XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Məmurların taladığı milyonlar xortumlanıb, xalqdan 500 dolların hesabını çəkirlər

Məmurların taladığı milyonlar xortumlanıb, xalqdan 500 dolların hesabını çəkirlər

Məmurların taladığı milyonlar xortumlanıb, xalqdan 500 dolların hesabını çəkirlər
23-06-2020, 14:36

Azərbaycanda məmurlar tərəfindən rüşvət də yığılır, korrupsiyaya da yol verilir, vergidən də yayınırlar, maliyyə bəyannaməsi təqdim etmirlər, əldə etdikləri sərvətin mənbəyini açıqlamırlar və s. ilaxır
Lakin Mərkəzi Bankın ağlına gəlib ki, bu məsələlər mühüm deyil, əsas xalqın gəlir və çıxarlarını hesablamaqdır. Gündən-günə reallıq hissini itirən iqtidardakı məmurlar növbəti dəfə mürtəce və məntiqsiz addım atmağa hazırlaşırlar.
Anaxeber.info məlumat verir ki, Mərkəzi Bank valyutadəyişmə məntəqələrinə və banklara təlimat verib. Ki, millətin pulu haradan gəlir, hara gedir, onu anket şəklinə salsınlar.
Təlimata görə, alınan valyutanın həcmi 500 dolları keçdikdə müştərilər xüsusi blankı doldurmalıdırlar. Burada ad-soyad, ata adı ilə yanaşı, telefon nömrəsi, konvertasiya olunan vəsaitin mənbəyi və konvertasiya olanacaq vəsaitin istiqaməti (necə istifadə olunacağı) qeyd edilir.
Alınan valyutanın məbləği 20 min manatı keçdikdə isə müştəri Maliyyyə Monitorinq Xidmətinin (MMX) nəzarət dairəsinə düşür.
Artıq bu halda müştəri təqdim etdiyi məlumatları sənədlərlə də təsdiqləməlidir. Nəhayət, mənbəyi göstərilə bilməyən vəsait qeyri-sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilən vəsait hesab edilir.
Və həmin məbləğ Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14%-lə vergiyə cəlb edilir. Bu dərəcədə özbaşınalıq, talançılıq...
Dünyanın heç bir ölkəsində banklar qarşısında belə təlimat qoyumayıb. Gürcüstandan tutmuş Türkiyəyə qədər hansı dövlət vətəndaşı 500 dollardan artıq pul dəyişəndə buna görə onun nəsil-nəcabətini, gəlir qaynağını, hara xərcləyəcəyini araşdırır?
Bu, şəxsi həyata müdaxilə və şəxsi məlumatların bankların əlinə keçirilməsidir. Bu maliyyənin biznes yoluyla, qohumdan alınan borc hesabına əldə edilməsinin nə banka, nə Mərkəzi Bank sədri Elman Rüstəmova aidiyyatı var.
Əgər əldə edilən gəlirlə bağlı hansısa şübhələr varsa, bunun araşdırılması xüsusi xidmət orqanlarının işidir. MB sədri E.Rüstəmov isə əhalinin pulu saymağa, haradan qazandığını öyrənməyə başlayır.
Madam ki, belədir, o zaman özündən, övladından, kürəkənindən və iqtidardakı milyonçu məmurlardan başlasın.
E.Rüstəmov anket doldurub ictimaiyyətə hesabat versin, görək kürəkəni Cümə Əhmədzadənin və onun həyat yoldaşı Günel Rüstəmovanın (Elman Rüstəmovun qızı) Çexiyada şərikli sahibi olduqları ALPS sro şirkətinin aktivləri hansı yolla 1,5 milyon dollar təşkil edib?
Xalqdan 500 dollardan artıq vəsaitin anketini tələb edən Baş bankir 1, 5 milyon dolların deklorasiyasını açıqlasın, necə oliqarx çevrildiklərini izah etsin, biz də bilək...
Qanunsuz yolla qazandıqları para ilə məmur balaları 200 min dollarlıq maşın alanda, 500 min dollarlıq villa tikəndə pulun mənbəyilə bağlı sorğu-sual etməyə niyə ehtiyac olmur?
Niyə Qarabağ probleminin dərdini “çəkən” nazir Elmar Məmmədyarovun Nyu-Yorkda oğluna aldığı 4 milyonluq mənzilin anketi istənilmir?
Bütün bunlara bir yana, "Planet" şadlıq sarayının, "Subaru", "Bakı İnvest Holdinq"in, "Bakı Sığorta", "Səba broyler", "Honda", "Mitsubishi", "Bakı taksi" və "Bank Respublika"nın Elman Rüstəmovun biznes şəbəkəsinə daxil olması haqda kifayət qədər ciddi faktlar ortaya qoyulub. Onun tikinti bazarında da böyük payının olduğu bildirilir.
Xüsusən köhnə “Şüşəli Bazar” ətrafında tikilən kooperativ evlər və Səudiyyə Ərəbistanının səfirliyinə kirayə verilmiş malikanənin ona məxsus olduğu bildirilir. Bu biznesin, maliyyənin anketini kim versin, cənab Baş bankir?!
Anaxeber.info yazır ki, Mərkəzi Bankın təlimatı üstəlik, ölkədə qara valyuta bazarının çiçəklənməsinə şərait yaradacaq. Məntiqi yanaşsaq, dollar almaqla mənzil və ya avtomobil almağın arasında niyə fərq olsun? Hər ikisi aktiv deyilmi?
Üstəgəl, belə sərt adminstrativ nəzarət investorların ölkəyə onsuz da çox zəif olan inamının qalıqlarını da məhv edir. Hakimiyyət qaykaları bərkitməklə cəmiyyətin ondan yenidən qopmasına, uçurumlar yaranmasına səbəb olur.
2018-ci ildən prezidentin başladığı köklü dəyişikliklər, sosial sferada atılan müəyyən addımlar əhalinin iqtidara qarşı sarsılmış etimadını qismən bərpa etmişdi.
Ancaq getdikcə yenidən vətəndaş azadlıqlarını boğan qərarlar, təlimatlar verilir, qanunvericiliyə dəyişikliklər vətəndaşın əleyhinə olur, bir sözlə, yumşalmaları avtoritar üsul-idarəçiliyi təzədən əvəzləməyə başlayır. Bu, özünü sosial-iqtisadi sektorda göstərməkdədir.
İqtisadçılar da qeyd edirlər ki, belə absurd qərarlar yenidən qara bazarı dirçəldəcək. Qara bazarda istənilən həcmdə, istənilən qədər valyutanı almaq mümkün olacaq.
Sadəcə məzənnə rəsmi məzənnədən daha baha olacaq. Bu qərar əslində ikili məzənnə sisteminə keçidin əsasını qoyur.
Bundan sonra bir rəsmi, bir də qara bazar məzənnəsi yavaş-yavaş formalaşmağa başlayacaq. Hökumətin atdığı addım valyutaya olan tələbatın azaldılmasına yönəlıib.
Əslində anlamırlar ki, valyutaya olan tələbatı bu yolla azaltmaq ölkədə daha ciddi başqa problemlərin yaranmasına səbəb olacaq.
Ölkədən valyuta çıxışının qarşısını almaq gələcəkdə mal qıtlığına səbəb ola bilər. İqtisadi aktivliyin daha da azalmasına səbəb ola bilər.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.