XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Dövlət büdcəsindən 2 milyon ələ keçirən məmurlar və iş adamı kimdir? — Şok faktlar

Dövlət büdcəsindən 2 milyon ələ keçirən məmurlar və iş adamı kimdir? — Şok faktlar

Dövlət büdcəsindən 2 milyon ələ keçirən məmurlar və iş adamı kimdir? — Şok faktlar
11-09-2020, 12:18

Kənd Təsərrüfatı Nazirliyinin layihələrinə ayrılmış pulların nağdlaşdırılaraq mənimsənilməsi ilə bağlı cinayət işi üzrə təqsirləndirilən nazirliyin maliyyə menecerinin assistenti olmuş Sevinc Zeynalova və Emil Bağırov və Pərvanə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sevinc Zeynalova 2016-cı ildə Kənd Təsərrüfatı Nazirliyində maliyyə menecerinin assistenti olan zaman Pərvanə İsmayılova, Esmira Əliyeva, Emil Bədəlov və digərləri ilə əlbir olaraq layihələrə ayrılan pulları ayrı-ayrı hesablara köçürərək ələ keçirib.

Bu əməliyyatlar Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsinin icrası zamanı baş verib.

Təqsirləndirilən Pərvanə İsmayılova İFAD (Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond) layihəsində xidmət müqaviləsi əsasında satınalma üzrə analitik vəzifəsində çalışıb.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sevinc Zeynalova elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, qeyd edib ki, 2013-cü ildən etibarən Kənd Təsərüfatı nazirliyi yanında “Kənd yerlərinin kompleks inkişafı” layihələrində xidmət müqaviləsi üzrə işləyib, xidmət haqqı aylıq təxminən 2.000 ABŞ dolları olub: “Xidmət haqqı aylıq olaraq bank hesabına köçürülüb və pulu oradan qəbul etmişəm. Maliyyə menecerinin assistenti kimi vəzifəsinə zəruri hesabat və məruzələrin hazırlanmasında yardım etmək, ödəniş və digər müvafiq sənədlərin icraedici orqandan banka və əksinə təqdim edilməsini təmin etmək və s. işlər aid olub. Əsasən pul köçürmələrinin əsası olan ödəniş tapşırıqlarını layihə rəhbəri və həmin vaxt agentliyin müvafiq xidmət rəhbərlərinin verdiyi rekvizitlər əsasında öz kompyuterində hazırlayıb və onları tərtib edərək layihə rəhbəri, maliyyə menecerinə imzalatdırıb, daha sonra isə xidmət rəisinin möhürü ilə təsdiq etdirərək müvafiq banka aparıb. Layihə üzrə ayrı-ayrı hüquqi şəxslərin bank hesablarına, o cümlədən layihə işçilərinin bank hesablarına xidmət haqqları köçürülüb”.

Sevinc Zeynalovanın sözlərinə görə, işlədiyi dövrdə müvafiq xidmət rəisləri və layihə rəhbəri layihə üzrə maliyyə sənədləri ilə əsasən özü işlədiyindən, yəni ödəniş tapşırıqları və digər sənədlərin hazırlanmasında birbaşa özü iştirak etdiyindən ona veriləcək göstərişləri icra etməyi, həmin göstərişlər barədə heç kimə məlumat verməməyi, veriləcək sənədləri apararaq banka çatdırmağı tələb ediblər: “Verilən göstərişləri icra etməyəcəyim təqdirdə isə işdən azad olunacağım ilə hədələnmişəm. Həmin iş üzrə də əmək haqqı yüksək olduğundan işimi itirməmək üçün onların dedikləri ilə razılaşmışam. Bundan sonra layihə rəhbəri ilk dəfə 2013-cü ilin iyun ayında əvvəlcədən hazırlanan möhürlü və rekvizitləri olan ödəniş tapşırıqlarını verərək banka aparmağı tapşırdı. Bundan başqa ödəniş tapşırığında digər şəxslərin əvəzindən özümün imza etməyimi tələb etdilər. Onlara heç bir etiraz etməyərək həmin saxta ödəniş tapşırığında vəzifəli şəxslərin əvəzindən imza edərək digər həqiqi ödəniş tapşırıqları ilə birlikdə banka apardım. Ödəniş tapşırığında olan şirkət barəsində heç bir məlumatım olmayıb”.

