SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Azpetrol”un bu işi də varmış? – İLGİNC

"Azpetrol”un bu işi də varmış? – İLGİNC

Tarix:

31-08-2020, 08:35

/ 1 782 dəfə oxundu.
"Azpetrol”un bu işi də varmış? – İLGİNC

Yanacaqdoldurma məntəqəsinin operatoru müştəri ilə birbaşa əlaqə quran, yəni onunla əmtəə-pul münasibətlərinə girən, ona iddialar irəli sürən, dəqiqləşdirmələr aparan və s. vəzifəli şəxsdir. Bundan əlavə, operatorun peşə fəaliyyətinə bilik tələb edən texniki cəhətdən mürəkkəb və təhlükəli avadanlıqdan istifadə daxildir. Və nəhayət, əhəmiyyətli miqdarda nağd pulun (həmişə yanacaqdoldurma məntəqəsinin operatoruna yaraşmayan əmək haqqı fonunda) daimi qonşuluğunun təsiri və axtarılan məhsulun bolluğu – motorlu nəqliyyat vasitəsi yanacağı.

Yuxarıda göstərilən xüsusiyyətlərin hamısı bu işçinin sahib olmalı olduğu keyfiyyətlər siyahısında müəyyən bir iz buraxır. Bu, kifayət qədər texniki savad, məsuliyyət, diqqət, səbr, ünsiyyət və münaqişə vəziyyətlərini sülh yolu ilə həll etmək bacarığı tələb edir. Diqqət, özünənəzarət tələb edən belə peşənin daşıyıcısı işinin gedişində istifadə etdiyi texnikaya da nəzarət etməlidir. Amma bəzən kassir-operatorun ayıq-sayıqlığı rəhbər vəzifəli şəxslərə sərf eləmir.

RealMedia.az saytı redaksiyasına üz tutan Mehmetli Xəzər Möhübbət oğlu “Azpetrol LTD” MMC – nin Beyləqan rayonunda yerləşən yanacaqdoldurma məntəqəsinin rəhbərliyindən gileylənir. O, bildirir ki, işləmiş olduğu YDM-də haqsızlıqla üzləşib və bu haqsızlıq üzündən də həm işdən çıxarılıb, həm də onu heç bir yerdə işə götürmürlər.

Şikayətçi Mehmetli Xəzər bildirir ki, 07 dekabr 2016-cı il tarixindən, 2020-ci ilin may ayına qədər “Azpetrol LTD” MMC-nin Beyləqan rayon YDM-də kassir – operator işləyib. Lakin bu ilin may ayında bölgə direktoru Fərhad və bölgə müffəttişi Rahib Şıxəliyev ona qarşı məkr işlədərək, işdən qovublar. Bildiriblər ki, əgər öz razılığı əsasında işdən çıxmağına dair ərizə yazmasa, onu Əmək Məcəlləsinin 70 –ci maddəsinin “c” bəndinə əsasən işdən azad edəcəklər. O da ərizə yazmaq məcburiyyətində qalıb. İşdən çıxarılmasına əsas səbəb isə cavabdeh olduğu sayğaca baxması olub. Şirkət belə qənaətə gəlib ki, Mehmetli Xəzər qəsdən əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməyib, sayğaca baxdığına görə kobud pozuntuya yol verib və bu da onun müvafiq iş yerini itirməsinə səbəb olub. Bildiriblər ki, sayğaca yalnız növbə rəisləri və direktor baxa bilər.

Belə olan halda isə “Azpetrol LTD” MMC –nin rəhbərliyinin üzərini cavablandırılması vacib olan bir məsələyə aydınlıq gətirilməsi öhdəliyi düşür. Sual: Niyə təh-təl hesablı məsul şəxs olan kassir – operator növbənin sonunda təhvil-təslim edəcəyi sayğaca baxmamalı, onun qalığına nəzarət etməməlidir? Bir halda ki təhvil – təslimdə kəm gələn vəsait onun cibindən tutulacaqsa, niyə də sayğaca baxmasın? Sizcə elə bu şərtlərin özü məhz şirkət tərəfindən işçinin əmək funksiyasına müdaxilə və ya tətbiq edilmiş qanunsuz tələblər deyilmi? Məhz nə üçün mərhələ zamanı satış pulu əskik gəldiyi halda kassir – operatorun cib pulundan ödənilir, artıq gəldiyi halda isə xəzinəyə ödənilir. Bu necə olur? Artıq çıxan pul niyə kassir-operatora verilmir?

