XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Nərimanov rayonunda Yaşıllıq Xidməti yaradılmışdır

Nərimanov rayonunda Yaşıllıq Xidməti yaradılmışdır

Nərimanov rayonunda Yaşıllıq Xidməti yaradılmışdır
25-06-2020, 17:29

Yay mövsümünün cari ildə sərt istilərlə müşahidə olunduğunu nəzərə alaraq Bakı şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Bakı şəhərində yaşıllıq zonalarına xidmət səviyyəsinin gücləndiriliməsi məqsədilə Nərimanov Rayon İcra Hakimiyyətinin (RİH) qərarı ilə RİH-in nəzdində “Yaşıllıq xidməti” yaradılmışdır. Məhz isti yaz-yay aylarında fəaliyyət göstərməsi nəzərdə tutulmuş xidmət 20 nəfərdən çox işçi heyəti və iritutumlu 4 (dörd) ədəd suvarma maşını ilə təmin olunmuşdur. “Dost İş Mərkəzi” tərəfindən əmək haqqı ayrılaraq işə götürülmüş şəxslər də müvafiq dislokasiya üzrə işlərin həyata keçirilməsinə cəlb olunmuşdur. Gündəlik təxminən 150 m3 həcmində su xüsusi maşınlarla daşınaraq, yaşıllığın qorunub-saxlanılmasına, yeni əkilmiş ağacların suvarılmasına sərf olunur.
Suvarılma işlərinin məqsədyönlü şəkildə həyata keçirilməsi üçün rayon icra hakimiyyətinin daxili imkanları hesabına rayon ərazisində 17 ədəd artezian quyusu qazılmış, nasos və ötürücü xətlərlə təmin olunmuş, suvarılma sistemləri yaradılmışdır. Həmin quyulara mütəmadi olaraq qulluq təmin olunur, istismar zamanı sıradan çıxmış element və detallar yenisi ilə əvəzlənir və ya təmir olunur. Həmçinin ərazidə qurumuş kollar, ağaclar və qazon örtüyü mütəmadi olaraq yenisi ilə əvəz edilir, bitkilərə ekoqulluq həyata keçirilir. Əlavə olaraq mövcud suvarma şəbəkəsinin genişləndirilməsi məqsədilə Azadlıq prospektində 1 ədəd yeni artezian quyusunun qazılması nəzərdə tutulmuş və bu sahədə işlər həyata keçirilməkdədir.
Görülməkdə olan bu işlər rayonun ekoloji durumunun yaxşılaşdırılması ilə yanaşı əhalinin sağlamlığına, rahat yaşayış tərzinə və istirahətinə müsbət təsir göstərir. Görülən bu işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı şəhərinin yaşıllaşdırılmasına göstərdiyi xüsüsi diqqətin təzahürü kimi sakinlər tərəfindən minnətdarlıq hissi ilə qarşılanır.
Nərimanov rayonunda Yaşıllıq Xidməti yaradılmışdır


XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.