XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Opera Teatrının işçiləri jurnalistə hücum çəkdi - qalmaqal

Opera Teatrının işçiləri jurnalistə hücum çəkdi - qalmaqal

Opera Teatrının işçiləri jurnalistə hücum çəkdi - qalmaqal
23-05-2017, 20:01

“Yeni Müsavat”ın xanım əməldaşı mədəniyyətsiz mədəniyyət işçilərinin hücumuna məruz qalıb

Gənc ifaçı Gülşən İbadova ilə Opera və Balet Teatrı arasında yaranmış qalmaqal uzun müddət idi ki, mətbuatın gündəmindən düşmür. Vokalist mətbuatda onun haqqında səslənən fikirlərə görə bu günlərdə teatrın direktoru və bir sıra əməkdaşları haqda iddia ərizəsi qaldırmışdı.

Mayın 23-də keçirilən iclasda bəzi mətləblərə aydınlıq gətiriləcəyi gözlənilirdi.

Prosesdən reportaj hazırlamaq üçün Musavat.com-un əməkdaşı Xalidə Gəray da orda olub. Amma xanım jurnalist məhkəmə salonunda xoşagəlməz olayla qarşılaşıb. Məsələni X.Gəray belə anlatdı: “Bəzi üzrlü səbəblərə görə məhkəmənin sonuna gəlib çatdım. Qapıda hakimlə üz-üzə gəldim. Bu, o demək idi ki, artıq iclas bitib. İçəri daxil olub, məhkəmə prosesi ilə maraqlanmaq istədim, məhkəmənin növbəti iclası nə zaman keçiriləcək və sairə deyə. Lakin qarşılaşdığım mənzərənin şokunu yəqin ki, hələ uzun müddət yaşamalı olacam. Məhkəmə salonunda olan teatrın əməkdaşları, o cümlədən xalq artisti Samir Cəfərov və digərləri səbəb olmadan ünvanıma təhdid və təhqir yağdırmağa başladı: “Siz “Yeni Müsavat”çılar dövlətçiliyin əleyhinəsiz”, “Heç sizdə utanan sifət varmı?”, “Siz heç utanırsızmı?”, “Siz axı kimsiz ki, bizim teatrın haqqında yazırsız”, “Azzz, sən kimsən ki, bura gəlmisən”... Burda artıq sözün bitdiyi məqam idi. Ölkənin böyük mədəniyyət ocaqlarından biri sayılan teatrın tanınmış ifaçılarının jurnalistə qarşı bu cür qaba, mədəniyyətsiz davranışlarından özümə gəlməmiş, daha böyük təhqirlər eşidirdim. Daha çox canfəşanlıq edən isə maraqlıdır ki, xalq artisti Samir Cəfərov idi. Onları qıcıqlandıran məsələnin nə olduğunu isə sonra anladım, hansısa əməkdaşının dediyinə görə teatr haqqında tez-tez yazılar dərc etməyim onları özündən çıxarıb”.

Xalidə Gəray daha sonra dedi ki, məhkəmə salonunun qapısını bağlayıb, ona qarşı fiziki təzyiq göstrərməyə çalışıblar: “Onlar məhkəmə salonunun qapısını bağlayıb, əl-qolumdan tutub bayıra çıxmağımı əngəllədilər. Nəhayət ki, polislər insidentə müdaxilə etməli oldu. “Mədəniyyətçilərin” dediyinə görə, video və şəkillər çəkdiyimə görə məni bağlı qapı arxasında saxlayıb, təhqir edirlər. Polislər güclə onların hücumlarına qarşı gəlib məni kənara çəkib çantamı, telefonumu yoxladılar. Məlum oldu ki, nə bir şəkil, nə də bir video görüntü var. Bu da yetmədi, məhkəmənin həyətində bir daha xalq artistinin, digər həmkarlarının “mədəniyyətli” sözlərini eşitməli oldum. Təbii ki, bu məsələnin araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edəcəm. Lakin daha çox bir sual insanı narahat edir, mədəniyyətimizin mədəni durumu yəni bu dərəcəyə qədər enib? Mədəniyyət ocağı hesab edilən teatr bu cür davranışlara malik işçiləri ilə tamaşaçılara mədəniyyət nümayiş etdirir?”.

X.Gəray daha sonra bildirdi ki, artıq bir neçə ildir Opera və Balet Teatrının adı yalnız qalmaqallar, xoşagəlməz olaylar, məhkəmələrlə birgə çəkilir: “15 il əvvəl də belə idi, indi də davam edir. Hələ 2005-ci ildə dünya şöhrətli, Azərbaycanın opera sənətində öz möhürlərini vuran Fidan və Xuraman Qasımova bacıları hansısa intriqaların qurbanı olaraq operadan uzaqlaşdırılıblar. Səbəb? Səbəbini isə heç Qasımova bacılarının özləri də bu günə qədər aydınlaşdıra bilməyib və bunu özlərinə təhqir hesab edirlər. Xalq artisti Xuraman Qasımovanın müsahibəsindən sitat: “15 il bundan əvvəl opera rəhbərliyi bizə qarşı gözlənilməz bir haqsızlıq etdi və biz bu haqsızlığı qəbul etmədik, teatrdan ayrıldıq. Teatrın rəhbəri açıq-aşkar bildirirsə ki, sizinlə çalışmaq istəmir, nə edərsiz? SSRİ və Azərbaycanın xalq artisti Fidan Qasımova və xalq artisti Xuraman Qasımova 2005-ci ildə hələ təqaüd yaşına çatmadan teatrdan kənarlaşdırılsınlar... Bunu biz özümüzə bir təhqir kimi qəbul etdik. Bəllidir ki, bu, bizə qarşı qurulmuş xüsusi bir plan idi. Direktor bu hərəkətlərini teatrın müqavilə sisteminə keçməsi ilə əsaslandırdı”. Dünya şöhrətli ifaçının sözlərinə görə teatrın rəhbəri Akif Məlikov fəxrlə deyirmiş ki, “heç nədən qorxmuram, mən Müslüm Maqomayevi belə teatrdan uzaqlaşdırmışam”. Bundan necə fəxr etmək olar? Bu gün də dünyanın bir çox ölkələrində Azərbaycanın vokal ifaçılarının adları sadalananda birinci elə Müslüm Maqomayevin, Qasımova bacılarının adları çəkilir. Dünya bu səslərin möcüzəsinə heyran qaldığı halda ölkədəki yeganə opera teatrı onları işdən qovur. Bu, ölkəmiz üçün böyük biabırçılıqdır. Xuraman Qasımova demişkən, “Müslüm Maqomayevin adı belə teatrda qalsaydı və yaxud bir portreti ordan asılsaydı, bununla yalnız qürur duymaq olardı”.

Məlumat üçün deyək ki, Opera və Balet Teatrının rəhbərliyi bu günə qədər çoxlu sayda professional ifaçıya, xalq artistinə qarşı bu cür davranışlara yol verib. Təkcə bu ilin əvvəlində rəsmi şəkildə 15 nəfər qalmaqallı şəkildə teatrdan ayrıldı. Onların arasında xalq artistləri, məşhur baletmeyster Mədinə Əliyeva, Nəzakət Teymurova, əməkdar artist Rima İskəndərova və digərləri var idi.

“Yeni Müsasvat” rəhbərliyi ilkin addım kimi Mədəniyyət və Turizm Nazirliyinə bu xoşagəlməz olayla bağlı telefonla müraciət edib. Nazirlikdən deyilib ki, məsələ ilə bağlı nazir Əbülfəz Qarayeva məruzə ediləcək.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.