SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Dörd ay toysuz qalan müğənnilər qan ağlayır, bəs 4 il işsiz qalan adamlar nə etsin?

Dörd ay toysuz qalan müğənnilər qan ağlayır, bəs 4 il işsiz qalan adamlar nə etsin?

Tarix:

1-07-2020, 11:41

/ 1 846 dəfə oxundu.
Dörd ay toysuz qalan müğənnilər qan ağlayır, bəs 4 il işsiz qalan adamlar nə etsin?

Xalq artisti Faiq Ağayev ötən gün qatıldığı bir TV proqramında belə deyib: “Sonuncu dəfə yanvar ayında toy idarə etmişəm. Altı aydır ki, pul üzü görmürəm"...
Əməkdar artist Mətanət İsgəndərli 3 ay əvvəl saytımıza bu məzmunda müsahibə vermişdi: “Əlimdə-ovcumda beş-on manat vardı. Onu da karantin dövründə imkansız ailələrə xərclədim. Üç ay sonra hardan pul tapıb çörək alacam, özüm də bilmirəm”.

Başqa bir Əməkdar artist – illərin sənətçisi Firuzə İbadova isə “Xəzər” TV-də efirə gedən "5/5" verilişində belə deyib: “Əlimdə nə varsa, satıb birtəhər dolanıram. O da qurtarandan sonra bilmirəm nə edəcəm”.

Hamımızın “pullu kişi” kimi tanıdığımız Əməkdar artist Cavanşir Məmmədov da dolanışıqdan, gün-güzərandan şikayətçidir. Məmmədov qatıldığı şou proqramların birində maddi durumunun yaxşı olmadığını bildirib: “Elə bir obyektim yoxdur ki, ordan ayda min manat qazanc götürüm. Əksər müğənnilər kimi mən də günü-günə calayıram”.

Qonşumuz Güllü nənənin isə satmağa heç nəyi yoxdur. Evində nə vardısa, 27 il əvvəl erməniyə qaldı. Bu dünyada ortaya çıxarmağa bircə qüruru var. Buna görə də onun ac, yoxsa tox yatdığını heç kim bilmir…

Neftçalalı Əliş dayının, biləsuvarlı Sərdar əminin, ağstafalı Gülçöhrə arvadın da satmağa heç nəyi yoxdur. Çünki aztəminatlı təbəqənin nümayəndəsi sayılan bu adamların maaş kartları indi məhbəs həyatı yaşayan sabiq icra başçılarının seyfində olub. Evlərinə beş manat gəlmədiyindən arxaya “qara gün” üçün üç manat ata bilməyiblər.

Beyləqanlı Mürşüd kişinin dolanışığı Faiq Ağayevin dolanışığından yüz dəfə pisdir. Ötən il əkdiyi tərəvəz su olmadığı üçün kolda qurudu. İndi bu zəhmətkeş adamın yanan ciyərinə su çiləyən bir Allah bəndəsi yoxdur.

Goranboylu Əjdərin efirə çıxmaq imkanı olsaydı, Mətanət Ələsgərlidən yüz dəfə təsirli danışardı. Mətanət xanım cəmi 4 aydı toya getmir, amam Əjdər 4 ildi işləmir. Deyir ki, müdirin gözünə yaxşı görünmədiyi üçün qulağından tutub kənara atıb, yerinə də dogma bacısı oğlunu götürüb. Ən pisi isə odur ki, Əjdər bu ölkədə məmur özbaşınalığından əziyyət çəkən ilk adam deyil…

Bu ölkədə Əjdər kimi hüquqları pozulan minlərlə adam var. Onlara çatmalı olan pulları acgöz məmurlar talan etdiyi üçün çətinə düşən kimi Bayram Nurluya möhtac olurlar…

Yazının əvvəlində müğənnilərdən sitat gətirməyimə baxmayın, mənim onlarla heç bir ədavətim yoxdur. Bu sətirləri yazmaqda yeganə məqsədim diqqəti əhalinin yoxsul təbəqəsinin problemlərinə yönəltməkdir. Əgər dörd ay toysuz qalan müğənnilər bu vəziyyətdədirsə, dörd il işsiz qalan insanların durumunu təsəvvür etmək o qədər də çətin deyil. Biz təsəvvür edək, məmurlar dərk ertsinlər. Bəlkə kömək etdilər…

Seymur VERDİZADƏ

Şərhlər

XƏBƏR LENTİ