SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Zəfərin zirvəsindən görünən Şuşa

Zəfərin zirvəsindən görünən Şuşa

Tarix:

9-11-2024, 12:53

/ 136 dəfə oxundu.
Zəfərin zirvəsindən görünən Şuşa

 
Əziz Şuşam, doğma Şuşam… Hər daşında, hər qayanda qardaşlarımın ayaq izi olan cənnət məkanım… Nə az, nə çox, düz 28 il sənsiz qaldıq… Sənsiz qaldığımız günlər nə qədər çətin olsa da, amma yenilmədik,başımızı daim dik tutub, yurd yerlərimizə qovuşacağımız günü həsrətlə gözlədik. Sənə gələn yolu iplə çəkirdik bilirsənmi? Sənə qovuşmaq üçün qırdığımız ip dərdimizə dərman oldu, qayıdışın kədəri közə dönmüş gözlərə işıq gətirdi.
2020-ci il 8 noyabr tarixi Zəfər günü kimi tariximizə qızıl hərflərlə yazıldı. Ali Baş Komandan Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin abidəsinin önündə atasının ona olan etimadını doğrultduğunu və onun vəsiyyətini yerinə yetirdiyinin hesabatını verdi. Necə ki,Ulu Öndər Heydər Əliyev demişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə ümidlər bəsləyirəm”. 
Şuşa qələbəsi Zəfər Günü kimi yaddaşlarımıza hakim kəsildi. Bəli, məhz bugünki tarix sızlayan yaramıza məlhəm oldu. Mərd, igid oğullarımız sayəsində azadlığına qovuşdun. 30 illik Vətən, torpaq həsrəti və düşmənə olan nifrət hissi Azəraycan əsgərini döyüşlərdə daha da ruhlandırdı. Artıq 4 ildir ki, Qarabağ torpağı doğmalarının gəlişinə bayram edir, onların ayaq səslərinə səs verir. Şuşam, biz evimizə, bizim olana qayıtmışıq, xoş ətirli torpağımıza sarılmışıq. Darıxmışdıq min bir dərdə dərman olan havanı ciyərlərimizə çəkmək üçün... Darıxmışdıq qürbətdə olan Xarı bülbülün xoş ətrini almaq üçün... Darıxmışdıq Cıdır düzünün doğmalarına ev sahibliyi etməsindən ötrü...
Əziz Şuşam bilirsənmi, sevinən təkcə bizlər deyildik. Sevinirdi Bülbülün, Üzeyirin, Natəvanın ruhu, sevinirdi Vaqifin nakam ruhu. O müqəddəs ruh ki, 30 il məqbərəyə hər baxdığında dağıdıldığını, doğmalarından ayrı düşdüyünü görürdü. Və sənə yenidən qovuşacağımıza, Şuşa Məscidində yenidən ibadət edəcəyimizə, Xan qızı bulağından su içəcəyimizə inanırdıq.
Sən təkcə şuşalılar üçün yox, ümumən Vətənini sevən hər bir vətəndaş üçün əzizsən. Xalqımızın ümummilli lideri Heydər Əliyevin sözləri ilə desək “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün,Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.
Torpağına ayaq qoyduğum ilk anda qeyri adi hisslər hakim kəsilir insana, ruhun yenidən doğulur sanki... Əziz Şuşam səni görüb qəhərlənməmək mümkünsüzdür.Bilirsənmi niyə? İllərlə gözünün önündəki işıqlı minarələrdən azan oxunmadı. 2020-ci ildən sonra isə oxunan azanı yaxın yaşayış məntəqələrində qanunsuz məskunlaşan ermənilər eşitdi. Sonda isə haqq-ədalət öz yerini tapdı. Məhz bu azanın sədaları Xankəndidə, Xocalıda, Əsgaranda, Xocavənddə əsl sahiblərinin qulağına çatıb imanını cilalandırdı. Qürubun bütün üfüqlərinin yaratdığı qırmızımtıl işıq cəbhəsi dağların zirvəsindən sənə xoşbəxt nəzərlərlə boylanır. Sanki bütün batan günəş Əziz Şuşam səni azad etmək əmri verən komandana və onun igid əsgərinə minnətdarlıq ehtiva edir...
Cənnət məkanım,dogma Şuşam bilirsənmi, 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edildin. Sənin qoynunda keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı da islam dünyası ölkələri arasında mədəni əlaqələrin inkişafına töhfə verib.
Əziz Şuşam sən həm də Azərbaycanın qədim tarixə malik olan şəhər mədəniyyətinin nadir və təkrarsız incilərindən birisən. Qarabağın baş tacı sənin tarixi görkəminin yenidən qaytarılması, dolğun mədəni həyatına qovuşmağın qürurumuzu sonsuz etdi.Müharibədən cəmi 4 il ötməsinə baxmayaraq, tam müasir və abad görkəm alıbsan. Burada eyni zamanda milli ənənələrimiz də bərpa olunub. Xarıbülbül festivalı, Vaqif poeziya günləri, ziyallarımızın ev muzeylərinin, dini-mədəni abidələrin bərpası tarixi və milli simanı özünə qaytarıb.
Doğma torpaq sənin azadlığın azad hərbi-strateji uğur olmaqla yanaşı, həm də xalqımızın, dövlətimizin mənəvi qələbəsidir.
Bir sözlə, Əziz Şuşam sən bizim BAŞ TACIMIZSAN. Qələbəni nə zaman xatırlasaq Cənnətməkanım, gözlərimizin önündə dayanırsan. Sən bizim Zəfərimizin ünvanısan.
 
 
Gülər Baxışova
Pedaqogika üzrə fəlsəfə doktoru

Şərhlər

XƏBƏR LENTİ