SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Yüksək səs-küy, musiqi, vibrasiya: yaşayış binalarında narazılıq yaradan obyektlərlə necə mübarizə aparılmalıdır? - ARAŞDIRMA

Yüksək səs-küy, musiqi, vibrasiya: yaşayış binalarında narazılıq yaradan obyektlərlə necə mübarizə aparılmalıdır? - ARAŞDIRMA

Tarix:

24-04-2024, 13:59

/ 350 dəfə oxundu.
Yüksək səs-küy, musiqi, vibrasiya: yaşayış binalarında narazılıq yaradan obyektlərlə necə mübarizə aparılmalıdır? - ARAŞDIRMA

Bakı şəhərinin Nizami rayonu, M.Şərifli 84B ünvanında yerləşən yaşayış binasının alt qatında fəaliyyət göstərən ictimai iaşə obyektində (pub) günün müxtəlif saatlarında başlayan və gecə saatlarına qədər davam edən yüksək səsli musiqi həmin ünvanda yaşayan sakinləri ciddi şəkildə narahat edir.
Şikayət məktubunda qeyd edilir ki, obyektdən gələn musiqi səsi binada yerləşən mənzillərin içərisində aydın eşidilir.
"Bu da bina sakinlərinin narazılığına səbəb olur. Qeyd olunan məsələ ilə əlaqədar obyektdə fəaliyyət göstərən sahibkara müraciət edilsə də, problem öz həllini tapmayıb", - müraciətdə vurğulanıb.
Ümumiyyətlə, paytaxt Bakıda çoxmərtəbəli binaların zirzəmilərində, 1-ci və 2-ci mərtəbələrində səs-küy yaradan ictimai iaşə obyektləri ilə bağlı tez-tez vətəndaş narazılıqlarına rast gəlinir. Bu isə vətəndaşların istirahət hüquqlarının pozulması deməkdir. Bəs belə hallarda vətəndaşlar nə etməlidirlər?


Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev “Report”a açıqlamasında bildirib ki, ictimai və yaşayış binalarında, yaşayış tikililəri ərazisi, eləcə də insanların cəmləşdiyi digər yerlərdə səs-küyün yolverilən səviyyələri və vibrasiyaya olan tələbləri Azərbaycan Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları” ilə müəyyən edilir:
"Sənədə əsasən, nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları disabellərlə (dB) ölçülür. Kafe, restoran və yeməkxanaların zalları üçün bu norma 65 dB müəyyən edilib. Bu normaların pozulmasına nəzarət edən qurum Ekologiya və Təbii Sərvətlər Nazirliyidir. Qurumun keçirdiyi reyd və ya daxil olan şikayət əsasında aparılan araşdırma zamanı səs-küyün müəyyən edilmiş normadan artıq olması müəyyən edilərsə, o halda inzibati protokol tərtib edilir".
O qeyd edib ki, inzibati Xətalar Məcəlləsinin (İXM) 275.2-ci maddəsinə əsasən, ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğlərdə cərimə edilir.
Hüquqşünas, həmçinin vurğulayıb ki, məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması da inzibati məsuliyyət yaradır: "İXM-nin 521-ci maddəsinə əsasən, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə saat 00:00-dan səhər saat 7:00-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir".
 

Məsələ ilə bağlı sosioloq Nail Cəlil “Report”a bildirib ki, səs-küylü obyektlərə münasibətdə sərt və ciddi yanaşma olmalıdır: "İstənilən halda belə obyektlər həmin binalarda yaşayan sakinlər üçün narahatlıq yaradır. Qarşısını almaq üçün həm hüquqi, həm də inzibati tədbirlərin görülməsi vacibdir. Müvafiq dövlət qurumlarının və müəyyən ictimai birliklərin bu istiqamətdə təşəbbüsləri arzuediləndir. Sakinlərin özləri də bu kimi halların qarşısını almaq üçün birgə təşəbbüs göstərməlidir. Bu, doğru və məqsədəuyğun olacaq”.
Sosioloq əlavə edib ki, təkcə vətəndaşların narazılıqları yox, sahibkarlar özləri də bu məsuliyyəti dərk etməlidirlər: "Onlar müəyyən daxili qaydalarla səs-küyü azaltmağa çalışmalıdırlar. Məsələn, səsi məhdudlaşdıran yan divarların qurulması və digər səsi məhdudlaşdıran vasitələrdən istifadə ilə bunu etmək olar. Həmçinin, belə səs-küylü yerlərdə davranış meyarlarını da tənzimləmək lazımdır. Dövlətin sosial müdaxiləsi, ictimai fəallıq, vətəndaş mövqeyi bu məsələdə təşəbbüs göstərsə, problem həllini tapa bilər”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən “Report”a verilən məlumata görə “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın icrasının təmin edilməsi barədə Azərbaycan Prezidentinin Fərmanına əsasən, kafe, restoran, yeməkxanaların zallarında ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və nüfuzedici səs-küyün yolverilən səviyyəsinə nəzarəti saat 06:00-dan 23:00-dək Ekologiya və Təbii Sərvətlər Nazirliyi, saat 23:00-dan 06:00-dək isə Daxili İşlər Nazirliyi (DİN) həyata keçirir.
Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) də “Report”a bildirilib ki, bu kimi problemlərlə əlaqədar vətəndaşın şikayəti əsasında polis araşdırma aparmalıdır.
 

DİN əməkdaşı leytenant Lumu İsrəfilli "Report"un sorğusuna cavab olaraq qeyd edib ki, polis zaman-zaman bu istiqamətdə daxil olmuş müraciətlər əsasında müvafiq mübarizə tədbirləri həyata keçirir.
“Mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində, avtomobillərdə və digər ictimai yerlərdə gecə saat 00.00-dan səhər 7:00-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan ifa etməyə, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslərə yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslərə iki min manatdan iki min beş yüz manatadək məbləğdə inzibati tənbeh tədbiri tətbiq edilə bilər”, - deyə məlumatda vurğulanıb.
Sonda onu da qeyd edək ki, yuxarıda bəhs olunan obyektin sosial şəbəkə hesablarında qeyd edilən nömrəsi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərə cavab ala bilmədik. Bununla belə, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirildi ki, sözügedən ünvanda yaranan səs-küylə bağlı monitorinq və ölçmə işləri aparılacaq. Ölçmənin nəticələrinə əsasən səs-küyün miqdarı normadan artıq olarsa, qanunamüvafiq tədbir görüləcək.(“Report”)

Şərhlər

XƏBƏR LENTİ