SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Şəhid qəbiristanlığının cavabdehliyini üzərinə götürən tapılmır - Əgər bir həftə ərzində problem həllini tapmasa...

Şəhid qəbiristanlığının cavabdehliyini üzərinə götürən tapılmır - Əgər bir həftə ərzində problem həllini tapmasa...

Tarix:

29-01-2021, 15:47

/ 737 dəfə oxundu.
Şəhid qəbiristanlığının cavabdehliyini üzərinə götürən tapılmır - Əgər bir həftə ərzində problem həllini tapmasa...

Bugünlərdə sosial şəbəkələrdə, Qaradağ rayonunda II Qarabağ müharibəsi şəhidlərinin dəfn olunduğu qəbiristanlığı əks etdirən videogörüntü yayıldı. Kadrlarda şəhidlərin valideynləri övladlarının yeraltı sularla yuyulan ərazidə dəfn olunmasından şikayətlənirdilər. Şəhidlərdən birinin açılmış məzarı yeraltı sularla dolmuşdu və şikayətə dəlil olaraq göstərilirdi. Gördüklərindən hiddətlənən şəhidlərin valideynləri övladlarının İkinci Fəxri Xiyabanda yenidən dəfn olunmasını tələb edirdilər .

AYNA baş verənlərə aydınlıq gətirməyə çalışıb.

Qaradağ Rayon İcra Hakimiyyətinin (RİH) İnformasiya təminatı və təhlil şöbəsinin müdiri Şamama Ağamuradovanın sözlərinə görə, həmin qəbiristanlıq Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşməsinə baxmayaraq, Müdafiə Nazirliyinə məxsusdur: “Burada bütöv bir xatirə kompleksi tikiləcək. Bu qəbiristanlığın bizə heç bir aidiyyəti yoxdur”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının keçmiş rəisi, geoloq Əziz Qaralov deyib ki, hadisə yeraltı suların səthə qalxmasının nəticəsidir. “Əlbəttə ki, bir nasos qoyub yeraltı suyu çıxara bilərsiniz. Ancaq qrunt suları yenidən səthə qalxa bilər. Ən yaxşı həll yolu - qəbiristanlığı başqa yerə köçürməkdir”.

Bu qəbiristanlığa cavabdeh olan Müdafiə Nazirliyinin bu ərazini yeraltı sulardan necə təmizləyəcəyi maraqlıdır. Lakin Nazirliyin mətbuat xidmətinə dəfələrlə etdiyimiz zənglər, göndərdiyimiz sorğu cavabsız qaldı.

Sözügedən qəbiristanlıqda dəfn olunan şəhidlərin əksəriyyəti Yasamal rayonunun sakinləri idi və 27 yanvar 2020-ci il tarixdə onların valideynləri bu rayonun İcra Hakimiyyətində qəbulda olublar. Yasamal RİH-dən bildirilib ki, şəhid olanların yenidən dəfn edilməsi məsələsi fevralın 3-dək həll ediləcək. Valideynlər isə bəyan ediblər ki, bir həftə ərzində məsələ həll olunmasa, uşaqlarını başqa yerlərdə özləri dəfn edəcəklər.

Yasamal RİH-in Təsərrüfat şöbəsinin baş məsləhətçisi Rasim Əliyev əməkdaşımızla söhbətində deyib ki, şəhidlərin dəfn olunduğu qəbiristanlığın onların rayonları ilə heç bir əlaqəsi yoxdur. Əgər Yasamala dəxli yoxdursa, onda İcra Hakimiyyətində şəhidlərin valideynlərinə övladlarının yenidən dəfn olunmasına dair məsələni həll etməyə necə söz veriblər? Təəssüf ki, Əliyevdən bu sualın cavabını ala bilmədik.

Bu hadisədə kimin haqlı və kimin məsuliyyət daşıdığı yaxın gələcəkdə bilinəcək. Ekspertimizin dediyi kimi, gələcəkdə problemlərin qarşısını almaq üçün orada bütöv bir kompleks tikməzdən əvvəl qəbiristanlığı köçürmək daha yaxşıdır. Ümid edirik ki, 3 fevral tarixində qəbiristanlıqda baş verən insident öz həllini tapacaq, çünki bu uşaqlar nəyə-nəyə, amma bir parça normal torpağa sahib olmağa layiqdirlər... //AYNA.AZ//

Şərhlər

XƏBƏR LENTİ