XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Bakıda onlarla insanın həyatını alt-üst edən fırıldaqçı azadlığa çıxır - FOTO

Bakıda onlarla insanın həyatını alt-üst edən fırıldaqçı azadlığa çıxır - FOTO

Bakıda onlarla insanın həyatını alt-üst edən fırıldaqçı azadlığa çıxır - FOTO
13-05-2017, 11:38

Bakıda vətəndaşalara qarşı müxtəlif yollarla dələduzluq edib, 700 mindən çox pullarını mənimsəyən və hazırda həbsdə olan Cəfərli İradə Kazım qızı azadlığa çıxır.

Bu barədə zərərçəkmiş şəxslər və onların hüquqlarını müdafiə edən vəkil Həsən Həsənov məlumat verib.

Zərərçəkən Samirə Həsənova anası ilə birgə İradəyə onlara ev alması üçün 220 mindən çox pul verdiklərini, hazırda isə kirayədə yaşadıqlarını bildirib:

“2014-cü ildə "Sovetski" söküləndə Yeganə adında bir şəxslə tanış oldum. O, mənə banklarla əlaqəsi olan, orada girov və müsadirə olunan evləri ucuz qiymətə təşkil edən İradə adlı (İradə Cəfərli) vəkil olduğunu söylədi. Hərrac yolu ilə həmin evlərdən birini ucuz qiymətə ala biləcəyimizə məni inandırdı. "Sovetski"dəki evimə verilən kompensasiyanı elə İradənin özü ilə birgə gedib bankdan götürdük və Mətbuat prospektində dediyi evə baxmağa getdik. Evim sökülməmişdən öncə bir neçəsinə baxmışdım. 50 minə şəraitsiz şəkildə olan həyət evlərini var idi, onun göstərdiyi ev isə həm təmirli idi, həm də şəhərin mərkəzində yerləşirdi. Bu səbəbdən görən kimi razılaşdım. Kim olsaydı, o qiymətə razılaşardı. Bizə bir az səbr etməyimizi, yaxınlarda hərracın başlayacağını söylədi. O zamana qədər kirayədə yaşamalı idik. Kirayə pulunu da guya bank ödəyəcəkdi. Sonra anama da dedim, o da qardaşım üçün birini almaq istəyirdi. Ümumi olaraq 120 min manat mən, 100 min də anam verdi. Yeganə isə şirinlik kimi bizdən hər evə görə 1000 manat istədi, onu da verdik. O, tutulandan sonra məlum oldu ki, bank, hərrac, ev məsələsi hamısı yalan imiş. Bizdən aldığı pullarla maklerlərdən kirayə ev tutub bizi yerləşdirib. Tutulana qədər bizi 3 evə köçürdü, hazırda isə Mirəli Seyidov 43, mənzil 48-də yaşayıram, ayda da 500 manat kirayə haqqı ödəyirik. Mən ona ev alması üçün pul vermişdim, kirayə idisə özüm gedib tapardım. Həyatımızı alt-üst etdi. Anamın 80 yaşı var, küçələrdə qalıb. O gün ekspertizaya apardıq. Əsəbdən stresdən əlləri əsirdi”.
“Sovetski” sakini Rüfət Tağıyev də eyni şəkildə aldadıldığını deyir:
“Mən də onunla 2014-cü ildə tanış oldum. Sonra ailəvi gediş-gəlişimiz də yarandı. Bizi də eyni şəkildə aldatdı. Kim istəməz ki, 100 minlik evi 40 minə alsın. 80 minə yaxın pulumuzu aldı. Bununla əlaqədar müvafiq qurumlara müraciət etmişik, lakin ortada bir şey yoxdur. Bizdən başqa onlarla insan bu problemlə üzləşib. Hazıda mən də kirayədə qalıram, ayda da 500 manat kirayə haqqı verirəm”.
Zərərçəkmiş Rəhimə Quliyeva həyat yoldaşının buna dözməyib vəfat etdiyini, onun qırxında isə atasını itirdiyini və bütün həyatının alt-üst olduğunu söylədi:
"Sovetski"dəki evim söküləndə mənə 68 min manat kompensasiya verildi. Qonşum Samirə dedi ki, ucuz qiymətə evlər var və biz də İradə ilə tanış olduq. O, Abbas Mirzə Şərfzadə küçəsi tərəfdə yoldaşımla mənə ev göstərdi. 4 otaqlı, tam təmirli ev idi, avtomobil saxlamaq üçün həyəti də vardı və sonra onu da bizim adınıza keçirə biləcəyini söylədi. Əlimizdə olan 68 min manatı ona verdik. Bir müddət keçəndən sonra həmin evin nəmişlik olduğunu və orda yaşaya bilməyəcəyimizi bildirdi. Yoldaşım sözügedən evdə başqalarının yaşadığını öyrənəndə onunla danışdıq. Lakin bizə evin əldən çıxmaması üçün özü adam saldığını dedi. Daha sonra bir ev də göstərdi, onun da eyni şəkildə alınmadığını söylədi. Bu söz-söhbətə görə, yoldaşım çağırıb dedi ki, “sən bizə ev tapa bilmirsənsə, verdiyimiz pulu qaytar”. Qayıtdı ki, “ayıbdır, mən sizə ev tapmağa çalışıram, siz isə pulu geri almaq istəyirsiz. Səbrli olun ən qısa vaxtda ev hazır olacaq”. Yoldaşım o qədər yorulmuşdu ki, ürəyi dözmədi, həmin günün sabahı rəhmətə getdi. 