XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » AZTV-də nöbəti işdənqovma! Yeni sədr qohumbazlıqla islahatı səhv salıb?

AZTV-də nöbəti işdənqovma! Yeni sədr qohumbazlıqla islahatı səhv salıb?

AZTV-də nöbəti işdənqovma! Yeni sədr qohumbazlıqla islahatı səhv salıb?
18-06-2020, 13:32

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) daha bir əməkdaşı, qurumun texniki nəzarət şöbəsinin rəisi Quliyev Aqil Barat oğlu heç bir ciddi əsaslar olmadan işindən qovulub. AZTV-nin gənc sədri Rövşən Məmmədovun pandemiya dönəmində belə bir "islahat"a imza atmasının rəsmiyyətdəki adı isə əvvəlkilərdə olduğu kimidir - GUYA YAŞA GÖRƏ!
Demokratik.Az-ın əldə etdiyi özəl bilgiyə görə, təyinatının ilk günlərində qalmaqallı sələfi Alışanovdan fərqli olaraq, islahatçı-qurucu təsiri bağışlayan Rövşən Məmmədov artıq özünə olan xoş ümidləri suya düşürə bilib. Yeni sədr də Dövlət Televiziyasına öz yaxın qohumlarını, dostlarını dolduraraq Alışanovsayağı uğursuz idarəçiliyini ortaya qoya bilib.
Son aylarda AZTV-də islahat adı altında aparılan proseslərin əvvəlki illərdən daha çox etirazlara səbəb olması, süni qalmaqallar yaratması da TV rəhbərliyinin səhnəarxası maraqlarından xəbər verir. Qurumda əməli islahatların aparılmaması və irəliləyişlərin olmaması isə belə bir iddia ortaya çıxarıb ki, R.Məmmədov elə Alışanovun öz adamıdır.
Əldə etdiyimiz məlumata görə, işdən atılan Quliyev Aqil Barat oğlu 1970-ci ildən bu yana AZTV-də müxtəlif vəzifələrdə çalışıb. Ömrünün tam 50 ilini bu qurumun inkişafına həsr edib. Kifayət qədər gümrah və öz işinə yararlı bir kadrın qəflətən öz işindən qovulması isə, əvvəlki qovulmalardakı kimi sağlam və ədalətli məntiqə sığmır. Nəzərə alınsa ki, Rövşən Məmmədov islahat bəhanəsilə bir peşəkarı heç bir texniki savadı və təcrübəsi olmayan xanım qohumu ilə - əvvəllər Zəngilan İcra hakimiyyətində çalışmış, Mədəniyyət və İncəsənət Universitetinin məzunu Tünzalə Nuriyeva ilə əvəz edib, şəxsi maraqlar aydındır.
Onu da xatırladaq ki, bundan əvvəl işini itirən bir neçə sabiq əməkdaş da yeni sədrin əməllərinə etiraz etmiş, "yaşa görə" AZTV-dən atılmalarını qərəzçilik hesab etmişdi.
Hazırda AZTV-nin 150-dən artıq əməkdaşının yaşının 65-dən çox olduğu bildirilir. Hətta, onların içərisində 80 yaşını haqlamış şəxslər də var. Sədrin ayrı-ayrı şəxsləri öz istəyilə seçib hədəfə alması, "YAŞA GÖRƏ" senzinin AZTV-də kütləvi tətbiq edilməməsi bircə onu deməyə əsas verir ki, Rövşən Məmmədov islahatçılıqla deyil, əslində bəzilərinə qərəzçilik və qohumbazlıqla məşğul olur.
Maraqlı deyilmi? Yeni sədr qohumbazlıqla islahatı səhv salır...
Xəbərdə adıkeçən hər kəsin söz haqqını tanıyırıq!
Demokratik.Az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.