SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Qələbənin əldə olunmasında Azərbaycanın töhfəsi

Qələbənin əldə olunmasında Azərbaycanın töhfəsi

Tarix:

7-05-2024, 11:46

/ 259 dəfə oxundu.
Qələbənin əldə olunmasında Azərbaycanın töhfəsi

 
XX əsrdə bəşəriyyət iki dünya müharibəsi ilə üzləşdi. İkinci Dünya müharibəsi əhatə dairəsinə, iştirakçı dövlətlərin sayına və müharibənin aparılması metodlarına və vasitələrinə görə birincidən qat-qat dəhşətli idi. İkinci Dünya müharibəsinin tarix ədəbiyyatında çox vaxt "Vətən müharibəsi" adlanan 1941-1945-ci illər dövründə Azərbaycan xalqı istər cəbhədə, istərsə də arxada misilsiz döyüş və əmək rəşadətləri göstərmişdi. Qısa müddət ərzində Respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə batalyonları təşkil olunmuşdu. 600 mindən çox azərbaycanlı cəbhəyə səfərbər olunmuşdu. 
Azərbaycanlılardan ibarət 416-cı, 271-ci, 77-ci, və 223-cü Milli diviziyalar təşkil edilmişdi. Bu diviziyalar Qafqaz dağlarından Berlinədək şanlı bir döyüş yolu keçmişdilər.   100-dən çox azərbaycanlı ən yüksək hərbi ada - Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. 30 nəfər Şərəf ordeni, 170 min nəfər isə müxtəlif orden və medallarla təltif olunmuşdu. Sovet İttifaqı Qəhrəmanı adına ilk dəfə İsrafil Məmmədov layiq görülmüşdü. Bu ada iki dəfə layiq görülmüş hərbçimiz isə Həzi Aslanov olmuşdur. Sovet İttifaqı Qəhrəmanları Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və başqaları öz qəhrəmanlıqları ilə xalqımızın hərb tarixinə yeni şərəfli sətirlər yazdılar.
Respublika iqtisadiyyatının hərbi relslər üzərinə keçirilməsi sahəsində böyük işlər görüldü. Yüngül və yeyinti sənaye sahələri hərbiləşdirildi. Az vaxt ərzində Bakı şəhəri döyüşən ordunun cəbbəxanasına çevrildi. Böyük çətinliklərə baxmayaraq neftçilərimiz döyüşən ordunu yanacaqla təmin edirdilər. Azərbaycan alimi Yusif Məmmədəliyevin başçılıq etdiyi alimlər qrupu yüksək oktanlı təyyarə benzininin alınması üsulunu kəşf etdilər. 1941-ci ildə Azərbaycanın neft tarixində rekord miqdarda - 23,5 milyon ton neft istehsal olundu. Bu SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edirdi. Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları vermişdilər. Sovet ordusunun təyyarə və tankları demək olar ki, Bakı nefti ilə işləyirdi. Azərbaycanın digər sərvətləri də cəbhə üçün sərf olunurdu. Qadınlar döyüşçülər üçün yundan corab, əlcək, köynək toxuyur, bəzək əşyalarını müdafiə fonduna verirdilər. Kolxozçular ordunu ərzaqla təchiz edirdilər. Taxıl, ət, süd, yağ son damlasınadək cəbhənin ehtiyaclarına yönəlmişdi.
Müharibə bəşəriyyətə çox böyük itkilər bahasına başa gəldi. Təqribən 50 milyon adam həlak olmuşdu. Milyonlarla insan yaralanmış, şikəst olmuş, itkin düşmüş, əsir düşərgələrində işgəncə və zülmlərə məruz qalmışdır. Minlərlə şəhər, kənd, qəsəbə xarabazarlığa çevrilmişdir. Bir daha belə dəhşətli müharibəyə yol verməmək üçün bütün dünya öz qüvvələrini səfərbər etmişdir. Ona görə də Almaniyanın təslim olması günü - 9 May bütün bəşəriyyət tərəfindən faşizm üzərində Qələbə Günü kimi qeyd olunur.
 
Aysel Mənsimova - politoloq
 

Şərhlər

XƏBƏR LENTİ