SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bir ayda onqat artım: Biz harada yoluxuruq? - Diqqət, TƏHLÜKƏ!!!

Bir ayda onqat artım: Biz harada yoluxuruq? - Diqqət, TƏHLÜKƏ!!!

Tarix:

2-04-2021, 11:34

/ 493 dəfə oxundu.
Bir ayda onqat artım: Biz harada yoluxuruq? - Diqqət, TƏHLÜKƏ!!!

Yenə hamımız gözümüzü gündəlik yoluxma cədvəlinə dikmişik. Artıq ölkədə yoluxma sayı dördrəqəmli olaraq davam edir. Sərt karantinə keçidlə bağlı fikirlər, proqnozlar dolaşmaqdadır. Bəs mütəxəssislər nə düşünür?

Həkim-farmakoloq Müşfiq Hüseynovun AYNA-ya dediyinə görə, bir ay ərzində yoluxma dəfələrlə artıbsa, yoluxmanı azaltmaq üçün yenidən sərt karantinə keçid mənasızdır: “Problemi bununla həll etmək olmaz, bu, çıxış yolu deyil. SMS icazəni yenidən tətbiq etmək, ictimai nəqliyyatın hərəkətində məhdudlaşdırmaq doğru deyil. Fikrimcə, bizdə pandemiya ilə mübarizə üçün lazımi tədbirlər gedir. Hər zaman Operativ Qərargahın tədbirlər planına tənqidlə yanaşmışam, indi tək onu deyə bilərəm ki, yoluxma sayının artmasında yetərsiz tədbirlərin olması səbəb deyil”.

Hazırda tibbi tədbir ilə bağlı Ukraynada səfərdə olan həkim Azərbaycan ilə Ukraynadakı vəziyyəti müqayisə edib: “Bura səfər etdiyim ilk gün təəccüb içindəydim. Ukraynada pandemiya ilə bağlı hər hansı karantin, sərt tədbirlər yoxdur. Ötən il koronavirusun ilk dalğasında da Ukrayna hökuməti beynəlxalq tədbirlərə qoşuldu, ölkəyə gediş-gəlişdə, ictimai nəqliyyatda məhdudlaşma tətbiq olundu, ticarət, iaşə obyektlərində qapanma oldu. Karantin ölkədə yoluxma və ölüm sayını xeyli azaltdı. Növbəti dalğada da nisbətən tədbirlər vardı, mən daim işlə əlaqədar buradakı həmkarlarla əlaqə saxlayırdım”.

“Hazırda isə ölkə hər şeyi cəmiyyətin, vətəndaşın üzərinə buraxıb. Turizm, ölkəyə gediş-gəliş əvvəlki illərdəki kimidir, bütün ticarət obyektləri, biznes sahələri tam gücü ilə işləyir, metro, ictimai nəqliyyat gündəlik iş rejimindədir. Pandemiya ilə mübarizənin zəifliyinin səbəbi Ukrayna hökumətinin virusla mübarizə üçün lazımi dövlət vəsaitinin olmamasındadır. Burada olduğum müddətdə maraqlandım, COVID-19-un müalicəsi və xəstəxanalarda xidmət məsələsi üçün ciddi tədbirlər aparılmır. Vaksinasiya işi də iflas etmiş haldadır, hətta ağır, yaşlı, yoluxma riski olanlar belə, peyvəndə cəlb olunmur. Maska məcburiyyəti yoxdur, hər kəs istəyinə uyğun maska taxa bilir. Yaşlılar daha çox istifadə edir, orta və gənc nəsil demək olar ki, maskadan istifadə etmir”, - deyə Hüseynov bildirib.

Əlavə edib ki, hazırda Ukraynada gündəlik yoluxma və ölüm halları az deyil: “Gündəlik yoluxma faktı 10 mindən yuxarıdır (son statistikaya görə, bu ölkədə əhali sayı 43 milyon nəfərdir – R.E.), amma burada narahatlıq görmədim. Bir məqam var ki, apteklərdə dərmanla bağlı sıxıntı yoxdur, istehsal bazarı güclüdür, əczacılıq şirkətləri hələ Sovet dövründə tələbatı ödəyə bilirdi. Sadəcə COVID-19 ilə bağlı preparatların azlığı müşahidə olunur. Məncə, insanların pandemiyanın ciddiyyətinə varmaması ölkəni gələcəkdə daha acınacaqlı hala sala bilər”.

İnfeksionist Vüqar Cavadzadə isə AYNA-ya şərhində ölkədə mart ayı ərzində yoluxmaların sayının 200 nəfərdən 2200 nəfərə yüksəlmə səbəbinə belə aydınlıq gətirib: “Bir ay ərzində yoluxmalar 10 dəfə artdı. Fikrimcə, bu artım Biritaniya ştammı (B1.1.7) hesabına baş verir. Əvvəlki aylarla müqayisədə indiki xəstələr 2-3 günə ağırlaşır. Temperatur qısa zamanda 40-41 dərəcəyə yüksəlir. Temperaturu salmaq çox çətin olur. Klinik əlamətlər daha kəskin davam edir”.

Mütəxəssis mövcud vəziyyətlə bağlı öz təkliflərini də irəli sürüb: “Məncə, gündəlik yoluxanlar arasında epidemik anamnez toplamaq lazımdır. Yəni bunlar 14 gün ərzində harda olublar, hara gediblər, hərarəti olan xəstələrlə kontaktda olublarmı və sair”.

“Son 15 gündə yoluxan xəstələr arasında kiçik təhlil apardım. Nəticədə görürəm ki, yaşlı insanlar daha çox yas yerlərində kütləvi yoluxurlar. Maraqlısı odur ki, yaşlı insanlar koronavirusdan dünyasın dəyişən insanın yasına gedirlər. Gənclər daha aktiv həyat tərzi keçirdiyinə görə avtobuslarda, kafe və restoranlarda daha çox yoluxurlar. Yoluxmalar daha çox baş verən yerlərdə təhlillər aparılsa, əksepidemik tədbirlər gücləndirilsə, yaxşı olar”, - deyə Cavadzadə əlavə edib.

Şərhlər

XƏBƏR LENTİ