XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Xəstəsiz xəstəxana... 20 saylı xəstəxanadan- ŞİKAYƏT

Xəstəsiz xəstəxana... 20 saylı xəstəxanadan- ŞİKAYƏT

Xəstəsiz xəstəxana... 20 saylı xəstəxanadan- ŞİKAYƏT
24-04-2017, 11:24

Bakı şəhər Xətai rayon sakini Firqətçi Hüseynov yaşadığı ərazidə E.Əliyev küçəsi 5-də yerləşən 20 saylı xəstəxananın baxımsız, bərbad vəziyyətdə olması haqqında məktub göndərib.

Bəlkə bu xəstəxana Səhiyyə Nazirliyinin yadından çıxıb?

F.Hüseynov eyni zamanda Baş Prokurorluğa ünvanladığı müraciətində yazır ki, həmin xəstəxanada baş verən neqativ hallarla bağlı bir dəfə də baş prokuror Zakir Qaralova məktub göndərib. Amma onun müraciəti Səhiyyə Nazirliyinə ünvanlanıb. Nazirlik isə bu günə kimi bir tədbir görməyib: “Sökülüb, dağılmış xəstəxanaya xəstə gəlmir. Hətta bu xəstəxananın çarpayıları, ayaqyolu belə yoxdur. Tavan uçur, döşəmə dağılır. Dillə deyiləsi deyil, gözlə görmək lazımdır. Tanıyıb, bilənlər buraya yalnız bülleten almaq üçün gəlirlər. Cərrahiyə və terapiya şöbələrinin adı var. Xəsətəxanaya dövlət tərəfindən daxil olan tibbi ləvazimatlar hara gedir, məlum deyil. Yəqin ki, xəstəxananın baş həkimi bunu yaxşı bilir. Səhiyyə Nazirliyi bu boyda özbaşınalığa niyə göz yumur, nə səbəbdən bu xəstəxana ilə maraqlanmır? Əgər bu xəstəxana xalqa xidmət etmirsə, kimə və nəyə lazımdır? Bəlkə bu xəstəxana Səhiyyə Nazirliyinin yadından çıxıb? Biz yada salırıq...”

Baş prokuror Zakir Qaralov, bu xəstəxana barəsində tədbir görün!

Baş prokurora xitabən məktub müəllifi yazır: “Cənab Zakir Qaralov, xahiş edirəm ki, bu xəstəxana barəsində tədbir görəsiniz. Ümid edirəm ki, Sizə müraciətim cavabsız qalmayacaq.

Bu məktubu özünüz araşdırıb, burada baş verənlərlə özünüz şahidi olsanız, bilərsiniz ki, bura xəstəxana yox, xəstəlik mənbəyidir”.

“Ağrılarım artır, özəl xəstəxanalara getməyə isə pulum yoxdur”

F.Hüseynov daha sonra yazır ki, II qrup əlildir, ildə bir dəfə xəstəxana şəraitində müalicə olunmalıdır. Yaşadığı ərazidəki xəstəxana bərbad vəziyyətdə olduğu üçün qeydiyyatda olduğu 38 saylı poliklinikanın baş həkimi onu Sabunçuda yerləşən 3 saylı xəstəxanaya stasionar şəraitdə müalicə olunmağa göndərir. Ötən ayın 8-dən onun adını siyahıya salsalar da, cavab verilir ki, yer yoxdur. Ağrılarının getdikcə artmasından şikayətlənən F.Hüseynov özəl xəstəxanalarda müalicə almaq imkanının olmadığını deyir: “Hansı xəstəxanaya müraciət edəcəyimi bilmirəm. Poliklinikanın baş həkimi Reyhanə Əkbərova humanist bir insandır. İldə 2 dəfə müayinə edib, məni dövlət hesabına ambulator şəraitdə müalicə götürməyimə şərait yaradır. Mənim isə stasionar şəraitdə müalicəyə ehtiyacım var. Xəstəxanada yer yoxdur, cibimdə isə pul”.

Ona görə də şikayətçi hesab edir ki, ərazidə yerləşən dövlət xəstəxanası normal vəziyyətdə olsa, onun digər xəstəxana soraqlamağına ehtiyac qalmaz.

“...bura Əhliman Əmiraslanovun qaynı Bağırovun “kurasiyasında” idi”

Məktub müəllifinin çağırışına biz də Xətai rayonunda yerləşən 20 saylı xəstəxanaya getdik.

