XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Sahibkar müştəriyə "hərif" kimi baxsa... - Turizm ölkəsi ola biləcəyikmi?

Sahibkar müştəriyə "hərif" kimi baxsa... - Turizm ölkəsi ola biləcəyikmi?

Sahibkar müştəriyə "hərif" kimi baxsa... - Turizm ölkəsi ola biləcəyikmi?
26-05-2020, 09:32

COVİD-19 pandemiyası tədricən səngiyir. Amma karonavirusun sosial-iqtisadi həyatımıza vurduğu ziyanlar isə hələ də qalmaqdadır. Ötən 3 ayda pandemiyadan ən çox ziyan görən sahələrdən biri turizm sektorudur. Bu sektor hazırda iflic vəziyyətindədir. Tam hərəkətsizlikdir. Onsuz da turizm sektoru istədiyimiz qədər inkişaf etməmişdi. Baxmayaraq ki, son 10 ildə bu sahənin dirçəldilməsinə yüz milyonlarla dövlət vəsaiti xərclənib, daha doğrusu dağıdılıb. Əbülfəz Qarayev bu sahəyə də öz qara əlini çəkib.

Yadımdadır ki, bu sahənin inkişafına və təbliğinə 7 il öncə tək bir layihə üzrə 300 milyon manatdan artıq dövlət vəsait xərclənmişdi (mənimsənilmişdi desək daha doğru olar). Layihənin də mahiyyəti bundan ibarət idi ki, Azərbaycanın turizm potensialı barədə hazırlanan videoçarx dünyanın aparıcı televiziyalarında nümayiş etdirilsin.

Yəqin ki, bu günədək dağıdılan yüz milyonlarla dövlət vəsaiti təyinatı üzrə xərclənsəydi, ölkəmizdə normal turizm sənayesi formalaşardı. Çox təəssüf ki, bu şansı qaçırdıq. Bu günsə acı realıqla barışmaq məcburiyyətindəyik. Xərclənən, dağıdılan bu qədər vəsait müqabilində bu gün bizim turizm sektorumuz Allahın kasıb Gürcüstanından belə geri qalır. Necə deyərlər, nə qədər də çalışsaq da, ötən dövr ərzində biz turizm ölkəsi ola bilmədik.

Bunun da tək səbəbi var: hər zaman korporativ maraqlarımızı dövlət və milli maraqlardan üstün tuturuq. Xərclənən yüz milyonların hesabını verməmək üçün Mədəniyyət və Turizm Nazirliyi zaman-zaman statistik saxtakarlığa belə gedib. Belə ki, ölkəmizə gələn hər bir vətəndaş turist kimi qeyd olunub ( təəssüf ki, bu metodologiya bu gün də davam etdirilir). Bu metodologiyaya inansaq, 2019-cu ildə Azərbaycana dünyanın 193 ölkəsindən 3 milyon 170,4 min və ya 2018-ci illə müqayisədə 11,3% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bununla belə ölkəmizə gələn xarici vətəndaşların sayı son bir ildə artsa da, onların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri azalıb. Ötən il Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 1 milyard 256,8 milyon manat olub ki, bu da, 2018-ci illə müqayisədə 21,6 milyon manat 1,7% az olub. 2018-ci ildə Azərbaycana gələn xarici vətəndaşlar bank kartları vasitəsi ilə 1 milyard 278,4 milyon manat xərcləyiblər.

Rəqəmlərdən də göründüyü kimi, ötən il Azərbaycana gələn xarici vətəndaşların hər biri bank kartları vasitəsi orta hesabla 396,4 manat pul xərcləyib. Bu göstərici 2018-ci ildə 448,6 manat olub. Məyusedici məqamlardan biri də odur ki, ölkəmizə gələn turistlərlə müqayisədə xaricə səyahət edən vətəndaşlarımız sayı arasında da böyük fərq var. Belə ki, 2019-cu ildə 5 milyona yaxın soydaşımız xarici ölkələrə çıxış edib. Nəticədə ölkəmizə gələn vəsaitdən təxminən 40 faiz çox vəsaiti xaricə çıxarmışıq.

