SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Yeni dərs ilinə hazırlıqlar başlayıb, amma hələ də xeyli suallar var... - GƏLİŞMƏ

Yeni dərs ilinə hazırlıqlar başlayıb, amma hələ də xeyli suallar var... - GƏLİŞMƏ

Tarix:

9-09-2020, 10:18

/ 1 082 dəfə oxundu.
Yeni dərs ilinə hazırlıqlar başlayıb, amma hələ də xeyli suallar var... - GƏLİŞMƏ

Yeni tədris ilinə sayılı günlər qalıb. Məlum olduğu kimi, bu il tədris ənənəvi olaraq 15 sentyabrda başlasa da, dərslər müxtəlif vaxtlarda və fərqli formatda keçiriləcək. Belə ki, 1-4-cü siniflər 15 sentyabrda həftədə 2-3 dəfə, 5-9-cu siniflər 15 sentyabrdan distant, 1 oktyabrdan əyani olaraq həftədə 2-3 dəfə, 10-11-ci siniflər 15 sentyabrda distant, 15 oktyabrda isə həftədə 2-3 dəfə olmaqla dərslərə başlayacaq.

Təhsil Nazirliyinin son açıqlamasına görə, ibtidai siniflərin dərsi 25 dəqiqə davam edəcək. Bununla bağlı artıq müəllimlər tərəfindən valideynlərə dərs cədvəli də göndərilməyə başlayıb.

Qərar əsasən birinci qrupun dərsi saat 08:00-dan 09:25 aralığında olacaq. Tənəffüs isə 5 dəqiqə çəkəcək. İkinci qrupun birinci dərsi isə 09:45-də start götürəcək. Sonuncu dərs isə 10:45-11:10 aralığında olacaq. Ümumtəhsil məktəbləri üçün 2020-2021-ci dərs ilinə aid əsas və uyğunlaşdırılmış tədris planları, “Tədris planlarına dair qeydlər” təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilib. Əmrə əsasən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani formada həftədə 2 dəfə, digər şəhər və rayonların ümumi təhsil müəssisələrinin fəaliyyəti isə əyani formada həftədə 3 dəfə tətbiq edilməklə uyğunlaşdırılmış tədris planlarına uyğun təşkil olunacaq.

Dərslər epidemioloji vəziyyətdən və məktəbdə şagird sıxlığından asılı olaraq müəyyən edilmiş qaydada təşkil ediləcək. Həmçinin dərs cədvəllərinin tərtibatı təhsil müəssisələri tərəfindən həyata keçiriləcək. Valideynlər övladlarının hansı formada təhsilə cəlb olunması ilə bağlı seçim edə biləcəklər. Eləcə də ibtidai sinif şagirdlərinin valideynləri sentyabrın 11-dən övladlarının əyani tədrisə cəlb olunmaları ilə bağlı məlumatı birbaşa təhsil müəssisələrindən əldə edə biləcəklər. Ümumi orta və tam orta təhsil səviyyələrində oxuyan şagirdlərin də virtual dərs cədvəlləri həmin tarixdən müəyyənləşəcək.

Beləliklə, yeni tədris ili ilə bağlı proseslər demək olar ki, yekunlaşır. Artıq sentyabrın 1-dən etibarən 2020-2021-ci tədris ili üzrə geri yığılan, eləcə də yeni çap edilən dərsliklərin məktəblərə və şagirdlərə çatdırılmasına başlanılıb. Prosesin 15 sentyabradək isə tam yekunlaşması nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycanda dövlət məktəblərində orta təhsil pulsuzdur. Lakin ölkəmizdə xeyli sayda ödənişli məktəblər də var. Bu məktəblər arasında illik ödənişi 14 min manat, hətta 60 min manata qədər olanı var. Övladları ödənişli məktəblərdə təhsil alan valideynlər hazırda daha çox bu sualla müraciət edir - ödənişli əsaslarla olan məktəblərdə təhsil alanların məsafəli dərslərə əvvəlki maliyyəni ödəmək nə dərəcədə ədalətlidir?

Bu və digər suallarla bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a danışıb: “Azərbaycanda istər ali, istərsə də orta təhsil müəssisələrində təhsil haqları mütləq şəkildə ənənəvi formada nəzərdə tutulub. Biz əyani və qiyabi təhsil haqları arasında fərq olduğunu da bilirik. Məsələn, əgər əyani təhsil haqqı 2500 manatdırsa, qiyabi təhsildə bu məbləğ 1600 manat olur. Bu o deməkdir ki, qiyabi təhsil alarkən təhsil xərcləri kifayət qədər aşağı düşür. Məlum olduğu kimi, ölkəmizdə 15 sentyabrdan dərslər əsasən onlayn qaydada olacaq. Bu da birmənalı olaraq təhsil xərclərinin kəskin şəkildə azalmasına gətirib çıxarır. Əlbəttə ki, belə olan halda özəl liseylərdə və yaxud ödənişli əsaslarla ali məktəblərdə təhsil alanların təhsil haqları heç də əvvəlki illərdə olduğu formatda olmamalıdır. Söhbət burada distant, məsafəli təhsildən gedir. Bu zaman təhsil verənlər deyil, təhsil alanlar resursların xərclərini özləri ödəyirlər. Məsələn, internet və digər xərcləri. Bu baxımdan düşünürəm ki, özəl lisey və kolleclər, məktəblər, ödənişli təhsil verən ali məktəblər pandemiya dövründə valideynlərin gəlirlərinin aşağı düşdüyünü, eyni zamanda təhsilin ənənəvi deyil, distant qaydada keçirilməsini nəzərə alaraq təhsil haqlarını mütləq şəkildə azaltmalıdırlar. Bu azaltma ən azı 50 faiz olmalıdır. Çünki ənənəvi formada təhsil xərcləri hesablanarkən buraya elektrik enerjisi, su və digər kommunal xərclər daxil olur. Düşünürəm ki, indiki halda bu xərclər həyata keçirilmədiyi üçün ən azı bir semestrin təhsil haqları 3-4 dəfə azaldılmalıdır. Əgər sonradan dərslər bərpa edilərsə, bu zaman təhsil haqlarının əvvəlki ənənəvi formaya çatdırlmasından danışmaq olar. Vəziyyət ondan ibarətdir ki, hazırda təkcə ali təhsil müəssisələrində təhsil alan tələbələrin deyil, eyni zamanda orta liseylərdə oxuyan şagirdlərin valideynlərinin gəlirləri aşağı düşüb və onların əvvəlki formada olan maliyyəni ödəmə qabiliyyəti azdır. Əgər təhsil haqlarında hər hansı güzəşt edilməsə, bu, təbii ki, təhsil alan şəxslərin təhsilini yarımçıq qoymağa gətirib çıxaracaq. Buna da yol vermək olmaz”.
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