XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » “Çovdarovla telefonlara qulaq asdığı üçün onu “Bakcell”dən qovdular”

“Çovdarovla telefonlara qulaq asdığı üçün onu “Bakcell”dən qovdular”

“Çovdarovla telefonlara qulaq asdığı üçün onu “Bakcell”dən qovdular”
3-06-2017, 10:54

Dünən “Qafqazinfo”da hazırda həbsdə olan iş adamı Müqayis Verdiyevin qızı Aytən Verdiyevin hazırda həbsdə olan tanınmış futbolçu Maşallah Əhmədovun oğlu Tərlan Əhmədova, Nəqliyyat nazirliyinin şöbə müdiri Kazım Şərifova və Emil Allahverdova qarşı məhkəmə iddiası haqda məqalə yayımlanıb.

Yazıda adı keçən K.Şərifov bizimlə əlaqə saxlayaraq məsələyə münasibət bildirib. K.Şərifov deyib ki, M.Verdiyev və oğlu Anar Verdiyevin saxta işlərinin qurbanı olub: “2016-cı ilin avqustun 28-də avtomobil satışı saytında “BMW 520” markalı maşın gördüm. Sonra maşınla maraqlananda bu mərdimazarlara ilişdim.

Müqayis Verdiyevin oğlu Anarla danışdım, özümün “Mitsubishi Pajero” maşınımı onların saytda elan verdikləri “BMW” ilə dəyişdim. Maşın da Anarın bacısı Aytənin adına idi. O vaxt hələ Müqayis türmədə deyildi, özü mənim qapıma gəldi, danışdıq. Onların maşını dizel ilə işləyirdi deyə aldım, fikirləşdim az yanacaq işlədəcək, imkanım yox idi. Mən maşını təxminən 4 ay Bakıda sürdüm. Sonra yoldaşımı müalicə üçün Gürcüstana aparanda gömrükdə gürcü polisi bizi saxladı. Mənə dedilər ki, maşın oğurluqdur. Avtomobili saxladılar, 2 saat ifadə verdim, hər şeyi danışdım, əşyalarımızı götürüb geri qayıtdıq. Anara nə qədər zəng etsəm də, cavab vermədi. Sonra Anarı tapdım, dedim maşınımı qaytar, dedi “sənin maşınını satmışam, üstündən su da içmişəm”. Mən öyrəndim ki, 32 min dollarlıq maşınımı avtosalona 25 min dollara satıb. Mənə verdiyi maşının qiyməti isə 10 min dollar imiş. Anardan soruşub öyrəndim ki, maşını Maşallah Əhmədovun oğlu Tərlandan alıb. Tərlanla görüşdüm, dedi ki, maşını alanda oğurluq olduğunu bilməyiblər.

Sonradan maşın “İnterpol”la axtarışa veriləndə biliblər. Məhkəmədə də Tərlan Anarın üzünə durub dedi ki, biz sənə maşının oğurluq olduğunu, ölkədən çıxmaması lazım olduğunu demişdik. Hətta Tərlan Anardan maşını geri qaytarmağı da istəyib. Müqayislə oğlu Anar da oğurluq maşını gətirib mənə sırımışdı”.

Kazım Şərifov qeyd edib ki, DİN rəhbərliyinə müraciət etdikdən sonra öz maşını ona qaytarılıb: “Daxili İşlər Nazirliyinin rəhbərliyi işi araşdırmağı “Banditizm”ə tapşırmışdı. Onlar Tərlan Əhmədovu da, Anar Verdiyevi də çağırıb dindirmişdilər. Sonra mənə zəng edib dedilər ki, sənin maşının idarənin həyətindədir, gəl apar. Səhərisi gün gedib maşını götürdüm. Bundan sonra Anar məndən polisə, məhkəməyə şikayət etməyə başladı. “BMW”nin pulunu istəyir, mən də dedim etibarnamə verim, ala bilirsə, getsin Gürcüstandan götürsün”.

K.Şərifov bildirib ki, A.Verdiyev MTN generalı Çovdarovun cinayət işində adı hallandığı üçün “Bakcell”dəki vəzifəsindən uzaqlaşdırılıb: “Müqayisgil bizə uzaq qohum olduğu üçün bu vaxta kimi onlardan şikayət etməyi özümə ayıb bilirdim. Amma indi prokurorluğa şikayət edəcəyəm. Müqayisin türmədə ifadəsini alarlar, oğlunun da burada. Müqayis türmədə olanda da mənə zəng edib hədə-qorxu gəlirdi. Oğlu Anar da Akif Çovdarovla birgə telefon danışıqlarına qulaq asdığı üçün “Bakcell”dən qovdular. Emil Allahverdovun isə bu işə nə aidiyyatı olduğunu bilmirəm”.

Sabiq şöbə müdiri deyib ki, ona satılan “BMW” Rusiyanın Voronej şəhərində oğurlanıb, sonra isə Gürcüstana gətirilib. Tərlan Əhmədov isə Gürcüstandan alaraq Azərbaycana gətirib və sənədləşdirib.

K.Şərifov bildirib ki, Nəqliyyat Nazirliyi ləğv edildikdən sonra öz ərizəsi ilə tutduğu vəzifəsindən azad olunub.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.