XalqXəbər.Az

XalqXeber.Az » Sosial » "Aztelekom" MMC-də şübhəli tenderlər - Vergi borcu olan MMC-lər qalib oldu

"Aztelekom" MMC-də şübhəli tenderlər - Vergi borcu olan MMC-lər qalib oldu

"Aztelekom" MMC-də şübhəli tenderlər - Vergi borcu olan MMC-lər qalib oldu
9-02-2021, 09:33

Sumqayıt Telekommunikasiya Qovşağı 126.579 manatlıq satınalmaya yekun vurub.

Qlobal.az xəbər verir ki, bu satınalmada şübhəli görünən məqam satınalma üzrə qalib elan edilən hər üç şirkətin fəaliyyət profilləri barədə məlumatın olmaması və dövlətə hər üç şirkətin külli miqdarda vergi borcunun olmasıdır.

Sumqayıt Telekommunikasiya Qovşağının "Sumqayıt TKQ-nın 656/657/658 saylı EATS-nin təbii fəlakət nəticəsində yararsız hala düşmüş dam örtüyünün bərpası xidmətinin satın alınması" lotu üzrə sifarişçi olduğu 49.200 manat smetası olan satınalmanın qalibi "BAREL-58" Məhdud Məsuliyyətli Cəmiyyəti elan edilib.

"BAREL-58" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlətə olan vergi borcu hazırda 983 manat təşkil edir.

Qurumun "Sumqayıt Telekommunikasiya Qovşağının xidməti ərazisində 39 ədəd ONU avadanlığının özülünün və torpaqlanma konturlarının tikintisi işləri" lotu üzrə sifarişçi olduğu 27.883 manat smetası olan satınalmanın qalibi isə "BDU 784" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

"BDU 784" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlətə olan vergi borcu hazırda 3027 manat təşkil edir.

Sumqayıt Telekommunikasiya Qovşağının "4 mkr 642/644/652 EATS-nin binasinin fasadının təmiri" lotu üzrə sifarişçi olduğu 3-cü, sonuncu satınalmanın qalibi isə "Real-AMM" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Bu şirkətin isə dövlətə 983 manat vergi borcu var.

Qeyd edək ki, hər üç şirkətin fəaliyyət profilləri, maddi texniki bazaları, işçi və mühəndis heyəti barədə məlumat yoxdur.

Xatırladaq ki, Azərbaycan Respublikasının "Dövlət Satınalmaları Haqqında" Qanuna görə dövlət satınalmalarında iddiaçı qismində iştirak edən təşkilatların tender komissiyasına təqdim etdikləri sənədlər toplusunda son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş arayışın da təqdim edilməsi göstərilir.

Dövlət qarşısında vergi mükəlləfiyyətlərini yerinə yetirə bilməyən şirkətlərin Sumqayıt Telekommunikasiya Qovşağının sifarişçi olduğu satınalmalarda hansı əsaslarla iştirak etdiklərini və qalib elan edildiklərini öyrənmək üçün Qlobal.az sözügedən qurumla əlaqə saxlayıb. Qurumdan bildirdilər ki, Sumqayıt Telekommunikasiya Qovşağı "Aztelekom" MMC-yə tabe qurum olduğu üçün Qovşağın sifarişçi olduğu satınalmaları MMC həyata keçirir.

"Aztelekom" MMC-dən məsələyə münasibət bildirmədilər.

Xatırladaq ki, ötən ilin noyabr ayında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Aztelekom” MMC-nin rele avadanlıqlarının alınması, təmizlik işləri üçün təsərüffat mallarının alınması, eləcə də inzibati binasında və struktur bölmələrində cari təmir-tikinti işlərinin aparılması üçün elan etdiyi tenderlərin nəticələrini ləğv edib.

Qlobal.az
"Aztelekom" MMC-də şübhəli tenderlər - Vergi borcu olan MMC-lər qalib oldu






XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.