XalqXəbər.Az

XalqXeber.Az » Sosial » Elman Rüstəmova yarım milyonluq bina, xalqa isə baha benzin - Pandemiya müsbəti...

Elman Rüstəmova yarım milyonluq bina, xalqa isə baha benzin - Pandemiya müsbəti...

Elman Rüstəmova yarım milyonluq bina, xalqa isə baha benzin - Pandemiya müsbəti...
15-01-2021, 12:24

Azərbaycan hökumətinin iqtisadi bloku xalqın əsəbləri ilə məşğələ keçməkdədir. Əhalinin güzəranı pisləşdiyi vaxtda Mərkəzi Banka 218 milyon avroluq inzibati bina tikilməsinə hazırlıq gedir.
Hökumət yanacağı bahalaşdırmaqla sosial şəraiti daha da ağır fazaya keçirdiyi zamanda israfçılığından geri qalmır.
Pandemiya, müharibə, işsizlik, sosial və psixoloji gərginlik, Qarabağın yenidən qurulması xərcləri üst-üstə gəldiyi halda hökumət növbəti izafi məsrəfə yol verir.
Nə xalqın həyatında, nə dövlətin iqtisadi siyasətində ciddi təsirə malik olmayan Mərkəzi Banka 218 milyon avroluq (təxminən yarım milyardlıq) yeni bina tikilməsi haqlı olaraq qəzəb, hiddət doğurur.
Bu, kimin ağlının məhsuludur? Hansı müəllifin anekdot ideyasıdır? Ümumiyyətlə, Mərkəzi Bankı saxlamağınnə kimi iqtisadi faydası var?
Onun yerinə İqtisadiyyat Nazirliyinin və yaxud Maliyyə Nazirliyinin tərkibində müvafiq qurum yaradılması kifayət edir. Amma başbilənlər...
Bəli, hakimiyyət əhalinin sosial şəraitinin acınacaqlı vəziyyətində əsəbləri tarıma çəkməkdədir. Sosial şəbəkəyə baxın, qiyam qalxıb!
Niyə? Çünki milyardlar sağa-sola səpələnir, əvəzinə real iqtisadi təkliflər verənlər “banlayırsız”, “dilinizi qarnınıza qoyun” təpkiləri ilə qarşılaşırlar.
Real təkliflər olduqca sadədir - monopoliya ləğv olunmalı, kiçik və orta sahibkarlığa azadlıq verilməli, gömrükdə şəffaflıq təmin olunmalı...
Amma hökumət pandemiya dövründə belə ənənəvi siyasətindən imtina etmədi. Yenə inhisarçılıq, süni qiymət artımı, xərclərdə israfçılıq, sahibkarlığın sıxışdırılması, iri vergi ödəyicilərinə güzəştsizlik, aztəminatlı ailələrə və işsizlərə hər hansı ciddi dəstək olmaması, karantin dövründə heç bir kreativ ideyanın irəli sürülməməsi...
Biz təxminən bir ildir ki, karantin həyatı yaşayırıq və hökumət effektiv iqtisadi proqramla çıxış etməyib. Bu müddətdə xalq üçün nə ediblər?
Heç nə və bu azmış kimi, 2021 başlar-başlamaz xalqa “sürpriz” təşkil olunur, gecə ikən benzin və dizelin qiyməti artırılır, səhəri marketlərdə qiymətlər kəllə-çarxa qalxır, di gəl, hökumətdən tərpəniş yoxdur.
Anaxeber.info-nun hesablamalarına görə, pandemiya dövründə əhalinin tibbi sığortası tətbiq olunmayıb, qida təhlükəsizliyi təmin edilməyib, təhsildən Bakı və ətrafı, o cümlədən regionların böyük hissəsi kənar qalıb, işsizlik aylarla davam edib, sahibkarlar diz çöküb.
Amma başqa dövlətlərlə müqayisədə Azərbaycanda fəsadların aradan qaldırılması üçün irimiqyaslı tədbirlər görülməyib.
İşsizlər batalyonu genişlənib, orta sinif ləğv olunmaqdadır, sahibkarlıq məhv olub, borclar artıb, kredit ödəyiciləri ağır şəraitlə üzləşib, yoxsulluq artıb, hamı kasıblaşıb. Bu, başadüşüləndir. Pandemiyadır.
Bununla belə dövlət tərəfindən zərərlərin yarısının qarşısını almaq üçün təsirli addımlar atılmayıb. Xalq sürətlə səfalət içində yaşamaqdadır.
Baxın, 32 mərtəbəli 1 inzibatı binanın tikintisinə xərclənəcək 450 milyon manat baş bankir Elman Rüstəmovun anadan olduğunuz Cəbrayıl rayonunun bütövlükdə bərpası üçün nəzərdə tutulan vəsaitin 20 faizi qədərdir.
İkincisi, hazırkı dövrdə bu qədər israfçılığa etmək olmaz. Nəzərə alsaq ki, Qarabağın böyük bərpa planı üçün yaxın 3 ildə 8,6 milyard dollar xərclənməlidir.
Bu xərci ödəməyə gücü çatmayan, maliyyə təminatını borc vəsaitləri hesabına xaricdə axtaran, pul yığmaq üçün gündə bir Fond yaradan ölkənin AMB-nin bu qədər bədxərclik etməsinə nə lüzum var?
Nəhayət, bankların bağlandığı, manatla və valyuta ilə depozitlərin həcminin azaldığı, cəmi kredit qoyuluşlarının aşağı düşdüyü, milli iqtisadiyyatda 4 faiz enişin qeydə alındığı indiki şəraitdə belə bahalı inzibatı binanın tikintisinə 450 milyon manatın xərclənməsinə qərar verənlər başa düşməlidirlər ki, böyük binaların istismar və saxlanma xərcləri də çox olur.
Onsuz da belə iqtisadi siyasətlə yaxın 5-10 ildə Neft Fondu boşalacaq, aktivləri tükənəcək, beləliklə də onun 144 milyon 270 min manatlıq hər mərtəbəsində 5-10 nəfər işçisi olan binasına da ehtiyac qalmayacaq.
AMB bir az da gözləyib, birbaşa Neft Fondunun inzibatı binasına da köçə bilərdi. Sadəcə, bunu kimə deyirsən, yəni hökumət fikirləşmir?
Bütün bunlara isə peşəkar iqtisadçı Rövşən Ağayev qısa mövqeyi ilə möhür vurub “Maaşın və pensiyanın nominal məbləğinin nə qədər olması, son illərdə nə qədər artması vacib göstəricilərdir.
Amma onlardan daha vacib göstərici maaş və pensiyaların alıcılıq qabiliyyətidir. Məsələn, pensiyaçının aldığı vəsait 10 ildə 4 dəfə artandan sonra hələ də 10 il əvvəlki həcmdə ət, yağ, süd, digər vacib qida məhsulları ala bilirsə, deməli onun həyatı yaxşılaşmayıb. Baxmayaraq ki, cibindəki əskinaslar 4 dəfə çoxdur...”

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.