SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 'Aprel döyüşçüsü'nün atası şikayətçidir - "Konkret deyirlər ki, dərman yoxdur"

'Aprel döyüşçüsü'nün atası şikayətçidir - "Konkret deyirlər ki, dərman yoxdur"

Tarix:

5-05-2017, 17:50

/ 139 617 dəfə oxundu.
'Aprel döyüşçüsü'nün atası şikayətçidir - "Konkret deyirlər ki, dərman yoxdur"

Ötən il aprel döyüşlərində yaralanmış Ruzi Tağıyevin atası Çapar Tağıyev oğlunun həyatının təhlükədə olduğunu deyir. Səbəbsə, vaxtında qəbul etməli olduğu dərmanları əldə edə bilməməsidir.
Ata iddia edir ki, Ruzi Tağıyev orduda xidmət edərkən həm də leykoza tutulub. Əsas çatışmayan dərmanlar da bu xəstəliyə görə olanlardır. Çapar Tağıyevin sözlərinə görə, Səhiyyə Nazirliyinin qərarı ilə oğlu Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda dərman preparatları ilə təmin olunmalıdır. Ancaq ata övladının dərmanlarına görə bir müddətdir ki, İnstituta gedir və əliboş qayıdır: «Övladım ərazi bütövlüyümüz uğrunda sağlamlığını itirib. İlk vaxtlar Mərkəzi Hərbi Hospitalda yatanda yaxşı diqqət göstərildi, dərmanla da təmin olunurdu. Ancaq ordudan tərxis olunandan sonra müalicə və müayinələrdən ötrü Səhiyyə Nazirliyinin tabeliyindəki Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutuna göndərildi. O vaxtdan da dərmanları Türkiyədən sifariş etdirirəm».
Ç.Tağıyev hesab edir ki, övladı bu xəstəliyə hərbi xidmət zamanı tutulduğuna görə dövlət onun xaricdə əməliyyatını (ilik köçürülməsi) özü təmin etməlidir. Ancaq bu gözləntiləri ona xəyal kimi görünür: «Bilirəm ki, bu bizim üçün bir xəyaldır. Ancaq heç olmasa, vaxtında dərmanlarını versin, uşaq ölməsin. Nə yaşı var ki – 21...».
Onun sözlərinə görə, övladının dərmanlarına görə xeyli borclanıb. Kasıb ailə indi nə borcları qaytara, nə də dərmanları ala bilir. Ata Səhiyyə Nazirliyinin qaynar xəttinə də dəfələrlə zəng vurub.
Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutundan bildirilib ki, xəstələri siyahıdakı pulsuz dərmanlarla təmin etməkdə sıxıntı yoxdur. «Səhiyyə Nazirliyinin göndərdiyi siyahılardakı bütün xəstələr pulsuz dərmanla təmin olunur. Bəlkə hansısa sənəd çatışmazlığı var. Yenə də araşdırmağa ehtiyac var», – İnstitutdan bildirilib.

Səhiyyə Nazirliyindənsə bildirildi ki, Ç.Tağıyev quruma ərizəylə müraciət etsə, məsələ araşdırılar.

Şərhlər

XƏBƏR LENTİ