Bu isə onu göstərir ki, turizm sektorundakı xidmətlər qanedici deyil. Bunun da bir çox səbəbləri var. Birincisi, müştəri məmnunluğu məsələsində biz çox geri qalmışıq. Azərbaycan bəlkə də yeganə ölkədir ki, “müştəri hər zaman haqlıdır” tezisi burda keçərli deyil. Bir anlığa göz önünə gətirək. Hansısa xidmətdən narazı qalan müştəri öz iradını bildirəndə ən çox eşitdiyi sözlər bu olur: “Bizdə belədir, xoşun gəlmirsə, sənə yaxşı yol”.

Bu da ondan irəli gəlir ki, turizm sektorundakı iri tutumlu obyektlərin tam əksəriyyəti bir qrup məmurun əlində cəmləşib. Həmin obyektləri idarə edən “papa” uşaqları da çox zaman müştərilərə peşəkarcasına deyil, şəxsi ambisiyaları ilə yanaşırlar. İkinci problem isə göstərilən xidmətə görə tələb olunan ödənişdir. Aparıcı turizm ölkələri bir yana, məsələn, qonşu Gürcüstanda müştərilərə təklif olunan milli xörək-xəngəl hər yerdə eyni qiymətdir. Axalkalakidə də, Tbilisidə də, Batumidə də. Bəs bizdə necədir? Götürək populyar kababımızı. Qubada bir qiymətdir, Qəbələdə bir qiymət, Göygöldə isə başqa qiymət. Hələ Bakını demirəm. Paytaxtımızın bəzi istirahət mərkəzlərində bir şiş kababı 25-30 manata təklif edirlər. Baxmayaraq ki, respublikamızda quzu ətinin qiyməti ümumilkdə 12-14 manat arasında dəyişir.

Bəs onda quzu əti niyə müştəriyə mayasından 5 dəfə baha qiymətə təklif olunur? Və yaxud tərəvəzi götürək. Paytaxtdakı 5 ulduzlu mehmanxanaları demirəm, Qubada, Qəbələdə, Göygöldə sıradan bir kafe-restoranda bir dənə xırda pomidor müştəriyə 5-6 manata təklif olunur. Təbii ki, bu qiymətin müqabilində müştəri ikinci dəfə həmin obyektə ayaq basmır. Baxmayaraq ki, turistlər üçün ən önəmli şey qidalanmadır (hələ xidmətin keyfiyyətini demirəm).

Belə vacib faktorlara bizdə qəti fikir verilmir. Ona görə də bir-neçə il əvvəl Körfəz ölkələrindən respublikamıza başlayan turist axını tez zamanda səngidi. Çünki Qəbələdə və yaxud Qubada iki nəfərin naharı üçün tələb olunan pulla Parisin Eyfel qülləsində doyunca yeyib-içmək olar. Və yaxud mehmanxanalardakı qiymətləri götürək. 4 ulduzlu iki qonşu mehmanxanada gündəlik qiymətlər bir-biri ilə qəti uzlaşmır. Hələ onu demirəm ki, olduqca baha olan qiymətlərin müqabilində müştəriyə təklif olunanlar xidmətlər qətiyyən qaneedici deyil. Bütün bu problemlərin məsuliyyəti isə təbii ki, Dövlət Turizm Agentliyinin üzərinə düşür. Niyə? Ona görə ki, ölkədə turizm siyasətini bu dövlət qurumu həyata keçirir.

Agentlik əməkdaşları bröşürlar hazırlamaqdan, konfrans keçirməkdən daha çox, bu gün turizm subyektləri ilə davamlı iş aparmalıdırlar. Sahibkara daha çox müştəri cəlb etməyin beynəlxalq aləmdə sınaqdan çıxmış yolları izah edilməlidir. Nəhayət, sahibkar müştəriyə “hərif” kimi yox, tərəfdaş kimi yanaşmanın gerçəkliyinə inanmalıdır. Əks təqdirdə biz heç zaman turizm ölkəsi ola bilməyəcəyik…

Hələ onu demirəm ki, ölkəmizin turizm infrastrukturu da istənilən səviyyədə deyil. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin sonuna respublikamızda 596 mehmanxana qeydə alınıb. Bu mehmanxanaların eyni vaxtda qonaq qəbul etmə imkanları isə 49 min 693 nəfərdir. Turizm ölkəsi olmağa iddialı bir dövlət üçünsə bu rəqəm çox aşağı göstəricidir. Ona görə də Dövlət Turizm Agentliyi ən azı sələfi olan Mədəniyyət və Turizm Nazirliyinin aqibətindən nəticə çıxarmalıdır….
KONKRET.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.