Sevinc Zeynalova qeyd edib ki, bundan sonra həmin vaxtdan başlayaraq 2018-ci ilin iyun ayınadək müvafiq xidmət rəhbərləri Abbas Allahverdiyev, Rüfət Rüstəmzadə, Mirzə Əliyev və layihə rəhbəri tərəfindən ona verilən saxta ödəniş tapşırıqları əsasında ayrı-ayrı hüquqi şəxslərin bank hesablarına və onun, Pərvanə İmayılovanın bank hesablarına qanunsuz pul köçürmələri həyata keçirilib.

Sevinc Zeynalova ona verilən ittihamda qeyd edilən 2.677.333,82 manat qanunsuz pul köçürmələrindən MMC-yə köçürülən məbləğlərdən başqa, digər hüquqi şəxslərə köçürülən pul vəsaitlərindən və onların nağdlaşdırılmasından məlumatsız olduğunu söyləyib: “Yalnız MMC-yə edilən pul köçürmələri müvafiq bank hesablarından məxaric edildikdən sonra pullar Emil Bağırov tərəfindən ona verilib. Mən də öz növbəmdə həmin pullardan müvafiq xidmət rəhbərlərinə adına köçürülən pulları isə məxaric etdikdən sonra məsul şəxsə təqdim etmişəm. Verilən pul vəsaitindən mənə və mənim vasitəm ilə təqsirləndirilən Emil Bağırova 2-3 faiz pul verilib. Sənədlərdə olan saxta ştamp və möhürləri xidmət və layihə rəhbərləri, o cümlədən Rüfət Rüstəmzadə hazırlayaraq istifadə üçün mənə verib. Həmin sənədlər həmin şəxslərin göstərişi ilə hazırlanıb”.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Emil Bağırov bildirib ki, 2007-ci il tarixdən fərdi sahibkarlıqla məşğul olub: “11 dekabr 2007-ci il tarixdə məhdud məsuliyyətli cəmiyyəti tərəfimdən yaradıldı və fəaliyyət göstərdi. Direktoru olduğum cəmiyyət əsasən gigiyenik salfet məhsullarının istehsalı ilə məşğul olub. Təqsirləndirilən Sevinc Zeynalova ilə yalnız uzaq qohumluq əlaqələrim var. Sevinc Zeynalovanın Kənd Təsərrüfatı Nazirliyinin yanında dövlət xidmətinin həyata keçirdiyi layihələrdə xidmət müqaviləsi əsasında işləməsindən xəbərim olub. 2013-cü ildə Sevinc xidmət rəhbərliyinin göstərişi ilə layihəyə məxsus bank hesablarından tanış insanlara məxsus şirkətlərin bank hesablarına pul köçürülməsində köməklik göstərməyi və bunun müqabilində hörmət olunacağını dedi. Həmin vaxtda mənim bank hesabım olduğundan ona etiraz etmədim və bank hesabıma ayrı-ayrı vaxtlarda köçürülən cəmi 606.681,21 manat pulu bankda nağdlaşdıraraq məxaric etdim, Sevinc Zeynalovaya verdim. Sevinc də bunun müqabilində mənə hazırda xatırlamadığım kiçik məbləğdə pul verdi. Sevinc də öz növbəsindəona verilən pulu xidmət rəisi və lahiyə rəhbərinə apararaq təqdim etdi. Direktoru olduğum cəmiyyətə köçürülən pullardan başqa heç bir əməliyyatda iştirak etməmişəm və bu barədə heç bir məlumatım olmayıb”.


