SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Vaqif Mustafayev Şuşa fatehinin anasına təzyiq göstərib? - QALMAQAL

Vaqif Mustafayev Şuşa fatehinin anasına təzyiq göstərib? - QALMAQAL

Tarix:

20-03-2021, 10:53

/ 629 dəfə oxundu.
Vaqif Mustafayev Şuşa fatehinin anasına təzyiq göstərib? - QALMAQAL

Bugünlərdə redaksiyamıza müraciət edən Gəncə şəhər sakini Xuraman Bəhmən qızı Tarverdiyeva qudası Afət Teymur qızı Xəlilovanın bir müddət öncə “Space” telekanalında Amil Xəlilin təqdimatında yayımlanan “Gəl dərdini danış” verilişində ailəsinə şər, böhtan atdığını bildirdi.

29 ildir ki, Gəncə şəhəri 33 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəlliməsi kimi çalışdığını vurğulayan Xuraman Tarverdiyevanın sözlərinə görə, qudası verilişlərə gedib şantaj üçün vəkillərdən istifadə etməyə çalışır: “İndiyədək pedoqoji fəaliyyətimdə heç bir nöqsana, qüsura yol verməmişəm. Sadəcə, ailə həyatıdır, heç kəsdən asılı olmayan səbəblər üzündən qızım bədbəxt olub. Səhv adamla qohum olmuşam, qızımı yanlız insana vermişəm. Bu, mənim günahım deyil. Qeyd edim ki, qudam Xəlilova Afət Teymur qızı “Space” telekanalında Amil Xəlilin təqdimatında yayımlanan “Gəl dərdini danış” verilişinə çıxaraq, ailəmiz haqqında yalan, şər, böhtan xarakterli fikirlər səsləndirib. Qudam qızımı yola vermədi, mən də ayırdım. Əslində, orda verilişə çaxacaq böyük bir şey yox idi. Qudam qızımın cehizlərini, qızıllarını zəbt etmişdi. Bundan sonra məhkəməyə müraciət etdim, bir təhər cehizləri alsaq da, qızılları dandı. Yalandan dedi ki, guya qızılları mən götürmüşəm. Qızım bədbəxt olandan sonra gözümə heç qızıl görünər?! Qudam Xəlilova Afət birinci dəfə deyildi ki, bu cür yollara baş vurur. Belə ki, oğlunu ilk dəfə evləndirəndə o gəlinə qarşı da eyni hərəkəti edib, onun da əlindən qızıllarını alıb. Yəni, bu qadın artıq o yolları tanıyır, verilişlərə gedib şantaj üçün vəkillərdən istifadə etməyə çalışır”.

Bu cür adamların reytinq üçün verilişlərə lazım olduğunu vurğulayan şikayətçi qeyd etdi ki, “Gəl dərdini danış” kimi verilişlər mütləq bağlanmalıdır: “Çünki Azərbaycan ailəsi hər zaman öz sirrini, sözünü dörd divar arasında saxlayıb. Axı, bu nədir?! Ağsaqqallar, ağbirçəklər var, hüquq-mühafizə orqanları var. Amil Xəlil kimdir ki, hüquq qorusun. Onu da qeyd edim ki, o, hərbi xidmətə getməyib, yaşını bir il azaldıb. Mən bunu sizə faktla deyirəm.

