SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Zirvə görüşü SPECA-ya üzv dövlətlərinin əlaqələrinə yeni təkan verəcək

Zirvə görüşü SPECA-ya üzv dövlətlərinin əlaqələrinə yeni təkan verəcək

Tarix:

28-11-2023, 09:55

/ 310 dəfə oxundu.
Zirvə görüşü SPECA-ya üzv dövlətlərinin əlaqələrinə yeni təkan verəcək

1998-ci ilin noyabr ayında BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqram olan SPECA Proqramı təşkil olunmuşdur. 

25 il ərzində SPECA-ya üzv dövlətlər arasında hərtərəfli əlaqələr uğurla inkişaf edib. Bu 25 ildə ilk dəfə SPECA-ya üzv dövlətlərin Zirvə görüşü keçirilir. Onu da qeyd edək ki, hazırda SPECA-ya Azərbaycan sədrlik edir və Zirvə görüşü də Bakıda Azərbaycanın təşəbbüsü ilə keçirilir. Bu təşəbbüsün həyata keçməsinə isə əsasən Mərkəzi Asiya ölkələrinin rəhbərləri dəstək veriblər. Bir sıra türkdilli ölkələr – Azərbaycan, Türkmənistan, Özbəkistan, Tacikistan, Qazaxıstan və s. bu gün çoxtərəfli formatda uğurla əməkdaşlıq edirlər.

Azərbaycan Prezidentinin dəvəti ilə Zirvə görüşündə fəxri qonaq qismində SPECA-ya üzv olmayan ölkələrdən Gürcüstan və Macarıstanın Baş nazirləri və Körfəz Əməkdaşlıq Şurasının Baş katibi də iştirak edirdilər. 

Bu günlərdə BMT Baş Assambleyası SPECA-nın 25 illiyi ilə əlaqədar qətnamə qəbul edib. BMT-nin himayəsi altında SPECA Etimad Fondu təsis edilib. Azərbaycan da Etimad Fonduna 3.5 milyon  ABŞ dolları ayıracaq.

Azərbaycan Respublikasının Prezidenti Zirvə görüşündə çıxış edərək demişdir:“ Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır. Azərbaycan və Mərkəzi Asiya strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiyasi məkandır. Sentyabr ayında mən Düşənbədə keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının Zirvə görüşünə ilk dəfə fəxri qonaq kimi dəvət olunmuşam. Hazırkı Zirvə görüşünü Düşənbə görüşünün məntiqi davamı kimi qiymətləndirirəm.

Azərbaycanın güclü iqtisadiyyatı müstəqil xarici siyasət kursu həyata keçirməyə imkan yaradır. Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə artıb. Büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artmışdır”.

Son 20 ildə  Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulduğunu və bunun da 200 milyard dollarının qeyri enerji-neft sektorunun payına düşdüyünü deyən İlham Əliyev son illərdə Azərbaycanın özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyduğundan, Avrasiyanın Şərq-Qərb  və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərinin birinə çevrildiyini vurğulayıb. 

Azərbaycan demək olar ki, öz müstəqilliyini qazandığı günlərdən ermənilər torpaqlarımıza təcavüz ediblər. Ərazilərimizin təxminən 20 faizini işğal edərək, yerli azərbaycanlıları öz ata-baba torpaqlarından qovublar. Nəticədə bir milyondan artıq azərbaycanlı qaçqın kimi Azərbaycanın 50-dən artıq rayonunda məskunlaşaraq illərlə ağır şəraitdə yaşayıblar.

Ermənistanla 30 il davam edən danışıqlar heç bir nəticə verməyib. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə elə kağız üzərində qalıb. Ermənistan işğal etdiyi torpaqları tamamilə mənimsəmək, hətta yeni ərazilər işğal etmək niyyətində olub. Belə ki, Ermənistan ordusu durmadan təmas nöqtələrimizi atəşə tutaraq, əsgərlərimizi eləcə də yaxın ərazilərdə yaşayan dinc əhalini qətlə yetirirdi. Azərbaycanın iqtisadiyyatına zərər vururdu. Odur ki, Azərbaycan Ordusu, Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında sıx birləşərək Ermənistana öz gücünü göstərdi. Ermənilərin özləri, orduları haqqında 30 il ərzində  yaratdıqları mifi  cəmi bir neçə günə darmadağın etdi. Erməni hərbçiləri silahı ataraq geri qaçmağa məcbur oldular. Hələ də Şuşa döyüşündə onları bürüyən vahiməni həyəcanla danışırlar. 

Azərbaycan Ordusu, Azərbaycanın vətənpərvər, igid  övladları Ali Baş Komandanımız, böyük siyasətçi, yenilməz sərkərdə İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün ərzində öz tarixi torpaqlarımızı işğaldan azad edərək geri qaytardılar. Ermənistan məcbur olub  kapitulyasiya aktına imza atdı. Lakin Ermənistan yenə də öz öhdəliklərini yerinə yetirmədi. Kapitulyasiya aktına görə sülh yolu  ilə boşaltmalı olduqları digər ərazilərimizdən özünün 15 minə yaxın hərbçisini  geri çağırmırdı. Onlar bu ərazilərdə təxribatlar törədirdilər. Bu təxribatlar nəticəsində isə hərbçilərimiz həlak olurdular. Basdırdıqları on minlərlə minalara düşən yüzlərlə insan həyatını yaxud da sağlamlığını itirmişdi. Dəfələrlə tələb olunduğuna baxmayaraq indiyə qədər də başdırdıqları minaların  xəritəsini qarşı tərəfə təqdim etməyiblər. 

Azərbaycan 3 ilə yaxın Ermənistanın bütün bu təxribatlara son qoyacağını, sülh yolu ilə digər ərazilərimizi də boşaldacağını gözlədi. Lakin təxribatlar dayanmırdı. Nəhayət Azərbaycan 2023-cü ilin sentyabr ayının 20-21-də Qarabağda antiterror tədbirləri keçirdi. Cəmi 23 saat ərzində bütün ərazilərimiz erməni təcavüzkarlarından təmizləndi. Azərbaycan Respublikası bütün ərazilərimiz üzərində suverenliyini bərpa etdi.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Zirvə görüşündə artıq Azərbaycanın öz ərazisində separatizmə son qoyduğunu və işğaldan azad olunmuş ərazilərimizdə gedən genişmiqyaslı tikinti-quruculuq işlərindən danışaraq qeyd etdi ki: “Biz sıfırdan yeni şəhərlər və kəndlər inşa edirik. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq. 

Bu ilin avqust ayında Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin açılışı oldu. Qazaxıstanın hədiyyəsi - Kurmanqazı adına yaradıcılıq mərkəzi hazırda Füzulidə inşa edilir və gələn il açılacaq. Bu qardaşlıq dəstəyinə görə Şavkat Miromonoviç Mirziyoyevə və Kasım-Jomart Kemeleviç Tokayevə bir daha təşəkkürümü bildirirəm”.

Sonda cənab Prezident Zirvə görüşünün əlaqələrimizə yeni təkan verəcəyinə əminliyini bildirdi.

Şəhla Ağbulud
“Abşeron” qəzetinin baş redaktoru

Şərhlər

XƏBƏR LENTİ