XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Baş redaktor Oqtay Şirəliyevdən pulunu istəyir - "Həkimlərinizin məndən zorla aldığı pulu qaytarın"

Baş redaktor Oqtay Şirəliyevdən pulunu istəyir - "Həkimlərinizin məndən zorla aldığı pulu qaytarın"

Baş redaktor Oqtay Şirəliyevdən pulunu istəyir - "Həkimlərinizin məndən zorla aldığı pulu qaytarın"
30-05-2017, 15:02

“Xalqa xidmət borcumuzdur” kimi şüar Səhiyyə Nazirliyinin əsas təməl prinsipi olsa da, bəzi dövlət tibb müəssisələrində müalicə alanlar bunun əksini söyləyir. Belə ki, aparılan islahatlar, tənqidlər və ondan nəticə çıxarmaq siyasətinə yönəlmiş addımların atılması xalqda hardasa inam yaradıb ki, bəlkə də dəyişikliklər onların xeyrinə olacaq. Amma səhiyyə sahəsində aparılan islahatlar gözdən pərdə asmaqdan başqa bir şey deyil. İnsanların sevdiklərini itirmək qorxusu onları borc və faizlər almaq məcburiyyətində qoyur. Prezident İlham Əliyevin məmurları bu qədər tənbeh edib, iradlarını bildirməsinə rəğmən, səhiyyə ocaqları o cümlədən bəzi qurumlar rüşvət və talançılığa son qoymaq niyyətində olmadıqlarını açıq şəkildə bəyan etməkdən çəkinmirlər
Daxil olan məlumatlara görə, prezidentin göstərişlərinə və tapşırıqlarına əməl etməyən səhiyyə ocaqlarından biri də Qarayev adına Uşaq Xəstəxanasıdır. Adıçəkilət tibb müəssisəsinə müraciət etmək məcburiyyətində qalan analar qan ağlayır. Gözüyaşlı uşaqlarını Təcili Tibbi Yardımla xəstəxanaya gətirən valideynlərə elə divan tutulur ki, həmin an onlar az qalır evini sataraq, körpəsinin canını xilas etsin. İllərlə uşaq həsrətində olan ana övladının ağır vəziyyətdə xəstəxanaya çatdırmağı bacarsa da, xəstəxanada övladının ölümlə çarpışmasını izməkdən başqa əlindən bir iş gəlmir.
Beləliklə, müraciət edən valideynlərdən biri – reportyor.org saytının baş redaktoru Arifə Əliyevanın sözlərinə görə, Qarayev adına Uşaq Xəstəxanasında cərəyan edən özbaşınalıq və kobudluq sərhəd tanımır. A.Əliyeva müraciətində qeyd edir ki, övladını ağır vəziyyətdə xəstəxanaya çatdırmağa müvəffəq olsa da, orda yaşadığı günlər onun psixologiyasını pozub. Bununla yanaşı, həkimlərin vəzifə borclarını yerinə yetirmək əvəzinə, ondan hər xırda detala görə, rüşvət tələb etmələri, övladına qarşı edilən etinasızlığı ana olaraq həzm edə bilməməsini dilə gətirib.
Səhiyyə naziri Oqtay Şirəliyevə müraciət edən baş redaktor yazır ki, əgər mən bütün dərmanları özüm alıramsa, o zaman nəyə görə dövlət xəstəxanasına gedirəm? Arifə Əliyeva Oqtay Şirəliyevə müraciətində qeyd edib ki, 24.05.2017-ci il tarixdə qızı Gülayı kəskin qusma və qızdırma diaqnozu ilə Təcili Yardım Xidmətinin köməyi ilə Qarayev adına Uşaq Xəstəxanasına aparıb: “Təcili Yardımdan qəbul otağında qeydiyyata düşdükdən dərhal sonra tibb işçiləri 10 AZN ödəməyimi tələb etdilər. Soruşdum ki, axı nə üçün pul verməliyəm? Cavabları bu oldu ki, gecə növbədəyik, verməlisiniz, əziyyət çəkirik. Onlara and-aman etdim, yalvardım ki, həkim pulum yoxdur, Təcili Yardımla gəlmişəm. Üzərimdə pul yoxdur. Bir çox söz-söhbətdən sonra məcbur qalıb palatada qızıma yer verdilər. Səhər açılan kimi palataya daxil olan tibb işçiləri analiz üçün 3 AZN istədilər, onlara da dedim ki, pulum yoxdur. Arxasınca tibb bacısı gəldi ki, siz gedin uşağa sistem alın, bir də onu qoşmaq üçün ləvazimat. Dedim ay həkim, axı bura dövlət xəstəxanasıdır, bəs nazir Oqtay Şirəliyev sərəncam imzalıyıb ki, səhiyyə pulsuz xidmət göstərir. Həkim isə öz növbəsində, bildirdi ki, Arifə xanım, bizə nə deyirlər, sizə də onu deyirik. Məcbur qalıb qonşu palatada yatan xanımdan sistemi axşama kimi borc alıb, qusması dayanmayan övladıma vurdurdum. “Kəpənəy”i isə digər palatada yatan biləsuvarlı xanımdan borc almaq məcburiyyətində qaldım.
Beləcə dörd gün ərzində hər dəfə vurulan sistem üçün məndən sistem tələb etdilər. Hələ hər sistemi vuran ağzını-gözünü əyən tibb bacılarını demirəm. İmkanım olmadığından onlara pul vermədiyim üçün isə axırıncı gün də uşağın əlinin üstünü qəsdən üç dəfə deşdilər. Uşağıma əzab verib bununla mənə göz dağı verərək, pul verməyənə nə edə biləcəklərini göstərməklə kifayətləndilər. Xəstəxanada yatdığım müddət ərzində 4 sistem və iki antibiotik ümumi qiyməti 100 manat edən müalicə kursu keçdik. 100 manatımız olmasaydı, yəqin hələ də o xəstəxanada körpəmin can çəkişməsini izləyəsi olacaqdıq.
Xəstəxanada olduğum müddətdə orada müalicə alan uşaqların və anaların qidalanmasına gəlincə isə ümumiyyətlə, qidalanmadan söhbət belə gedə bilməz. Məhz buna görə də xəstəxanada müalicə alan şəxslər kənardan yemək gətirmək məcburiyyətində qalırlar. Antisanitariyanın hökm sürdüyü Qarayev adına xəstəxanada infeksiya şöbəsinin hamam və tualetinin bərbad halda olması xəstəxanada yeyintinin yüksək, xərcin isə heç olmaması əyani sübutdur. Ola bilər ki, Səhiyyə Nazirliyi xəstəxanaları dərman və qidalarla təmin edir… Amma bunun əyani göstəricisi yoxdur. Dildə deyilənlərlə əməldə görünənlər fərqlidir”.
Arifə Əiyeva səhiyyə naziri Oqtay Şirəliyevə müraciətində Qarayev adına Uşaq Xəstəxanasında ondan alınan 100 AZN-nin ona ödənilməsini xahiş edir: “Çıxışlarınızda dövlət xəstəxanası pulsuzdur” deyə, qeyd etmisiniz. İndi də xahiş edirəm, Cənab Oqtay Şirəliyev, tabeliyinizdə olan xəstəxana əməkdaşlarının məndən zorla aldıqları pulu qaytarasınız”.

Gununsesi.info

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.