SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Hərbçilərin maaşı niyə azaldılır?

Hərbçilərin maaşı niyə azaldılır?

Tarix:

25-01-2021, 12:25

/ 884 dəfə oxundu.
Hərbçilərin maaşı niyə azaldılır?

Döyüş bölgəsində xidmət edən hərbçilərin maaşları bir qata salınıb. Bu barədə Maliyyə Nazirliyindən hərbi hissələrə bildiriş göndərilib. Əgər zabitlər, gizirlər yanvar ayına qədər ayda 1200 manat alırdısa, bundan sonra 600 manat alacaqlar. İkiqat maaş sistemi ləğv olunur.

Sosial şəbəkələrdə maaşların azaldılmasına etiraz edən hərbçilərin videosu yayılır. Qarabağ qazisi, hərbi jurnalist Rey Kərimoğlunun “Facebook”da paylaşdığı videoda Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət edən zabit xahiş edir ki, maaşların yarıbayarı azaldılmasının qarşısı alınsın. “Bu, doğru deyil. Döyüş bölgəsində, qarlı, şaxtalı havada ağır şərtlər altında xidmət aparan hərbçilərə qarşı bu cür qərar qəbul edilməməlidir”, – deyə zabit gileylənir.

Qeyd edək ki, məsələ bir həftədir aktual olsa da, Nazirlər Kabineti, Maliyyə Nazirliyi və Müdafiə Nazirliyindən bu barədə hər hansı açıqlama verilməmişdi. Yanvarın 22-də, günün sonunda Maliyyə Nazirliyi açıqlama yaydı. Nazirlik bildirir ki, hərbi qulluqçuların pul və maddi təminatı “Hərbi qulluqçuların statusu haqqında” qanun əsasında həyata keçirillir. “Həmin qanunun 10.2-ci maddəsinə uyğun olaraq, döyüş şəraitində, döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulara həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanır”, – deyə açıqlamada qeyd olunur. Nazirliyin məlumatında deyilir ki, Ermənistan üzərində zəfər qazandıqdan sonra orduya cəlb edilən hərbçilərin bir hissəsi artıq tərxis edilib, bununla əlaqədar hazırda Müdafiə Nazirliyinin hərbi qulluqçularının sayının, o cümlədən “Hərbi qulluqçuların statusu haqqında” qanunun yuxarıda qeyd olunan maddəsinə uyğun ikiqat pul təminatı ilə əhatə olunan hərbi qulluqçuların sayının dəqiqləşdirilməsi zərurəti yaranıb:

“Vətən müharibəsindən əvvəl Müdafiə Nazirliyi ikiqat pul təminatını təmas xəttində xidmət keçən hərbi qulluqçulara ödəyirdi. Vətən müharibəsi zamanı isə Qarabağ ərazisində, döyüş şəraitində olan, habelə bütün digər döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulara ikiqat pul təminatı ödənilib. Hazırda, Ermənistanın kapitulyasiyasından sonra, təmas xəttinin uzunluğu, coğrafiyası və digər məsələlərin kardinal şəkildə dəyişməsi səbəbindən Müdafiə Nazirliyi ilə birlikdə ikiqat pul təminatı ilə əhatə olunacaq hərbi qulluqçuların sayının dəqiqləşdirilməsi həyata keçirilir. Bununla əlaqədar Maliyyə Nazirliyi Müdafiə Nazirliyinə müvafiq sorğular edib. Aparılan dəqiqləşdirmələr nəticəsində ikiqat pul təminatı alacaq hərbi qulluqçuların sayı müəyyənləşdirilərək qanunvericiliyə uyğun olaraq onlar müvafiq maliyyələşmə ilə təmin olunacaq. Bildiririk ki, rəşadətli Azərbaycan ordusunun hərbi qulluqçularının pul təminatı ölkə qanunvericiliyinə uyğun olaraq həyata keçirilir və maliyyələşmə bundan sonra da müvafiq qanunvericilik əsasında davam etdiriləcək”.

Jurnalist, Qarabağ qazisi Rey Kərimoğlu “Press Klub”a açıqlamasında bildirdi ki, hərbçilər bu məsələdən hədsiz narahatdır:

“Döyüş bölgəsində xidmət edən zabitlərin, gizlirlərin maaşları iki qat hesablanırdı. Məsələn, 500 manat alırdısa, 1000 manat ödənilirdi. Bu günlərdə Maliyyə Nazirliyindən ön cəbhədə olan hərbi hissələrə sənəd göndərilib. Orada yazılıb ki, yanvar ayından etibarən maaşlar bir qat olacaq. Bu, qətiyyən doğru deyil. Necə ola bilər ki, Müdafiə Nazirliyində oturan zabit də, Qubadlıda qarın, şaxtanın altında xidmət aparan zabit də 600 manat alsın?!”

Kərimoğlu qərarın necə, kim tərəfindən verilməsindən xəbərsiz olduğunu deyir:
“Bu, sabotajdır, Azərbaycanda yaranmış birliyi pozmaq, ordumuza qarşı təxribatdır. Bu məsələyə Müdafiə Nazirliyi deyil, Nazirlər Kabineti və Maliyyə Nazirliyi cavabdehdir. Maaşların azaldılmasını millətə, dövlətə, orduya xəyanət kimi qiymətləndirirəm”.

Hərbi ekspert Ədalət Verdiyev də “Press Klub”a açıqlamasında qeyd etdi ki, yayılan xəbərlər doğrudursa, bu, ölkə prezidentinin hərbi siyasətinə ziddir:

“Hərbçilərin maaşlarının azaldılmasını təklif edənlər gedib döyüş bölgələrində onların hansı şəraitdə xidmət apardıqını görüb, sonra qərar versinlər. Qarda-şaxtada, palçığın, suyun içində olan hərbçiyə necə demək olar ki, maaşın yarıbayarı azaldılır? Bu şəraitdə xidmət edən zabitə, gizirə 600 manat vermək olmaz”.

Hərbi ekspert Abuzər Əbilov da maaşların azaldılmasını yanlış hesab edir:

“Əvvəla, belə bir addımı atmaq çox tezdir. Həmin ərazilərdə minalanmış yerlər ciddi təhlükə deməkdir. Qoşunların dislokasiyası həyata keçirilir. Hər yan sökülmüş, dağılmış vəziyyətdədir, hərbi hissələr yoxdur, bunlar yenidən qurulmalıdır. Hərbçilər əvvəlki şəhərciklərindən uzaqda, çətin şəraitdə qalırlar. Buna görə hərbçilərin özlərinin xeyli əlavə xərci çıxır”.

Ekspertin sözlərinə görə, Maliyyə Nazirliyi və Nazirlər Kabineti bu məsələyə aydınlıq gətirmirlər, hərbçilər isə həddən artıq narahatdır.

Qeyd edək ki, Maliyyə Nazirliyinin açıqlamasına baxmayaraq, hərbçilər artıq yanvar ayı üçün nəzərdə tutulan maaşlarının iki dəfə azaldıldığını vurğulayıblar.

Şərhlər

XƏBƏR LENTİ