XX əsrin 80-ci illərinin sonları 90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Ermənistan torpaqlarımızın 20%-ni işğal etmiş, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdür.
Ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanda deyildiyi kimi, 1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Soyqırım Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi.
Ümummilli Lider Heydər Əliyev 15 iyun 1993-cü ildə hakimiyyətə qayıdışından sonra bütün fəaliyyəti boyu qondarma Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə, beynəlxalq hüquq normalarına uyğun ədalətli həllinə çalışmışdır.
Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi nəticəsində BMT Baş Məclisinin 6 sentyabr 2006-cı il tarixli “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnaməsində Azərbaycanın işğal edilmiş ərazilərində baş verən yanğınlardan və onun vurduğu böyük ekoloji ziyandan ciddi narhatlığı vurğulanmışdır.
Dövlət başçısı İlham Əliyev çıxışlarında dəfələrlə bəyan etmişdir ki, Qarabağ münaqişəsi yalnız Azərbaycan ərazilərinin bütövlüyü çərçivəsində həll edilə bilər. Prezident Milli Məclisin 2006-cı il payız sessiyasının açılışındakı çıxışında bildirmişdir ki, “Azərbaycanın hərbi büdcəsi Ermənistanın bütün büdcəsinə bərabər olmalıdır və yəqin ki, gələn il biz buna nail olacağıq. Bütün beynəlxalq normalara məhəl qoymayan Ermənistan, əfsuslar olsun ki, beynəlxalq təşkilatlar tərəfindən qınaq obyektinə çevrilmir. Azərbaycan artıq o ölkədir ki, öz torpağının işğalına dözməyəcəkdir. Azərbaycan artıq o ölkədir ki, öz iqtisadi, siyasi, hərbi potensialından istifadə edib, istədiyinə nail olcaqdır. Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaranmasına biz heç vaxt icazə verməyəcəyik”.
Umummilli Liderimiz Heydər Əliyev demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə ümidlər bəsləyirəm”.
Sentyabrın 27-si başlayan və 44 gün davam edən müharibə Azərbaycanın Qələbəsi, Ermənistanın kapitulyasiyası ilə nəticələndi. 10 noyabr tarixli Bəyanatın imzalanması Ermənistanın hərbi kapitulyasiyası deməkdir. Bəyanat uzun illər davam edən işğala son qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı.
Üçtərəfli bəyanat Azərbaycanın Qələbəsidir, torpaqlarımızın qayıtmasıdır, bayrağımızın ucaldılmasıdır.
Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir.
44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərdir - Qələbədir!!
Hamımız böyük fəxr və qürur hissi keçiririk ki, işğal altında olan torpaqlarımız Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz tərəfindən azad edilmişdir.
Aynur Xəlilova - politoloq