Öncə F.Hüseynovla görüşdük. Dedi ki, müalicəsiylə bağlı Səhiyyə Nazirliyinə də məktub ünvanlayıb. Ona cavab verilib ki, müayinə nəticələrinə uyğun müvafiq xəstəxanalardan birində ona yer ayrılacaq: “Amma 20 nömrəli xəstəxanayla bağlı baş prokurora ünvanladığım məktuba heç bir cavab almamışam. O binanı xeyriyyəçi milyoner Hacı Zeynalabdin Tağıyev tikdirib. Xəstəxanaya Əhliman Əmiraslanovun qaynı Bağırov bir müddət rəhbərlik edib. O, rəhmətə getdi. Amma onun vaxtında da təmir olunduğunu görməmişəm. Ümumiyyətlə, neçə illərdir mən burada yaşayıram, hələ bir dəfə də təmir olunduğunu görməmişəm. Özüm də orda bir müddət gözətçi işləmişəm. O vaxt məlumatlıydım ki, sənəd üzrə 80-ə qədər tibbi personalı var, amma faktiki işçiləri azdır, çoxunun da pensiya yaşı çatıb. Mənə irad tuturlar ki, niyə şikayət edirəm. Mən də deyirəm, bura dövlətin xəstəxanasıdır, bu xalqın, bu dövlətin pulu niyə boşu-boşuna xərclənir? Ya bağlansın, ya da təmir olunub, camaatın istifadəsinə verilsin. Gedin baxın, ordakı vəziyyətə özünüz, şahid olun”.

Döşəmə dağılıb, divarların, qapıların rəngi bozarıb, tavan qopub tökülür

Xəstəxana binası görünüşünə və tikinti üslubuna görə qədim memarlıq abidəsini xatırladır. Səhiyyə müəssisəsinin girişində var-gəl edən gözətçinin gözündən yayınıb sakitcə binaya daxil olduq. Yarımqaranlıq dəhlizdə ölü bir sükut var. Bir az keçmiş ayaq səslərinə dönüb gördüyümüz iki ağ xalatlı qadından da daldalanıb, barmaqlarımızın ucunda boş otaqların birinə girdik.

Xəstəxananın içərisində xarici görünüşündən fərqli olaraq sovetlər dönəmindən qalma təmirin əlamətləri qalıb. Linenium döşəməsi dağılıb, divarların, qapıların rəngi bozarıb, tavan, divarları qopub tökülür.

Xəstəsiz xəstəxana...

Palataları gəzdik, əgər onlara xəstəxana palataları demək olardısa... Soyuq, boş otaqlarda təkəm-seyrək, sınıq-salxaq çarpayılar, bir-iki yerdə də köhnə-kürüş tibbi avadanlıqlar gözümüzə dəydi. İkinci qatın mənzərəsi daha acınacaqlıdır. Spesifik, tünd qoxusu isə baş çatladır. Xəstəxanada ayaqyolu gözümüzə dəymədi.

İkinci qatda yalnız bir otaqda çarpayıda uzanan bir qadın gördük. Bilmədik o da xəstədir, yoxsa xəstəxana işçisi. Nəhayət bir tibb bacısı bizi yaxaladı. Kimi axtardığımızı soruşdu. Baş həkimi, dedik.

“Baş idarədən icazə olmasa, məlumat verə bilmərik”

Ağxalatlıların bələdçiliyilə binadan çıxıb, başqa birqatlı inzibatı binaya girdik. O binanın içərisi də təmirsiz olsa da, baş həkim əvəzi Şəhla Namazovanın otağı nisbətən istiydi. Bütün dövlət təhsil müəssisələrində olduğu kimi, dövlət səhiyyə müəssisələrində də “nazirlikdən, baş idarədən icazə olmadan heç bir məlumat verə bilmərik” ənənəsinə uyğun Ş.Namazova mediadan olduğumuza görə, bizə heç bir məlumat vermək istəmədi. Nə işçi tərkibi, nə xəstələri, nə də tibbi avadanlıq və dərman təminatının kəmiyyətindən danışdı. Yalnız onu deyib durdu ki, xəstəxana bu günlərdə təmir olunacaq, xəstələri də var, Səhiyyə Nazirliyindən dərman təminatı da.

“Əsas olan həkimin savadıdır...”

Belə təmirsiz, soyuq şəraitdə palatada xəstə müalicə etmək olar? Sualımıza baş həkim sualla və soyuqqanlı cavab verdi: Niyə olmur ki? Təmirli palata vacib şərt deyil ki, əsas həkimin savadlı olması, düzgün diaqnozudur. Elə gözəl təmirli yer ola bilər ki, həkimi savadsız olar. Amma müharibədə, səhra şəraitində həkimlər ən ağır yaralıları əməliyyat edirlər, sağaldıb ayağa qaldırırlar, bu necə olur?

Bölgələrdə diaqnostika mərkəzi, paytaxtda üfunətli xəstəxana?

