XalqXəbər.Az

XalqXeber.Az » Sosial » "Azərsu" bizi qeydiyyata almır, ödədiyimiz pullar hara gedir?

"Azərsu" bizi qeydiyyata almır, ödədiyimiz pullar hara gedir?

"Azərsu" bizi qeydiyyata almır, ödədiyimiz pullar hara gedir?
5-02-2021, 13:52

Masazır qəsəbəsi, "Yeni Bakı" yaşayış kompleksinin 650 mənzil sahibi Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.

3000-dən çox sakin uzun müddətdir yaşayış kompleksində içməli su sisteminin düzgün qurulmamasından, su sayğaclarının “Azərsu” ASC-yə təhvil verilməməsindən, su rezervuarlarının təmiz saxlanılmamasından, “İlin Dörd Fəsli” MMC-nin qanunsuz əməllərindən, qanunsuz komendantlığının istədiyi vaxt suyu kəsməsindən şikayətçidilər. Sakinlər mövcud vəziyyətlə bağlı dəfələrlə "Azərsu" ASC-yə müraciət etsələr də qurum kompleksin su sisteminin standartlara cavab vermədiyini əsas gətirərək sayğacları rəsmi qeydiyyat almır. Şikayətçilərin müraciətini sizə təqdim edirik:

"Hörmətli Cənab Prezident,

Sizə bildirmək istəyirik ki, "Yeni Bakı" yaşayış kompleksini inşa etmiş "İlin Dörd Fəsli" (İDF) MMC-nin (şirkətin rəhbəri Elnur Hüseynovdur) kompleksdə çəkdiyi içməli su xətləri, bu xətləri hərəkətə gətirən nasoslar və çirkab sular axıdılan borular bərbad vəziyyətdədir. Ona görə də bu xətlər tez-tez sıradan çıxır və biz sakinlər içməli su problemi ilə üzləşirik. Bu problemin digər tərəfi isə içməli suyun və çirkab suların yığıldığı yeraltı rezervuarlardır. Kompleksdə içməli suyun depolandığı yeraltı rezervuarlarda indiyə qədər heç bir anti-sanitariya işləri aparılmayıb və mənzillərə verilən içməli sular heç də içməli vəziyyətdə deyil. Digər problem isə çirkab suların axıdıldığı yeraltı rezervuarlardır ki, bunlarda da germetizasiya işləri qaydalara uyğun aparılmadığından və vaxtaşırı təmizlənmədiyindən kompleksi ara-sıra pis qoxu bürüyür və bu üfunət sakinləri ciddi narahat edir.

Həmçinin qeyd etdiyimiz xətlər qaydalara uyğun olmayaraq binalarda mənzillərin daxilindən çəkildiyinə görə hər hansı problem yarandıqda məcburən sakinin mənzilində təmir işləri aparılır ki, bu da sakinləri əlavə xərcə salır.

Digər bir problem isə heç bir yaşayış kompleksində görünməyən bir problemdir ki, su sayğacları "Azərsu" ASC tərəfindən hələ də qeydiyyata alınmayıb. Bunun səbəbini "Azərsu"dan soruşduqda bizə bildirilir ki, kompleksdə su sistemi standartlara uyğun qurulmadığından “İDF” MMC ilə təhvil-təslim aparılmır və nəticədə sayğaclar da rəsmiləşdirilmir.

Başqa bir problemimiz də ondan ibarətdir ki, “İDF” MMC kompleksdə sakinlərdən qanunsuz ödənişlər tələb etmək üçün sudan təzyiq vasitəsi kimi istifadə edir. Qeyd edək ki, əvvəllər “İDF” MMC təzyiq məqsədilə elektrik enerjisindən istifadə edirdi. Ancaq elektrik sayğacları "Azərişıq" ASC-nin balansına keçdikdən və hər bir sakin fərdi abonent kimi tanındıqdan sonra bu məsələ qismən səngidi və “İDF” MMC məkrli oyununu bu dəfə su üzərindən həyata keçirməyə başladı. Artıq suyun fasilələrlə və ya aşağı təzyiqlə verilməsi şəhərcikdə adi hal alıb. Şəhərciyə qanunsuz şəkildə təyin olunan komendantlıqdan bunun səbəbini soruşduqda isə bizə gah su nasoslarının sıradan çıxdığı, gah kompleksə gələn içməli su xətlərinin diametrinin kiçik olması, gah da günahkarın "Azərsu" ASC olduğu bildirilir. Məhz "Azərsu"nun şəhərciyi su ilə tam təmin edə bilmədiyi vurğulanır. Belə vəziyyətdə 10 min nəfərdən çox sakini olan şəhərcik "Azərsu" ASC ilə üz-üzə qoyulur. Halbuki “İDF” MMC-nin "Yeni Bakı" şəhərciyi üzrə "Azərsu" ASC-yə 4 fevral 2021-ci il tarixinə borcu 40 min 360 AZN təşkil edir. Maraqlıdır ki, suya görə bu qədər borcu olan şirkət "Azərsu"ya ayda cəmi 1200-1300 manat ödəniş edir. 3200-dən çox mənzilin yerləşdiyi və 13 hektar ərazisi (böyük yaşıllıq sahəsi) olan şəhərcikdə bu qədər az suyun sərf edilməsi, əlbəttə ki, mümkün deyil. Burada sudan sayğacdankənar istifadəyə dair əsaslı şübhələr yaranır. Mənzildaxili sayğaclar rəsmi qeydiyyatdan keçmədiyi üçün bu vəziyyət “İDF” MMC-yə müəyyən maliyyə maxinasiyaları üçün şərait yaradır. Bir məsələ də var ki, 2021-ci ilin fevral ayının 1-dən etibarən Tarif Şurasının qərarına əsasən, hər kubmetr sudan istifadəyə (və çirkab suların atılması) görə, "Azərsu"ya 1 AZN ödənməlidir. Bu isə “İDF” MMC-yə növbəti maxinasiyalar üçün əlavə imkanlar verir. İstisna deyil ki, yeni mərhələdə “İDF” MMC sakinlərə daha çox təzyiq göstərəcək.

Hörmətli Cənab Prezident,

Sizdən xahiş edirik ki, "Yeni Bakı" yaşayış kompleksinin sakinlərinin fərdi abonent kimi tanınması və mənzillərin sayğaclarının rəsmi qeydiyyata alınmasını təmin etmək üçün göstəriş verəsiniz. Bundan başqa, “İDF” MMC-nin "Yeni Bakı" yaşayış kompleksində su təchizatı sistemini standartlara uyğun qurub-qurmadığını yoxlamaq üçün şəhərciyə komissiya göndərilməsi barədə də tapşırıq verəsiniz.

650-dək imza ilə bu müraciətimizin əslini Dövlətimizin Başçısına, surətlərini isə Baş Nazir Əli Əsədov və “Azərsu” ASC-nin rəhbəri Qorxmaz Hüseynova göndəririk.

Ümid edirik ki, Cənab Prezident bu problemimizin həlli üçün lazımi göstərişi verəcək..."(pravda.az)

[xfvalue_elave] XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.