SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » BAKIDAN RAYONLARA GEDƏN ƏKSƏR AVTOBUSUN YÜK YERİNDƏ PİVƏ ÇƏLLƏKLƏRİ DAŞINIR – BİABIRÇILIQ

BAKIDAN RAYONLARA GEDƏN ƏKSƏR AVTOBUSUN YÜK YERİNDƏ PİVƏ ÇƏLLƏKLƏRİ DAŞINIR – BİABIRÇILIQ

Tarix:

3-07-2017, 15:30

/ 54 455 dəfə oxundu.
BAKIDAN RAYONLARA GEDƏN ƏKSƏR AVTOBUSUN YÜK YERİNDƏ PİVƏ ÇƏLLƏKLƏRİ DAŞINIR – BİABIRÇILIQ

Fərhad Eyyubov: “Bu boşluqlardan isə sürücülər istifadə edir”
“Sərnişindaşıma qaydalarına görə, sərnişinlərə müəyyən qədər yük aparmağa icazə verilir”.
Bunu paytaxtdan rayonlara və rayonlardan paytaxta yola düşən sərnişindaşıma avtobuslarında baqaj üçün ayrıca ödəniş olunmasının qaydalarını izah edərkən Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov deyib.
O bildirib ki, baqaj və sərnişin yeri üçün müqavilə həm yazılı, həm şifahi ola bilər:
“Ümumiyyətlə, sərnişindaşımalarda əsasən şifahi müqavilə nəzərdə tutulur. Verilən biletlə isə təsdiqlənir ki, şifahi müqavilə bağlanıb. Baqaj məsələsinə gəldikdə isə bunda bir qədər boşluq var. Məsələn, təyyarələrdə rəqəm qoyulur, müəyyən çəkidən artıq yük götürülsə, mütləq haqq ödənilməlidir. Avtobuslarda da baqajların müəyyən çəkisi var ki, bundan artıq yük aparırsansa, mütləq ödənilməlidir. Lakin bu proses düzgün yerinə yetirilmir. Bu boşluqlardan isə sürücülər istifadə edir”.
Bakıdan rayonlara yola düşən əksər sərnişindaşıma avtobusunda sərnişinlərin baqajı üçün nəzərdə tutulan yük yerlərində pivə çəlləklərinin daşınmasına və bunun nəticəsində sərnişinlərin baqajının yerdə qalmasına diqqət çəkən ekspert qeyd edib ki, bunun idarə edilməsi bir qədər çətindir:
“Çünki sərnişindaşıma əməliyyatına, mədəniyyətinə həm sərnişinlər, həm də sərnişindaşıma həyata keçirən şəxslər düzgün riayət etmir. Hər kəs düşünür ki, avtobuslarda daşınan yüklər pulsuz olmalıdır. Amma əslində müəyyən qədər yük pulsuz aparılsa da, normadan artıq olanın pulu ödənilməlidir. Amma bu ödəniş mexanizmi həddən artıq zəifdir. Buna görə də insanlarda narazılıq əmələ gəlir. Elə şəxslər var həddindən artıq baqaj aparır, yaxud özlərinə mənfəət əldə etmək üçün müqaviləsiz yük daşıyırlar. Digər şəxslər isə bunu görür və etiraz edirlər. Əslində isə sərnişindaşıma və yükdaşıma qaydaları, baqajların haqqının ödənilməsi, tarif sistemi işlənib, hazırlanmalı və icra olunmalıdır”.
F. Eyyubov onu da əlavə edib ki, sərnişindaşımalarında neçə sərnişin yola düşürsə, sayı bilinir, amma baqaj daşınması mücərrəd qalır. Bəzi sərnişinlər var ki, həddindən çox yük aparır, bəziləri isə çox az:
“Həmin baqajın həcmini sərnişin sayına böldükdə avtobusun yük yeri həcmində yük aparılır. Bəzən buna fikir vermirlər. Hər kəsin yanında daşıdığı baqaj normadan artıq olarsa, müəyyən qaydalarla, çek və ya biletlə haqqı ödənməlidir ki, belə narazılıq yaranmasın”.
Təhlükəli yüklərin sərnişinlərlə birlikdə daşınmasına icazə verilmədiyini deyən ekspertin sözlərinə görə, yüklər bu kateqoriyaya aid deyilsə, müqavilə ilə daşına bilər:
“Təbii ki, daşınan yüklərin müqavilə ilə yaxud müqaviləsiz, sürücünün mənfəətinə xidmət edən şəkildə, nəzarətdən kənar daşıma olub-olmadığını bilə bilmərik. Amma təhlükəsiz yüklər olsa, sərnişinlərə heç bir ziyanı olmasa, daşına bilər. Yüklər necə gəldi avtobusun yük yerinə doldurub, müqaviləsiz daşınmamalıdır”.

Sherg.az

Şərhlər

XƏBƏR LENTİ