SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bayramı necə qara gətirməli? – Bayramlılar düşünür

Bayramı necə qara gətirməli? – Bayramlılar düşünür

Tarix:

12-03-2021, 16:38

/ 710 dəfə oxundu.
Bayramı necə qara gətirməli? – Bayramlılar düşünür

Bir həftədən çoxdur ki, yenicə yumşalan karantin tədbirlərinin bayram günlərində sərtləşəcəyi barədə ordan-burdan – yəni deputatın, infeksionistin, həkimin diliylə “ictimai şüura” təlqinetmə başlayıb.

İkincə gün öncə həkimlərdən biri dedi ki, yoluxma 500-ü keçsə, qapanma olacaq. Bu sözü eşidən və yaxud bu sözü o həkimin diliylə deyən kimi - TƏBİB yoluxmanı bircə günün içində 600-ə çatdırmadımı? Yox, 600-dən də o tərəfə adlatdı. Yəqin bu gün 700-ün belini qırarlar.

Səbəb insanların burnundan hələ gəlməyən Novruzun tətilini gətirməkdirmi?

Onsuz da əsəb, gərginlik pikdədir, insanlar bir ildir normal işləyə, dincələ, istirahət edə bilməməkdən bezara gəlib. Hamı böyük ümidlə Novruzdakı 9 günlük tətilə köklənmişdi, çünki bundan öncəki bayramlarda sərt karantin vardı. İndi isə yollar açılıb, hətta məktəblərdə əyani tədris də qismən bərpa edilib, iş də azacıq normala dönür. İnsanlar ən azı stressi atmaq üçün planlar qurmağa başlamışdı. Rayon otellərindəki vəziyyətlə bağlı bir araşdırma apardıq və bəlli oldu ki, iqtisadi çətinliklərə baxmayaraq, otellərdə bayram günləri üçün otaq tapmaq çətinləşib. Artıq insanlar indidən sifariş ediblər.

Novruz bayramı yaxınlaşdıqca günlük yoluxma statistikasının qalxdığını müşahidə edənlərin psixoloji durumunu təsəvvür etmək çətin deyil. Uzağa getmədən sosial şəbəkələrə girmək kifayətdir: hamı TƏBİB-dən OQ-a qədər, hər kəsi yaxşıca “tənqid” edir – yumşaq desək.

Sağ olsun TƏBİB də, OQ də, bu “tənqid sərhədlərinin aşılmasına” anlayış göstərirlər, çünki xalqın hazırkı psixoloji durumunu anlayırlar. Necə də olmasa, həkimdirlər axı, yaxşı bilirlər nə baş verir.

Ancaq yaxşı bilmədikləri, daha doğrusu, ümumiyyətlə xəbərsiz olduqları bir məsələ var: o da virusun qarşısını almaq üsuludur.

Restoranları açır və ara məsafəsinin qorunmasını tapşırır. 8 martda Bakı kafelərindən yayılan videoları görmüsünüzmü? Adamlar yeyib-içir də, oynayır da, oxuyub, bir-birini ağzına da girir. Ara məsafəsi hərləyən varmı?

Hələlik o yayılan videolarla bağlı tədbirlərin görüldüyü də açıqlanmayıb. Belə çıxır ki, 8 martda bütün restoranlarda oynayıb, nəfəs-nəfəsə qalmaq, həm də masaları bir-birinin böyrünə dürtüşdürmək (daha çox müştəri tutsun və daha çox qazansın deyə) olar, ancaq yığcam toy mərasimi keçirmək olmaz.

Toy – təkcə ənənə deyil, həm də birbaşa genefondla bağlı məsələdir. Bu gün doğuş sayında bu hiss olunmaya bilər, ancaq “sabah” – bir neçə ildən sonra bunun fəsadlarını mütləq yaşayacağıq.

Qərar verməyə məsuliyyətli olan şəxslər ən azı bunu düşünməli və toyların keçirilməsinə hansısa formada imkan yaratmalıydılar. Aylardır ki, müstəqil ekspertlər toyların keçirilməsi üçün təlimat hazırlanmasının vacibliyini deyirlər. Ancaq nolsun ki deyirlər? TƏBİB də onları hərləmir!

Qərar verənlərin həm də “aşağıdakı proseslər”dən xəbəri yoxdur. Hər gün desək də, onlar yenə də başa düşmürlər ki, yoluxma daha çox marşrutlarda baş verir.

Qınamıram onları: hər gün səhər xidməti və ya şəxsi maşınla işə gedib-gələn adamın əhalinin marşrutlarda necə zillət çəkməsindən necə xəbəri ola bilər ki? Onlar hardan bilsinlər ki, marşrutlarda “iki oturacaqdan birinin boş qalması” barədə bir müddət əvvəl yazılıb-yapışdırılan və təbliğ edilən “sosial məsafə oyunu” artıq oyun kimi belə yoxdur. Əksinə, indi avtobuslarda sıxlaşmayanda, bir-birinin üstünə çıxmayanda adama birtəhər baxırlar – çünki saatlarla marşrut gözləyən insanlar işə vaxtında çatmaq və yaxud evə qayıtmaq arzusu ilə qovrulur. Onun hansı əsəb gərginliyi keçirdiyini, koronanı deyil, ölümü belə artıq hərləmədən avtobusa minmək üçün necə mücadilə apardığını dərk etmək üçün çox yox, bircə dəfə səhər saatlarında TƏBİB rəhbəri Ramin Bayramlı və yaxud OQ-un məsullarının işə avtobusla getməsi lazımdır.

Yalnız bircə dəfə marşrutdan istifadə etsələr, dərk edəcəklər!

Rəsmi qurumlardakı iş vaxtlarını dəyişmək və ilaxır tədbirlərlə hansısa formada sərnişin sıxlığına müdaxilə etməyin zəruri olduğunu dərk etməyənlər bu millətin bayramlarını qara gətirməyə davam edirlər.

Çox böyük ehtimalla, Novruzu da normal qeyd etməyə imkan verməyəcəklər və qapanma olacaq. 14 fevral və 8 martda diskotekaları açıb, hamını başlı-başına buraxanların 20 martda niyə sərt qərar verdiyini isə bu xalq heç vaxt başa düşməyəcək.

Çünki bu xalqın böyük əksəriyyəti səhər tezdən villasından mühafizə altında xidməti maşınına minib işə getmir; çünki bu xalqın böyük əksəriyyəti qadağalar tətbiq edib, sonra Quba şəlaləsindən istirahət fotoları paylaşa bilmir – çünki polis postunu keçə bilmir; çünki bu xalqın böyük əksəriyyəti diskotekalarda nəfəs-nəfəsə atdanıb-düşmür.

Onlar ən yaxşı halda Novruz tonqalının üstündən atlana bilərdilər ki, ona da səlahiyyətlilər imkan tanımayacaq.

Qadağaları tətbiq edənlər özləri o qadağalar çərçivəsində yaşamadıqca, əhalini başa düşməyəcəklər və proses beləcə də gedəcək...

Yəni Bayramlılar bayramsız qoyduğu xalqın səsini hərləmədiyi kimi, evə gedə bilmək üçün çarpışan xalq isə Bayramlıların qərarlarını hərləməyəcək.

Amma korona hamımızı hərləyir - Bayramın, Bayramlıların və bayramsız qoyulanların canı üçün...

Kult.az

Şərhlər

XƏBƏR LENTİ