərini ölkələrindəki iqtisadi uğursuzluqları aradan qaldırmağa yönəltmələri daha yaxşı olardı.
Günel Aslanlı AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru
 

Şərhlər

XƏBƏR LENTİ