SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Pul da gedir, diplom da tanınmır... - PROBLEM

Pul da gedir, diplom da tanınmır... - PROBLEM

Tarix:

31-03-2021, 11:53

/ 686 dəfə oxundu.
Pul da gedir, diplom da tanınmır... - PROBLEM

Təhsildə Keyfiyyət Təminatı Agentliyində xarici ali təhsilə aid kvalifikasiyaların tanınması üzrə müraciət edən ərizəçilər barədə mənfi qərarların səbəbləri arasında iki göstərici üstünlük təşkil edir. Səbəblərdən biri tələbənin təhsil səviyyəsi və forması üzrə ali təhsil müəssisəsində tələb olunan müddətdən az olması, digəri isə təhsilin məzmununu mənimsəmək üçün tələb olunan minimal dil biliklərinin olmamasıdır.

Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, hər iki imtina səbəbi ilk növbədə əsassızdır:

"Ona görə ki, tələbə oxumağa getdiyi ölkənin universitetində semester müddətini özü müəyyən etmir. Tələbə gedir oxumağa, ona deyilir ki, sənin semestr müddətin misal üçün, qiyabi təhsildirsə, 5 və ya 6 gündür, əyanidirsə, 80 gündür və s. Ümumiyyətlə, diplomun tanınması üçün vaxt məhdudiyyətinin tətbiq edilməsi əsassızdır və qanunvericilik aktlarına ziddir.

Bu, təhsil alma hüququnun məhdudlaşdırılması və pozulmasıdır. "Nostirifikasiya haqqında" qanun və qaydalarda bu müddət qeyd olunmayıb. Mülki Məcəlləyə istinadən bu qərarın çıxarılması isə yanlışdır. İkinci imtina səbəbi olan tədris dili ilə bağlı imtina səbəbi də əsassızdır. Bu, xarici ölkə universitetinin qərarına hörmətsizlikdir. Tələbə bəlkə özünə tərcüməçi tutub oxuyub? Buna ki, qanun qadağa qoymur? Bəlkə tələbə hansısa linqvistik proqram ilə oxuyub? Ümumiyyətlə, hesab edirəm ki, Təhsil Nazirliyinin diplomların tanınması ilə bağlı prosedur qaydaları köhnədir və lazımsızdır".

K.Əsədov əlavə edib ki, çox təəssüf ki, bu gün Azərbaycandan xaricə kütləvi şəkildə insanlar təhsil almağa gedirlər və bu da nəticədə xoşagəlməz situasiyalara səbəb olur:

"Konkret rəqəmləri desək ki, bu günləri Azərbaycandan kənarda təkcə qardaş Türkiyədə 20 min, Ukraynada 9 min, Gürcüstanda 3 min təhsil alır. Ümumiyyətlə, qeyd edim ki, 45 minə yaxın azərbaycanlı gənc dünya ölkələrində öz vəsaitləri hesabına təhsil alırlar. Bu da ölkədən kənara böyük həcmdə vəsaitin getməsinə, eyni zamanda beyin axınının getməsinə gətirib çıxarır.

Nəticədə gənc işçi qüvvəsini itiririk. Onlar da bəzən xarici ölkələrdə müəyyən siyasi, yeni təsirlərə məruz qalırlar. Digər problem isə onlar qayıdıb gələndən sonra yaşanır. Ən böyük problemlərdən biri məhz həmin şəxslərin diplomlarının tanınması ilə bağlıdır. Qeyd edim ki, diplomların tanınmamasının əsas səbəbi həmin universitetlərin fəaliyyət göstərdiyi ölkədə lisenziyalarının olmamasıdır.

Yəni onların rəsmi fəaliyyət icazələri yoxdur. Bunu da tələbələr bilmirlər. Çox təəssüf ki, Azərbaycanda bir sıra xarici ölkələrdə təhsil xidmətini göstərən şirkətlər özlərinin kommersiya maraqlarına görə həmin tələbələri univeristetlərə qəbula alırlar. Təbii ki, bu çox ciddi bir problemdir. Məsələn, Ukraynanın bir sıra univeristetləri var ki, onların filialları Gürcüstandadır və onlar distant təhsil verə bilirlər.

Amma Azərbaycan qanunvericiliyi distant təhsili tanımır. Azərbaycanlı gənclərdə məhz Gürcüstanda oxumaq adıyla gedirlər həmin Ukraynanın filiallarına. Sonda da məlum olur ki, həmin universitetlərin lisenziyası yoxdur.

Ancaq bunu yalnız 4 ildən sonra bilirlər. Nəticədə 4-5 il vaxt itirir, hər il də kifayət qədər vəsait xərcləyir və qayıdıb gəldikdə artıq diplom tanınma problemi olur. Bu problemin aradan qalxması üçün hər bir kəs xarici ölkəyə getməmişdən əvvəl həmin şəxslər vahid portalda həmin universitetin, həmin ölkə ərazisində fəaliyyət icazəsinə malik olub-olmamasını yoxlamalıdırlar. Ondan sonra həmin ölkəyə getməlidir ki, qayıdıb gələndə bu problemi yaşamasın. Valideynlər və abituriyentlər mütləq hansısa xarici təhsil şirkətinə müraciət edəndə son dərəcədə diqqətli olsunlar. Araşdırsınlar və mütəxəssislərə müraciət etsinlər.

Çox təəssüflər olsun ki, Azərbaycan gəncləri kimlərinsə kommersiya və pul maraqlarının qurbanına çevrilir. Hər il kifayət qədər tələbə olur ki, onların məhz bu problem ucbatından diplomlarının tanınmasından imtina olunur".

Şərhlər

XƏBƏR LENTİ