SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Qaçqınkom” məmuru Gülnarənin etirafları - “Onları aldatmışam, pullarını ələ keçirmişəm...”

“Qaçqınkom” məmuru Gülnarənin etirafları - “Onları aldatmışam, pullarını ələ keçirmişəm...”

Tarix:

24-05-2017, 15:01

/ 60 651 dəfə oxundu.
“Qaçqınkom” məmuru Gülnarənin etirafları - “Onları aldatmışam, pullarını ələ keçirmişəm...”

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Gülnarə Muxtarovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Prosesə hakim Fikrət Qəribov sədrlik edib.

İttihama görə, Gülnarə Muxtarova Dövlət İdarələri və İctimai Xidmət İşçilərinin Həmkarlar İttifaqının Qaradağ rayon şöbəsinin sədri vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə 2013-2014-cü illər ərzində 29 nəfər şəxsi aldadaraq onlardan 139 min manat pul alıb. O, həmin şəxslərə Qaradağ rayonunun “Müşfiqabad” və “Ümid” qəsəbələrində məcburi köçkünlər üçün tikilən binalardan mənzil verəcəyini vəd edib. Bu yolla Şövkət Hüseynova, Yaqub Qarayev, Həqiqət Şəmmədova, Jalə Mehdiyeva və digərlərinin adını siyahıya salmaq adıyla onlara külli miqdarda ziyan vurub.

Faktla bağlı Qaradağ rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb. Ötən ilin mart ayında G.Muxtarova barəsində Qaradağ rayon məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

“Qaçqınlara yalan vədlər vermişəm”

Təqsirləndirilən şəxs qismində dindirilən Gülnarə Muxtarova ifadəsində 1985-ci ildən Qaradağ rayon İcra Hakimiyyətində katibə, texnik, müfəttiş, 2004-cü ildən 2012-ci ilədək Qaradağ rayon İcra Hakimiyyətinin Qaçqınlar və Məcburi Köçkünlərlə iş üzrə şöbəsində aparıcı məsləhətçi, 2012-2014-cü illər ərzində isə Dövlət İşçilərinin Həmkarlar Komitəsinin sədri vəzifəsində işlədiyini, işdən azad olunduğunu göstərib:”Qaçqınlar və Məcburi Köçkünlərlə iş üzrə şöbə 2014-cü ilin fevral-mart aylarından İcra Hakimiyyətinin tərkibindən çıxarılaraq Dövlət Qaçqınkomun tərkibinə verilmişdi və Dövlət Qaçqınkomun Qaçqınlar və məcburi köçkünlər üzrə Qaradağ rayon sektoru adlandırılırdı. Sektorda rəsmi olaraq üç ştat vardı, həmin vaxtda mən Qaradağ rayon sektorunda Həmkarlar İttifaqənın sədri işləyirdim. İşlədiyim müddətdə maddi çətinliklər çəkirdim. Bununla əlaqədar qulluq mövqeyimdən sui-istifadə edib qaçqın və məcburi köçkünlərə yalan vədlər vermişəm, onların ev və torpaq sahəsi ilə təmin olunacağı ilə aldadaraq müxtəlif məbləğlərdə pullarını ələ keşirmişəm. Məcburi köçkünlərin adlarını faktiki olaraq orada yaşamadıqları halda yataqxana, baxça, inzibati binalara qeydiyyata salmaqla aldadıb dələduzluq etmişəm”.

“Bankdan kredit götürüb Gülnarəyə vermişdim”

Zərərçəkmiş şəxs qismində dindirilən Zərifə Əmirova ifadəsində məcburi köçkün kimi Sahil qəsəbəsində məskunlaşdıqlarını, həyat yoldaşının daş karxanasında fəhlə işlədiyini göstərib:”2014-cü ilin sentyabr ayında ev telefonuna zəng gəldi. Zəng vuran qadın özünü Qaradağ rayon Qaçqın Komitəsinin nüməyəndəsi Gülnarə xanım olduğunu dedi. Qaçqınkoma tez-tez getdiyimə görə Gülnarə xanımı tanıyırdım. Telefonda mənə dedi ki, “Ümid” qəsəbəsində qaçqınlar üçün bina tikilib, görürəm sənin yaşayın çətindir, sənə kömək etmək istəyirəm. Mən də ona ev almaq istədiyimi söylədim”.

Ertəsi gün G.Muxtarovanın yanına yollanarkən Z.Əmirova mənzil almaq üçün 4 min manat ödəməli olacağını öyrənib. Ümumi razılıqdan sonra bankdan 1500 manat kredit götürüb və bir neçə gündən sonra G.Muxtarovaya verib. G.Muxtarova pulu alandan sonra gələn həftə gəlib mənzilin açarını götürməsini tapşırıb. Amma nə ev alıb, nə də ki, pulunu geri qaytarıblar:”Növbəti dəfə Gülnarənin yanına gələndə dedi ki, işdən çıxmışam. Pulumu geri istədikdə mənə verməyə pulu olmadığını dedi ”.