Səhiyyə Nazirliyi bəzən ucqar yerlərdə, hətta cəbhə bölgələrində yeni xəstəxanalar tikir, rayonlarda diaqnostika mərkəzləri açır, köhnələri müasir üslubda təmir etdirir. Amma paytaxtda şəhər xəsətəxanasının bu cür acınacaqlı olmasına siz susursunuz?

Ş.Namazova sualımıza belə cavab verdi ki, iki ildir baş həkim əvəzi işləyir, bu müddət ərzində, ondan əvvəl terapiya şöbəsində işlədiyi vaxtdan da bu xəstəxananın təmir olunacağıyla bağlı söhbət gedir, nədənsə növbə onlara çatmır, amma son 2-3 gün ərzində bu məsələ tam həllini tapacaq, çünki bu haqda rəsmi məlumat alıb.

“Həkimlərimiz tanınmış generalın zibillikdən tapılan arvadını ağır xəstəlikdən xilas etdi”

Xəstəxanadakı təmirsizliyi, antisanitariya vəziyyətini “böyük faciə” hesab etməyən baş həkim əvəzi yenə də israrla bildirdi ki, əsas məsələ həkimin savadlı olmasındadır. Rəhbərlik etdiyi tibb müəssisəindəki tibb işçilərinin fəaliyyətindən qürurla danışdı. Biz də şəfa verən, həqiqi hikmət sahibi olan həkimlərə ehtiram əlaməti olaraq onu dinlədik: “Bu xəstəxanaya zibillikdən bir xəstə tapıb gətirmişdilər. Məlum oldu ki, tanınmış bir generalın həyat yoldaşıdır.Vəziyyəti o qədər ağırıydı ki, ayağına qurd düşmüşdü. Həkimlərimizin qayğısı sayəsində onu həyata qaytardıq. Bura “bomj” xəstələr gəlir, heç kəs onlara sahib durmur, amma həkimlərimiz onları sağaldır. Bir ayağı olmayan müharibə veteranı hər il bizim xəstəxanada müalicə götürür...”

Baş həkim danışdıqca düşünürdüm, bir ölkənin ərazi bütövlüyü uğrunda ayağını itirən qazi nə qədər əlacsız durumdadır ki, F.Hüseynovun təbirincə desək, xəstəlik mənbəyi olan xəstəxanaya pənah gətirir. Baş həkimin sözünə inansaq, həkimləri nə qədər şəfa verən olsalar da, axı xəstələrin şəfa tapması üçün tibbi şərait də olmalıdır.

...1898-ci ildə Zeynalabdin Tağıyev tikdirib

Baş həkim bir də xəstəxananın qədimliyindən danışdı. Dedi ki, 1898-ci ildə inşa edilən bu bina, vaxtilə Zeynalabdin Tağıyevin bir kontoru kimi, 1928-ci ildən isə xəstəxana kimi fəaliyyət göstərib. Bu tibb müəssisəində çox məşhur həkimlər, elm adamları işləyib. Təmirə bağlanandan sonra xəstəxana müvəqqəti olaraq başqa yerə köçürüləcək, bərpa ediləndən sonra isə sovetlər dönəmindəki şöhrətiylə fəaliyyətini davam etdirməsi nəzərdə tutulub.

Xəstəxananın şəklini çəkməyə Ş.Namazova izn vermədi. Baş idarədən icazə alın, sonra, dedi.

Onsuz da xəstəxananın içindən bacardığımız qədər kadrlar götürmüşdük...

Məşhur xeyriyyəçinin tikintilərinə ögeylik...

H.Z.Tağıyev adına Bakı Toxuculuq, Tikiş Birliyinin uçulub tökülən möhtəşəm tikintisi kimi, bu birliyin yaxınlığında məşhur xeyriyyəçinin yadigarı olan 20 saylı xəstəxanaya da baxımsızlıq başa düşülən deyil.

Vaxtilə 7 mindən çox işçisi olan bu toxuculuq kombinatında indi kiçik özəl sexlər mebel üzlükləri və bir də tualet kağızları buraxır.

Ümid edək ki, bu yazı qəlbi daşlaşmış səlahiyyətlilərin könlünə insaf salar.

Hürriyyet
Xəstəsiz xəstəxana... 20 saylı xəstəxanadan- ŞİKAYƏT
Xəstəsiz xəstəxana... 20 saylı xəstəxanadan- ŞİKAYƏT
Xəstəsiz xəstəxana... 20 saylı xəstəxanadan- ŞİKAYƏT
Xəstəsiz xəstəxana... 20 saylı xəstəxanadan- ŞİKAYƏT
Xəstəsiz xəstəxana... 20 saylı xəstəxanadan- ŞİKAYƏT
Xəstəsiz xəstəxana... 20 saylı xəstəxanadan- ŞİKAYƏT

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.