40-ı verdikdən sonra yenə əlaqə saxladı və başqa bir yerdə ev tapdığını, lakin o ev 4 otaqlı olduğu üçün 80 minə alına biləcəyini söylədi. Mən yenə inandım və torpağımı, yoldaşımın avtomobilini satıb, borc-xərclə 12 min də düzəldib İradəyə verdim. Sonra gördüm ki, ev 3 otaqlıdır. Səbəbini soruşanda qayıtdı ki, “neynirsən 4 otaqlı evi tək adamsan”. Bir söz demədim köçdüm, lakin evin sonradan başqasının adına olduğunu öyrəndim. Ev sahibinə məni gəlinləri kimi təqdim etmişdi. Bir-iki aydan sonra kirayə pulunu da kəsdi. İradə tutulandan sonra bir müddət də orada qaldım, amma ayda 350 manat kirayə haqqını verə bilmədiyim üçün yenə başqa evə köçmək məcburiyyətində qaldım. Yoldaşımın qırxında atamı da itirdim, bütün həyatım alt-üst oldu. Yaşlı qadınam, 3 ildir ordan-ora köçürəm”.
Zərərçəkənlərin hüquqlarını müdafiə edən hüquqşünas Həsən Həsənov İradədə Cəfərlinin həbs müddətinin bu ayın 28-də bitəcəyini və azadlığa çıxacağı təqdirdə ölkədən qeyri-qanuni yollarla qaça biləcəyini bildirdi.
“İş uzun zaman istintaqda olub. İstintaq bitdikdən sonra Bakı Şəhər Ağır Cinayətlərə dair işlər üzrə məhkəməyə göndərilib. Məhkəmənin hazırlıq iclasında müdafiə tərəfinin işin yenidən istintaqa qaytarılması ilə bağlı vəsatəti olub. Guya ki, İradə Cəfərlinin istintaq prosesi zamanı hüquqları pozulub. Bu əsasla məhkəmə işi yenidən prokurorluğa, onlar da Xətai rayon Polis İdarəsinə göndəriblər. Hazırda istintaq prosesi təzələnib. İstintaqın müddəti Respublika Baş Prokurorluğu tərəfindən 3 ay artırılıb. Amma onun həbs müddəti mayın 15-nə qədər idi, mayın 28-nə qədər artırıblar. Bu da qanuna edilmiş yeni dəyişikliklə bağlıdır. Artıq 14 aydır həbsdədir və əgər ayın 28-də azadlığa buraxılarsa ehtimal ki, məhkəmədən yayına bilər və qanuni yollarla olmasa da, qeyri-qanuni şəkildə ölkəni tərk edə bilər. Bu səbəbdən biz onun qısa zamanda azadlığa çıxmasını istəmirik. Çünki onlarla insana maddi və mənəvi ziyan vurub. Eyni zamanda onun barəsində başqa bir cinayət işi də var, lakin buna görə onun barəsində həbs qəti-imkan tədbiri seçilməyib. Bunu da belə əsaslandırırlar ki, Xətai rayonundakı istintaq işinə görə artıq həbsdədir. Lakin onun həbs müddətinin mayın 28-də bitəcəyini nəzərə almayıblar. Bununla bağlı Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə və eyni zamanda digər dövlət orqanla müraciət etmişik, həmin orqanlardan məsələnin ədalətli şəkildə araşdırılması ilə bağlı lazımi tədbirlər görüləcəyi deyilsə də, əməli nəticə görünmür. Bu insanlara 700 mindən artıq zərər dəyib, onların pulu hansısa yolla qaytarılması təmin edilməlidir. Biz İradə Cəfərlinin apardığı maliyyə əməliyyatları ilə bağlı istintaq qarşısında vəsatət qaldırmışıq. Lakin istintaqın gedişindən hər hansısa bir dəyişiklik hiss etmirik”.

İradə Cəfərli tərəfindən aldadılan 7 nəfərin tam siyahısını təqdim edirik:

Məmmədova Fəxriyyə Xosrov qızı

Məmmədova Mehriban Xosrov qızı

Tağıyev Rüfət Vahid oğlu

Quliyeva Rəhimə Ağaəli qızı

Həsənova Çimnaz Ramazan qızı

Həsənova Samirə Məmməd qızı

Əliyeva Gülnar Tahir qızı

Qaynarinfo
Bakıda onlarla insanın həyatını alt-üst edən fırıldaqçı azadlığa çıxır - FOTO

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.