SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Verilən bütün vədlər hər zaman yerinə yetirilir

Verilən bütün vədlər hər zaman yerinə yetirilir

Tarix:

17-04-2024, 13:32

/ 276 dəfə oxundu.
Verilən bütün vədlər hər zaman yerinə yetirilir

 
Prezident İlham Əliyev Dövlət proqramlarından irəli gələn vəzifələrin uğurlu icrası ilə yaxından tanış olmaq məqsədilə  müntəzəm olaraq regionlara səfər edir,  tapşırıq və göstərişlərini verir.  Bütün bölgələrdə quruculuq-abadlıq işləri daha geniş vüsət alıb. Görülən və görüləcək işlərin fonunda bir daha bu reallıq öz təsdiqini tapır ki, ölkənin davamlı inkişafında iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması əsasdır. Bölgələrin inkişafını qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin yaradılması kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq üçün infrastrukturun yenilənməsini, beynəlxalq standartlara uyğunlaşdırılmasını vacib amil kimi diqqətə çatdırır.  
Dövlət başçısı İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlinin qoyulması mərasimindəki çıxışında «Azərbaycan xalqı da tam əmindir ki, dediyimiz bütün sözlər, verdiyimiz bütün vədlər hər zaman yerinə yetirilir və bu gün dediyim, bu layihələrin icrası da tam təmin ediləcək» söyləyərək belə bir əminliyi də ifadə etmişdir ki, biz üç ildən sonra - uzaqbaşı 2027-ci ilin sonuna qədər Şirvan kanalının da açılışını qeyd edəcəyik.
Ölkə Prezidenti Şirvan suvarma kanalının təməlinin qoyulması mərasimindəki çıxışında bu məqamı xüsusi qeyd etdi ki, bir neçə gün bundan əvvəl Şirvan suvarma kanalının yenidən qurulması haqqında Sərəncam imzalandı. Bu gün isə kanalın təməli qoyulur. Bu, çox əlamətdar hadisədir: «Son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında bu layihənin xüsusi əhəmiyyəti vardır. Çünki Yuxarı Şirvan suvarma kanalı uzun illərdir fəaliyyət göstərir. Kanal torpaq məcralıdır və illər keçdikcə kanalın böyük hissəsi sıradan çıxmışdır. Təbii olaraq bu da itkilərə səbəb olub, su itkiləri kifayət qədər çoxdur. İtkilərə və su sızmalarına görə ətraf torpaq sahələri şoranlaşmış, əkin üçün yararsız vəziyyətə düşmüşdür. Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir və bu gün kanalın, - artıq bu kanal Şirvan kanalı adlandırılır, - yeni mərhələsi başlayır. Faktiki olaraq kanal yenidən inşa ediləcək və beləliklə, minlərlə insan bu layihədən faydalanacaq. 120 kilometrlik kanalın uzunluğu təxminən iki dəfə artırılacaq və 200 kilometrdən çox olacaq.»
Dövlət başçısı İlham Əliyevin 8 aprel tarixində imzaladığı “Şirvan suvarma kanalının yenidən qurulması haqqında” Sərəncamında  qeyd edildiyi kimi, son dövrdə qlobal iqlim dəyişmələri və ölkədə suya tələbatın artması şəraitində su ehtiyatlarından səmərəli istifadə sahəsində davamlı tədbirlər görülmüş, xüsusilə su nəqledici kanalların suvarma qabiliyyətinin artırılması, su anbarlarının istismar şəraitinin yaxşılaşdırılması, bir sıra ərazilərdə torpaqların yeni meliorativ sistemlərlə təchiz edilməsi, qənaətcil və mütərəqqi suvarma üsullarından istifadə dəstəklənmişdir. Uzun illər ərzində bu istiqamətdə görülən işlər, o cümlədən iri su anbarlarının, hidroqovşaqların, suvarma və kollektor-drenaj sistemlərinin, nasos stansiyalarının və digər infrastrukturların qurulub istifadəyə verilməsi ölkədə su təminatının yaxşılaşdırılmasına, su itkilərinin qarşısının alınmasına, habelə aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə vermişdir. Ölkənin ikinci ən böyük kanalı olan torpaq məcralı Yuxarı Şirvan suvarma kanalı Şirvan düzündə yerləşən 8 rayonun 112 min hektardan artıq əkin sahəsini suvarma suyu ilə və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir. Fasiləsiz istismar olunduğu 65 ildən çox müddət ərzində sözügedən kanalın cari və əsaslı təmirinə baxmayaraq, onun torpaq məcrasında baş verən dəyişikliklər, eləcə də qurğuların öz funksiyasını itirməsi su itkisinin artmasına səbəb olmuşdur. Bununla əlaqədar kanalın yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədləri hazırlanmışdır. Sənəddə o da qeyd edilir ki,  Yuxarı Şirvan suvarma kanalının infrastrukturunun bərpası, habelə mövcud təsərrüfatların su təminatı məsələlərinin vaxtında və effektiv şəkildə həllinin dəstəklənməsi, su ehtiyatlarından daha səmərəli istifadə olunması, magistral kanalın suburaxma qabiliyyətinin artırılması məqsədilə Yuxarı Şirvan suvarma kanalı yenidən qurulsun və Şirvan suvarma kanalı adlandırılsın.
Dövlət başçısı İlham Əliyev Şirvan suvarma kanalının təməlqoyma mərasimində bu layihənin timsalında qeyd etdi ki, Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır. Son illər ərzində əsas infrastruktur layihələri icra edildi. Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırdı. Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su layihələri, o cümlədən suvarma ilə bağlı olan layihələr artıq öz səmərəsini verir. Əvvəlki illərdə bu sahəyə aid bir çox böyük layihələr icra edilib. İlk növbədə, Taxtakörpü-Ceyranbatan suvarma kanalı qeyd edilir. Taxtakörpü su anbarının tikintisi də xüsusi əhəmiyyətə malik olan layihədir.  Şəmkirçay su anbarı da çox böyük infrastruktur layihəsi idi. Beləliklə, həm şimal, həm qərb bölgələrində əkin üçün yararlı olan torpaqların həcmi və sahəsi böyük dərəcədə artırılmışdır.
 
Metin Hüseynov  -  siyasi sərhçi, politoloq
 

Şərhlər

XƏBƏR LENTİ