Deməli, şirkət özü yerində deyil. Bu məsələdə bir fakt da bizə məlum oldu ki, sən demə, mərhələ zamanı satış pulu hesablanarkən mütləq ya kəm, ya da artıq çıxır. Düz çıxmır. Bu da olduqca maraqlıdır. Niyə bir növbə artıq, bir növbə əskik? Çox güman ki, bu qeyd olunan suallara “Azpetrol” rəhbərliyi qərəzsiz və obyektiv aydınlıq gətirəcək.

Bizə məlum olan digər bir məqam isə ondan ibarətdir ki, sən demə, şirkətin özü Əmək Məcəlləsinin şərtlərini pozur. İşçilərin əmək funksiyasını artıraraq, onları 8 saat yox, 12 saat işlədir. Ancaq tabeldə 9 saata (guya nahar fasiləsi də nəzərə alınmaqla) imza etdirirlər. Halbuki, əmək qanunvericliyinin tələblərinə görə, heç bir işəgötürən işçini 8 saatdan artıq işləməyə məcbur edə bilməz. Hətta əlavə iş saatlarını (bizim misalda 4 saatın) haqqı ödənilirsə belə, bu, məcburi ola bilməz. Sutkanın iş rejimi 8 saatlıq 3 növbəyə bölünməlidir. Təbiidir ki, belə gərgin reqlamentdə işləyən işçinin yorğunluq səbəbindən əmək funksiyasını yerinə yetirərkən ani diqqətsizliyə yol vermək ehtimalı vardır. Bu nöqteyi-nəzərdən, X.Mehmetlinin sayğaca baxması əslində öz işinə məsuliyyətli yanaşması kimi qəbul edilməlidir. Bütün bulardan əlavə, işin gedişində kassir-operatorda texnikanın sazlığına da şübhə yarana bilər ki, bu da onu sayğaca baxmağa vadar edər. Əgər mümkün nasazlıq səbəbindən hər maşına satılan yanacağın litrajında cüzi yanlışlıq olarsa, bu, 12 saatlıq növbənin axırında böyük kəmiyyətlə ölçülən fərq yaradar. Bu cür həssas məqamlarda tam əminliklə qeyri-əminliyin arasında bir tərəddüd məfhumu da vardır ki, onu da anlayışla qarşılamaq lazımdır. Yəqin, “Azpetrol” MMC-nin sözügedən məntəqəsində dama-dama göl ola biləcək zərərin yarısından qayıtmağın faydasını bilən ayıq-sayıq işçilər lazım deyil.

4 aydır ki, işdən çıxarılan (işdən çıxarılmağa məcbur edilərək ərizəsi alınan) Mehmetli Xəzər bildirir ki, yeni iş üçün Məşğullluq Mərkəzinə müraciət etsə də, ona öz ərizəsi ilə işdən çıxdığını xatırladaraq imtina ediblər. Görünən odur ki, “Azpetrol” şirkəti işdən çıxardığı işçini bir ömür boyu “şikəst” qoyub.

P.S. Onu da qeyd edək ki, son vaxtlar “Azpetrol”un yanacaqdoldurma məntəqələrində təkcə öz işçilərinə münasibətdə deyil, müştərilərə də qarşı sərtlik müşahidə olunur. Məsələn, avqustun əvvəlində KİV-də Tural Rəhimli adlı müştərinin “Azpetrol” YDM-lərində yaşanan özbaşınalıqlara etirazı yayıldı: “Şikayətim “Azpetrol”un Bərdədə yerləşən YDM-dəndir. Məsələ belədir, mən yanacağı əksər hallarda pos-terminalla alıram. Bu YDM-də isə kartımdan məbləği çıxmamış benzin vurmadılar maşına. Dedilər, əvvəlcə ödəniş edilməli, sonra yanacaq vurulmalıdır. Deyirəm yaxşı, mən avtomobilin bakını yanacaqla tam doldurmaq istəsəm, pulu necə alacaqsınız? Bildirdilər ki, o halda kartınızdan 100 AZN çıxılacaq, sonra benzin vurulacaq, daha sonra artıq qalan pulunuz karta geri qaytarılacaq”.

Yazıda qeyd olunan məsələylə bağlı qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq!

Şərhlər

XƏBƏR LENTİ