SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "VİP STYLE" MMC- də həkim həkimin üzünü yandırdı-ŞİKAYƏT

"VİP STYLE" MMC- də həkim həkimin üzünü yandırdı-ŞİKAYƏT

Tarix:

3-07-2017, 16:01

/ 54 639 dəfə oxundu.
"VİP STYLE" MMC- də həkim həkimin üzünü yandırdı-ŞİKAYƏT

Xanımlara kosmetik məhsullar satan müəssisə ilə bağlı şok iddia

Son zamanlar ölkədə fırıldaqçılıqla məşğul olan firmaların sayının artması müşahidə olunur. İşə düzəltmə, tibbi müayinə, kosmetik məhsulların satışı, masaj kimi adlarla icazəsiz evlərə daxil olan belə "şirkətlər" əhalini aldatmaqla məşğuldur. Belə firmaların qurbanlarından biri Bakı şəhər sakini Əliyeva Səidə redaksiyamıza müraciət edərək bildirib ki, "VİP STYLE" MMC-nin təklif etdiyi kosmetik vasitələrdən maddi və mənəvi zərər çəkib: "Bir gün telefonuma zəng edərək bildirdilər ki, "VİP STYLE" MMC-dən narahat edirlər və guya mənim telefon nömrəm kupona düşüb, ona görə də məni pulsuz müayinə üçün klinikaya dəvət edirlər. Üstəlik bildirdilər ki, ilk prosedur pulsuzdur, istəsəniz yoxlaya bilərsiniz. Kimin zəng etdiyini, telefon nömrəmi haradan əldə etmələri barədə uzun-uzadı sorğudan sonra bildirdilər ki, mənim telefon nömrəmi Ülviyyə adlı bir xanımdan əldə ediblər. Mən fikirləşmək üçün on dəqiqə vaxt istədim və dərhal Ülviyyə xanımın kim olmasını araşdırmağa başladım. Məlum oldu ki, mənim belə bir tanışım var. Onunla əlaqə saxladım və bildirdi ki, ona da zəng edib klinikaya dəvət ediblər, o, razılaşmadıqda xahiş ediblər ki, heç olmasa 10-15 tanışının telefon nömrəsini versin. Bildiriblər ki, bu nömrələri ona görə istəyirlər ki, onlarda olduqca keyfiyyətli kosmetik vasitələr var və həmin kosmerikaları xanımlara təklif etmək istəyirlər. Ona görə, də mənim telefon nömrəmi verib. Bundan sonra qərara gəldim ki, heç olmasa üzümün dərisini müayinə etdirə bilərəm".
S.Əliyeva bildirib ki, 2017-ci ilin fevral ayında ilk dəfə olaraq iş yoldaşı ilə birgə adıçəkilən klinikaya gedib: "Bizi olduqca yüksək səviyyədə qarşıladılar, çaya, qəhvəyə dəvət etdilər, işçi xanımlar olduqca işgüzar görünürdü. Müştərilər də kifayət qədər. Məni ilk proseduraya dəvət etdilər, dərhal bildirdilər ki, üzümün dərisində problem var, dərhal müayinədən keçməli, lazımi analizləri verməliyəm. Sonra həkim müayinə edərək bildirdi ki, narahat olmayın, üzünüzün dərisindəki bütün problemlər aradan qaldırılacaq, bütün lazımi prosedurlar həyata keçiriləcək və "biz sizi kukla kimi bir xanım edəcəyik". Razılaşdıqdan sonra mənimlə 850 manatlıq müqavilə bağladılar, mən də deyilən məbləği dərhal ödədim. Mənə müalicə metodu, qəbul günləri təyin etdilər. Beləliklə beş gündən bir klinikaya gedərək prosedurları qəbul edirdim. Lakin, ilk həftənin tamamında üzümdə qızartı və gicişmə əmələ gəldi. Bununla bağlı həkimə məlumat verəndə dedi ki, günəşə qarşı kremdən istifadə et, dərmanı da özü məsləhət gördü. Həmin bahalı dərmanı da alıb istifadə etməyə başladım. Ancaq heç bir nəticəsi olmadı, əksinə sifətim qaralmağa başladı. Klinikaya gedəndə məni müalicə edən həkimi tapa bilmədim. Çünki həkimləri tez-tez dəyişdiridilər. Mən buna etiraz edərək tələb etdim ki, mənim müalicəmi bir həkim davam etdirsin və yaranan problemlə bağlı onunla məsləhətləşə bilim. Üstəlik, bir həkim artıq üzümdəki problemdən xəbərdardır və müəyyən müddət müalicə aparıb. Yalnız bundan sonra mənə Fidan adlı bir həkim təyin olundu. Dərhal da mənə təklif edildi ki, üzümdəki qaralma və qaşınmanı aradan qaldırmaq üçün onların 2 min manat dəyərində olan kosmetikalarını almalıyam. Məni əmin etdilər ki, həmin kosmetik vasitələr üzümdəki bütün problemləri aradan götürəcək. Guya bütün lazımi proseduralar aparılıb, artıq üzümün dərisi kösmetik vasitələrdən istifadəyə hazırdır. Onlara izah etdim ki, mənim dərim həssasdır, kosmetik vasitələrdən, özü