“Mənim kimi bir çox məcburi köçkünü aldatdığını öyrəndim”

Zərərçəkmiş Yaqub Qarayev ifadəsində ailəsi ilə birlikdə 20 ildir ki, Qaradağ rayonunun Qobustan qəsəbəsində bacanağının evində məskunlaşdıqlarını, Gülnarə Muxtarovanı Qobustan qəsəbəsinə gələndən tanıdığını, münasibətlərinin yaxşı olduğunu, məcburi köçkünlüklə bağlı bütün sənədlərini ondan aldığını göstərib: ”Həmişə lazımi köməklik göstərib deyə ona inanmışdım. 2013-cü ilin dekabrında Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün tikilən binanın bir blokunun Qaradağ rayon İcra Hakimiyyətinə həvalə edildiyini, həmin blokda 20 mənzil olduğunu, mənzillər üçün siyahı tutulduğunu, pul qarşılığında həmin binadan mənzil verə biləcəyini və adımın həmin siyahıya salınacağını söylədi. Dedi ki, iki dənə üçotaqlı mənzil qalıb, tanışlığa, münasibətə görə 18 min manata təşkil edə bilər. Razılaşdım. Sonradan bildim ki, Gülnarə mənim kimi bir çox məcburi köçkünü aldadıb, mənzil vermək adıyla pullarını mənimsəyib. Ümumilikdə Gülnarəyə 18 min manat və 2 min dollar pul vermişəm”.

Zərərçəkmiş Cavid Əsədov ifadəsində 1992-ci ildən Sahil qəsəbəsində yataqxanada, son beş il ərzində isə “Ümid” qəsəbəsində Qaçqınlar Komitəsi tərəfindən verilmiş ikiotaqlı evdə yaşadığını göstərib. 2014-cü ilin aprel ayında qəsəbədəki həmkəndlilərindən G.Muxtarovanın məcburi köçkünlərə növbədənkənar mənzil verilməsini təşkil etdiyini eşidib, oğlu üçün mənzil almaq qərarına gəlib:”Uzun illər idarənin işçisi olduğuna görə inanmışdım. Özümə və qohumun Yasinə ev almaq üçün Gülnarəyə 4 min manat vermişdim”.

“Gülnarə “Qaçqınkom”un işçisi deyil, gedin pulunuzu geri alın”

Zərərçəkmiş qismində dindirilən Balakişi Behbudov ifadəsində 1996-cı ildən ailəsi ilə birlikdə Lökbatanda yaşadığını, oğlanlarına mənzil almaq üçün G.Muxtarovaya 7800 manat pul verdiyini göstərib:” On günə kimi “Ümid” qəsəbəsində tikilmiş binadan mənzil veriləcəyini dedi, mən də gözlədim. Hər gün əlaqə saxlayırdım, hər dəfə müxtəlif bəhanələrlə məni aldadırdı. Bir müddət keçəndən sonra bildim ki, Gülnarə mənim kimi 20-30 nəfəri mənzil növbəsində qabağa salmaq adıyla aldadıb pul alıb. Hamımız yığılıb “Qaçqınkom”un Qaradağ rayon şöbəsinə getdik. Orada bizə “Gülnarə “Qaçqınkom”um işçisi deyil, gedin pullarınızı geri alın” dedilər. Gülnarə pullarımızı qaytarmadığına görə Qaradağ rayon prokurorluğuna şikayət ərizəsi yazdıq”.

“Dedim ya torpağı ver, ya da pulumu qaytar”

Zərərçəkmiş Rübabə Atluxanova oğluna torpaq sahəsi almaq üçün G.Muxtarovaya müraciət edib. Sahil qəsəbəsindən 3 sot torpaq almaq məqsədilə G.Muxtarovaya 28.500 manat pul verib:”Dedi, narahat olma, bir həftəyə kimi Sahil qəsəbəsində sənə torpaq sahəsi veriləcək. Mən də inandım. Sonradan xəbər çıxmadığını görüb Gülnarənin iş yerinə getdim. Mənə “sənədlər hazırlanır, qısa müddətdə sənədlə torpaq sahəsi sənə veriləcək” desə də iş gecikirdi. Ona görə də Gülnarədən tələb etdim ki, ya torpağı versin, ya da pulumu qaytarsın”.

Zərərçəkmiş Həqiqət Şəmmədova ifadəsində G.Muxtarovanı uzun illərdir tanıdığını, əvvəllər yaxın qonşu olduqlarını göstərib:” Ailə üzvlərimiz çox olduğundan Lökbatandakı ikiotaqlı mənzili satıb torpaq alıb ev tikmək istəyirdim. Bu barədə Gülnarəyə dedikdə torpaq sahəsi almaqda da, ev tikməkdə də köməklik edəcəyini dedi. Mənzili 16.500 manata satıb pulunu Gülnarəyə verdim. Aradan uzun müddət keçdikdən sonra məni aldatdığını başa düşüb pulumu geri istədim”.

Məhkəmə prosesi mayın 25-də saat 10-da davam edəcək.

Şərhlər

XƏBƏR LENTİ