SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » TƏBİB və işçi qrupunun rəhbəri arasında bu dəfə də yer qalmaqalı: - Xəstəxanalar dolub, ya yox?

TƏBİB və işçi qrupunun rəhbəri arasında bu dəfə də yer qalmaqalı: - Xəstəxanalar dolub, ya yox?

Tarix:

18-06-2020, 13:04

/ 1 152 dəfə oxundu.
TƏBİB və işçi qrupunun rəhbəri arasında bu dəfə də yer qalmaqalı: - Xəstəxanalar dolub, ya yox?

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yoluxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev koronoviruslu xəstələrin müalicə aldığı xəstəxanalarda yer qıtlığının olduğunu açıqlayıb.

TƏBİB rəsmisi artıq xəstəxanalarda yerlərin dolduğunu və bu baxımdan xəstələrin ağırlıq dərəcəsinə görə müalicə ediləcəyini bildirib:

“Artıq xəstəxanalarda yer dolub. Biz dəfələrlə mətbuata açıqlayırdıq ki, əgər yoluxma sayı nəzarətimizdən çıxarsa, yəqin ki, xəstəxanaya ehtiyacı olan insanların sayı da artacaq. Bu baxımdan, hazırda yer qıtlığı yaşayırıq. Ona görə də biz yüngül və orta xəstələri ağırlıq dərəcəsinə görə bölüb yüngül xəstələri evdə, ağır xəstələri isə xəstəxanada müalicə edəcəyik. Hazırda yer qıtlığı yaşayırıq. Sağalıb evə gedən xəstə sayı daha azdır, nəinki yeni yoluxan xəstə sayı... Tutaq ki, günə 100 xəstə sağalıb evinə gedir. Amma yeni yoluxma halları 300-ün üzərindədir. Bu zaman, təbii ki, biz xəstəxanalarda yer sayı problemi yaşayacağıq”.

TƏBİB də koronaviruslu xəstələrin müalicəsi ilə bağlı xüsusi rejimli xəstəxanalar kimi müəyyənləşdirilən xəstəxanaların siyahısını açıqlayaraq, xəstəxana və yer sarıdan çətinlik çəkmədiklərini bildirib.

Bir qurumda iki fərqli mövqenin sərgilənməsi isə ictimaiyyətdə çaşqınlıq yaradıb.

Cebhe.info məsələni yenidən TƏBİB-lə dəqiqləşdirib. TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva saytımıza açıqlamasında koronaviruslu xəstələr üçün ayrılmış xəstəxanalarda yerlərin dolmadığını deyib:

“Xəstəxanalarda yerlər dolmayıb. Xəstələr test nəticəsi pozitiv təsdiqləndikdən sonra, həkimlərin verdiyi qərara əsasən, növbəlilik prinsipi ilə ağırlıq dərəcələrinə uyğun xəstəxanalara yerləşdirilir. Eyni zamanda, test nəticəsi neqativ olan və ya test nəticəsi hələ məlum olmayan, lakin klinikası COVID-19 olan şəxslər şübhəli kimi xüsusi rejimli xəstəxanalara yerləşdirilərək müalicəyə başlanılır. Bildiyiniz kimi, artıq modul tipli xəstəxana fəaliyyətə başlayıb, eyni zamanda daha 10 xəstəxana xüsusi rejimli xəstəxana kimi fəaliyyət göstərəcək. TƏBİB-in rəsmi mövqeyini sizə bildirdim”.

Xatırladaq ki, bir müddət əvvəl də oxşar situasiya yaşanmışdı. Vasif Əliyevin yayda xaricə gedən azərbaycanlıların qayıtdıqdan sonra karantində saxlanılması ilə bağlı verdiyi açıqlama ictimaiyyətdə ciddi müzakirələrə yol açmışdı. O, Azərbaycanda iyun ayından etibarən bu məsələnin müzakirə mövzusuna çevriləcəyini demişdi: “İlk növbədə vətəndaşların gedəcəyi ölkədə pandemiyanın vəziyyəti nəzərə alınacaq. Azərbaycan vətəndaşlarının gedəcəyi ölkədəki pandemiyanın vəziyyətindən asılı olaraq müzakirə aparılıb qərar veriləcək. Lakin hər hansı bir ölkəyə gedən vətəndaşlarımız qayıtdıqdan sonra karantində saxlanılmalıdır. Bu baxımdan, turistik səfərin həmin vətəndaşın işinə hansı formada yarayacağı da başqa bir məsələdir”.

O zaman da Rəvanə Əliyeva Cebhe.info-ya açıqlamasında məsələ ilə bağlı fərqli mövqe sərgiləyərək Vasif Əliyevin TƏBİB rəsmisi olmadığını əsas gətirmişdi:

“Əvvəlcə onu xatırladım ki, Vasif Əliyev TƏBİB-in rəsmisi deyil. Yəni rəsmi olaraq bizim işçimiz deyil. Sadəcə, İşçi Qrupunun rəhbəridir. Necə ki, hər hansı qurumun yanında ictimai şura var, o da İnfeksion Xəstəliklər üzrə İşçi Qrupunun rəhbəridir, infeksionist həkimdir. Bu məsələ ilə bağlı isə Nazirlər Kabineti yanında Operativ Qərargah rəsmi qərar verməlidir".

Şərhlər

XƏBƏR LENTİ