Nə isə, məhkəməyə 2 gün qalmış qudam Amil Xəlilin verilişinə getdi. Belə ki, 2020-ci ilin iyun ayının 12-də məhkəmə olmalıydı, ayın 10-da bu qadın – Afət Xəlilova gedib verilişə çıxdı. O, veriliş boyu barəmdə ağ yalan danışdı. Bildirdi ki, guya mən ona böhtan atıram. Guya demişəm ki, qızıllar məndədir. Bir sözlə, yalan, böhtan xarakterli sözlər deyib. Bundan sonra Amil Xəlil mənə zəng etdi. Bildirdi ki, Xuraman xanım, qudanız verilişə gəlib, sizdən narazıdır, iddiaları var, suallarıma cavab verin. Mən də dedim ki, sizin suallarınıza cavab verməyəcəm. Əvvəla, o, qabaqcadan araşdırmalı, mənlə maraqlanmalıydı, həmçinin Afət Xəlilova barəsində yaşadığı rayondan, polisdən məlumat əldə etməliydi. Bu qadın haqqında çoxlu sayda şikayətlər var. Lakin Amil Xəlil bunların heç birini etməyib. Ona bildirdim ki, ailə sirrim mənə aiddir, bu, bir qızın həyatıdır. Beləcə, Amil Xəlilin suallarına cavab vermədim. Bundan sonra o, “Ay camaat, görürsünüz bu necə tərbiyasiz müəllimədir. Xahiş edirəm, şagirdlərindən və Gəncə şəhər təhsil şöbəsindən onun haqqında mənə məlumat versinlər ” deyə, efir vasitəsiylə məni təhqir etməyə başladı. Bununla da artıq mənim müəllimliyim müzakirə predmeti oldu. Hələ bu, azmış kimi, Amil Xəlil veriliş zamanı Samux Rayon Məhkəməsinin hakimi Nizami Hümbətova səslənərək dedi ki, qərarı bu qadının – Xəlilova Afətin xeyrinə verin. Yəni, Amil Xəlil açıq-açığına mənə qarşı şəxsi-qərəzlik etdi, özünü “reket jurnalistlər”ə xas tərzdə apardı. Hakim də onun sözüylə üzümə yalançı şahidlər qoydu ki, guya qızıl əvvəldən məndə olub. Mənə tor qurulduğunu müəyyən etdikdən sonra qərardan apellyasiya şikayəti verdim. Eyni zamanda, şərəf və ləyaqətimi alçaltdığına görə Amil Xəlildən Yasamal Rayon Məhkəməsinə şikayət etdim. Xəlilova Afətdən də şikayət etdim ki, ailə sirrimi yayıb, müəllim nüfuzuma alçaldıcı ifadələr işlədib. Qeyd edim ki, mən hərbçi anasıyam, oğlum Qarabağ müharibəsi iştirakçısı, Şuşa fatehidir. Hələ də qarda, boranda Vətənin keşiyini çəkir. Mənim kimi tərbiyəli anaya, müəlliməyə Amil Xəlil tərbiyəsiz deyib. Ötən ilin noyabr ayının 5-də Yasamal Rayon Məhkəməsində iclas oldu. Hakim Fərid Əyyubov dedi ki, bu işə baxa bilmərəm. Bildirdi ki, “Space” telekanalının rəhbəri Vaqif Mustafayev ona zəng edib və deyib ki, bu işə baxma”.

Bundan sonra kor-peşman Bakıdan Gəncəyə qayıtdığını deyən Xuraman Tarverdiyeva bildirdi ki, Amil Xəlil ona ismarıc göndərib və bu zaman yenidən təhqir edib: “Həmin gün Daşaltıda ağır döyüşlər gedirdi, oğlum da həmin döyüşlərdə iştirak edirdi. Qeyd edim ki, bir qədər sonra yenidən apellyasiya şikayəti verdim, ölkə başçısına və digər müvafiq qurumlara hüquqlarımın pozulduğuna dair müraciət etdim. Fikir verin, oğlum Qarabağda döyüşdə, Gəncəyə raketlər atılır, məhz bu vaxt Amil Xəlil mənə sms yazdı, yenidən ağır formada təhqir və təhdid etdi. Deyir ki, bizi çox məhkəmələrə veriblər və həmişə də biz udmuşuq. O, mənim şikayətimi geri götürməyimi istədi. Bundan sonra Milli Televiziya və Radio Şurasın zəng etdim və Amil Xəlilin əməlləri barədə məlumat verdim. Şuradan onu məhkəməyə verməyimi məsləhət gördülər. Nəhayət, ölkə başçısına, Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova yazdım. Arada oğlum evə gəldi, ona dedim ki, baş verənlərlə bağlı Ali Baş Komandana teleqram vur. Çünki hüquqlarım pozulur, nüfuzuma xələl gətirilir, məhkəmələr işə ədalətlə baxmır. Oğlumun teleqramından sonra indiyədək baxılmayan ərizələrim yenidən qaldırıldı, neçə yerdən zənglər gəldi. Prezident Administrasiyasından da zəng olundu və dedilər ki, veriliş tarixini deyin, biz də verilişə baxacağıq. Səhəri gün Amil Xəlil zəng etdi və onu bağışlamağımı istədi. Onu da qeyd edim ki, onun prodüseri, səhv etmirəmsə adı İlkin olmalıydı, o dedi ki, bura Sevil Əliyevanın kanalıdır. Mən həmin səsi müəyyən bir şəxsə göndərdim. Əminəm ki, o səs Sevil xanıma çatdı. Bundan sonra Vaqif Mustafayev işdən çıxdı. Həmin gündən sonra bir həftə Amil Xəlinin verilişi dayandı. Sonra yenidən bərpa olundu. Prezident Administrasiyasından mənə zəng gəldikdən sonra isə Amil Xəlilin verilişi bağlandı. Buna görə “Space” telekanalını yeni rəhbəri Kamil Şahverdiyevə təşəkkür edirəm. O zəng etdi və kanal tərəfindən mənə vurulan ziyanın kompensasiya olunacağı barədə təklif etdi. Ona bu məsələyə diqqət ayırdığına görə minnətdarlığımı bildirdim. Beləcə, artıq mən bəraət qazandım. Vaqif Mustafayevlə Amil Xəlil isə cəzalarını aldılar”.

P.S. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. //hurriyyet.az//

Şərhlər

XƏBƏR LENTİ