Digər təqsirləndirilən Pərvanə İsmayılova da elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, qeyd edib ki, Sevinc Zeynalovanı Kənd Təsərrüfatı Nazirliyi yanında dövlət xidmətində işlədiyi vaxtlardan tanıyır: “2006-cı il tarixdən Kənd Təsərrüfatı Nazirliyi yanında dövlət xidmətinin həyata keçirdiyi müxtəlif layihələrdə müxtəlif vəzifələrdə çalışmışam. 2015-ci ildən isə xidmət müqaviləsi əsasında “Kənd Təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsində satınalma üzrə analitik vəzifəsində işləmişəm. Sevinc Zeynalova xidmətdə işləyərkən tanımışam. Sevinc digər layihə olan “Kənd yerlərinin kompleks inkişafı” layihəsində maliyyə menecerinin köməkçisi vəzifəsində işləyib. İşlədiyi dövrdə iş yoldaşım kimi yaxın münasibətlərimiz yarandı. Sevinc Zeynalov xidmət haqqı hesabının nağdlaşdırma limitinin bitdiyini bildirərək ona hesablanan artıq xidmət haqqının onun hesabına köçürülərək nağdlaşdırılmasını xahiş etdi. Bu məsələdə rəhbərliklərinin xəbərdar olduğunu, bu barədə ödəniş tapşırıqları da verildiyini bildirdi. Mən də Sevinclə razılaşdım. “Kənd yerlərinin kompleks inkişafı” hayihəsi üzrə bank hesablarııma cəmi 36.198,45 manat məbləğində köçürülmüş pul vəsaitini nağdlaşdıraraq Sevinc təqdim etdim. Həmin puldan mənə hər hansı məbləğdə pul verilmədi və ya özüm də istəmədim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 5 iyun 2018-ci il tarixdə işdə olarkən xidmətin rəhbərliyi tərəfindən dəvət edilib: “Sorğu-sual zamanı Sevinc Zeynalova onun vasitəsi ilə hansı qaydada hesabdan pul çıxarmasını etiraf etdim. Orada Sevincin məni aldadaraq qeyri-qanuni şəkildə saxta ödəniş tapşırıqları əsasında işlədiyi layihənin hesabından pulu onun hesabına köçürməsi və əldə etməsini öyrəndim”.

Məhkəmədə zərərçəkmiş şəхsin nümayəndəsi Elmar Cəlilоv izahatında Zeynalоva Sevinc Fikrət qızı, Bağırоv Emil Elmar оğlu və İsmayılоva Pərvanə Tahir qızından cəmi 2.535.353,81 manat məbləğində pul tutularaq Aqrar Kredit və İnkişaf Agentliyə ödənilməsini, həmçinin təqsirləndirilən şəхslərin əmlaklarının maddi ziyan hesabına ödənilməsini хahiş edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sevinc Zeynalov 10 il 6 ay, Emil Bağırov 7 il müddətinə azadlıqdan məhrum edilib. Pərvanə İsmayılova isə 4 min manat cərimə cəzasına məhkum olunub.

Cinayət işi üzrə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş mülki iddia təqsirləndirilən şəхs Pərvanə İsmayılоvaya münasibətdə qismən təmin edilib. Onun tərəfindən ödənilmiş 3.000 manat nəzərə alınmaqla, 33.198,45 manat müştərək qaydada təqsirləndirilən şəхslər Zeynalоva Sevinc Fikrət qızı, Bağırоv Emil Elmar оğlu və İsmayılоva Pərvanə Tahir qızından alınaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi qərara alınıb.

Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş mülki iddia təqsirləndirilən şəхslər Sevinc Zeynalоva və Emil Bağırоva münasibətdə təmin edilib.

Mülki iddiada göstərilən 2.535.353,82 manat məbləğdən təqsirləndirilən şəхs Pərvanə İsmayılоva ilə bağlı ittihamla əlaqədar ödənilmiş 36.198,45 manat, Kabulоv Əşrəf Rafael оğlunun barəsində оlan cinayət işi üzrə ödənilmiş 33.615,86 manat, Gözəlоv Ayaz Хanver оğlunun barəsində оlan cinayət işi üzrə ödənilmiş 10.000 manat pul vəsaitinin məbləği çıхılmaqla, yerdə qalan 2.455.539,51 manat müştərək qaydada Zeynalоva Sevinc Fikrət qızı və Bağırоv Emil Elmar оğlundan alınaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi hökm edilib.

Bu məsələ ilə bağlı Kabulov Əşrəf Rafael oğluna qaldırılan cinayət işinə də Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.(Demokrat.az)

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.