də tez-tez istifadə zamanı problem yarana bilər. Ancaq heç bir müayinə aparmadan əmin etdilər ki, təklif edilən kosmetik vasitələr üzümün dərisinin sağalmasına kömək edəcək. Mən də razılaşıb təklif olunan kosmetik vasitələri aldım. Bir müddətdən sonra gördüm ki, sifətimdə əməlli-başlı qaralma baş verib. Yenidən həkimə müraciət edəndə resepti dəyişib yeni dərmanlar yazdılar. Üstəlik bir aparat da verdilər ki, evdə özüm proseduru davam etdirim. Qısası, mənə təklif olunan bütün dərmanlardan və prosedurlardan istifadə etdim. Lakin üzümün dərisi sağalmaq əvəzinə daha da qaralmağa başladı". S.Əliyeva deyir ki, artıq klinikanın müalicəsinə inamı qalmamışdı. Elə bu səbəbdən də müalicədən imtina etmək qərarına gəlib: "Artıq onlara inamım qalmamışdı. Nə baş verdiyinin araşdırılması məqsədilə klinikaya gedəndə Samirə adlı bir həkim sifətimə baxıb dedi ki, siz sifətinizi gündə yandırmısınız, bizim burada nə günahımız var. Guya mən çimərliyə gedib sifətimi yandırmışam. Deyirəm ki, ay xanım, indi çimərlik vaxtı deyil, havalar sərin keçir, mən necə üzümün dərisini günəşdə yandıra bilərəm? Qəbul etmək istəmirlər ki, üzümün dərisini onların baha qiymətə satdıqları kimyəvi dərmanlar yandırıb. Mənə dedirlər ki, siz köksünüz, sizdə yüz faiz təzyiq var, ola bilər ki, qara ciyərinizdə də problem olsun, şəkəriniz ola bilər. Həmin səbəblərdən üzünüzdə problem yarana bilər. Mən isə irad bildirdim ki, siz ilk müraciət edəndə sadalanan xəstəliklərin olub-olmamasını, baha qiymətə satdığınız dərmanların belə xəstələrə necə təsir edəcəyini müştəriyə bildirməli idiniz. Halbuki məndə sadalanan xəstəliklərin heç biri yoxdur. Əgər doğrudan da yaranan problem sadalanan xəstəliklərlə bağlıdırsa, nədən ancaq üzümün krem çəkilən hissəsi qaralıb? Bundan sonra mənə soyuq prosedura təyin etdilər. Artıq 500 manatlıq müalicəyə başladım. Müxtəlif kosmetik vasitələrdən istifadə etdirdilər. Yenə xeyri olmadıqda təklif etdilər ki, bütün kosmetik prosedurları dayandırıb, yalnız buzlu su ilə limon suyunun qarışığından istifadə edim. Əgər üzümün dərisinin müalicəsi üçün buzlu su ilə limon suyu lazım idisə, nədən mənə 500 manatlıq dərman satırdılar?"
Bunun da xeyri olmadığını gördükdə S.Əliyeva başqa bir klinikada müayinədən keçmək qərarına gəlib: "Müayinənin nəticəsi olaraq məlum oldu ki, üzümün dərisini kosmetik vasitələr yandırıb. Klinikanın tibbi rəyi ilə "VİP STYLE" MMC-nin rəhbəri Aydın Cəfərova müraciət etdim. Məni dinlədikdən sonra öz həkim heyətləri ilə ayrıca məşvərət apardılar. Sonra mənə təklif etdilər ki, 2 min manat qaytarırlar və məsələ bitmiş hesab olunur. Hansı ki, mən onlara 3300 manat pul ödəmişəm. Təbii ki, onların təklifi ilə razılaşmayıb, ödədiyin pulları geri tələb etdim. Sonradan məsələnin sivil yolla həlli məqsədilə onların təklifi ilə razılaşdıqda bildirdilər ki, o pul da mənə çoxdur, mənə yalnız 1100 manat verə bilərlər". S.Əliyeva deyir ki, məsələnin məhkəmə müstəvisində həll edilməsi məqsədilə iddia ərizəsi hazırlayıb və yaxın günlərdə məhkəməyə müraciət edəcək. Klinikaya ödədiyi vəsaiti, üstəlik ona dəymiş mənəvi zərərə və müalicəyə görə əlavə vəsaitin ödənilməsini tələb edəcək.
Vətəndaşın müraciətini araşdırmaq məqsədilə "VİP STYLE" MMC ilə əlaqə saxladıq. Telefona cavab verən şəxs birmənalı şəkildə bildirdi ki, zəng etdiyimiz nömrə müəssisənin mühasibinə məxsusdur və otaqda olmadığı üçün o cavab verir. Nəhayət müəssisənin cavabdeh şəxsi Fatimə xanım İsayeva ilə əlaqə saxlaya bildik. Fatimə xanım isə məsələdən hali olduqdan sonra bildirdi ki, o, heç bir sualı cavablandırmayacaq. Çünki sualları yalnız MMC-nin hüquqşünası cavablandıra bilər. Hüquqşünasla isə əlaqə yaratmaq cəhdimiz baş tutmadı.

P.S. Bildirək ki, şikayətçi başqa bir xəstəxanada mühasib işləyir.

olaylar.az

Şərhlər

XƏBƏR LENTİ