SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Konstitusiya Məhkəməsi “plagiat” edib? - İLGİNC

Konstitusiya Məhkəməsi “plagiat” edib? - İLGİNC

Tarix:

17-04-2020, 10:36

/ 832 dəfə oxundu.
Konstitusiya Məhkəməsi “plagiat” edib? - İLGİNC

"Konstitusiya Məhkəməsi son qərarında (http://www.constcourt.gov.az/decision/1114) hörmətli həmkarım və partnyorum vəkil Dunyamin Novruzovun “Azərbaycan vəkili” jurnalında 2017-ci ildə dərc edilmiş elmi məqaləsinin (https://barassociation.az/uploads/journal/14.pdf, səhifə 13-23) bir hissəsini istinad vermədən köçürüb. Belə ki, “İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir” cümləsindən başlayaraq Məhkəmə nə az, nə çox 4 abzası jurnalın 20-21-ci səhifələrindən olduğu kimi köçürüb". DİA.AZ bildirir ki, bunun tanınmış vəkil Əkrəm Həsənov açıqlamasında qeyd edib:

"Ümumən Məhkəmənin elmi əsərlərdən istifadə etməsi çox yaxşı haldır. Lakin elm aləmində istinad etmədən köçürməyə “plagiat” deyilir. Məhkəmə işində bunun necə adlandırılmasına isə yəqin ki, Konstitusiya Məhkəməsi özü aydınlıq gətirər.

Hər bir halda “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 45-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsi baxılan məsələ üzrə elmi və ya başqa xüsusi biliyə malik olan şəxsi ekspert kimi dəvət edə bilər. Və bu halda qəbul edilən qərarda həmin ekspertin adı göstərilir. Konstitusiya Məhkəməsinin indiyədək olan qərarlarında da bu məsələ məhz belə olub. Lakin bu dəfə Məhkəmə heç bir eksperti işə cəlb etməyib, sadəcə Dünyamin Novruzovun əsərinin müvafiq hissəsini qərarına köçürüb. Məntiqlə məqaləyə istinad vermək, müəllifin adını vurğulamaq düzgün olardı. Xarici təcrübədə məhkəmələr tərəfindən elmi əsərlərə istinad etmək, onların müəllifini qeyd etmək adi haldır.

P.S. Qərarın mahiyyətinə gəldikdə isə onu bildirim ki, o, tam aydın deyil. Əvvəla, məhkəmə iş barədə çox səthi məlumat verir. Aydın olan yalnız budur ki, şikayətçi vətəndaş Azərbaycan Beynəlxalq Bankından 2007-ci ildə 1 il müddətinə 353.500 dollar kredit götürüb, təxmini 237.000 dollar borclu qalıb. İndi isə deyir ki, krediti işlədiyi şirkətin rəhbərinin təkidi ilə götürüb (Azərbaycanda təkid, təzyiq, hədə, aldatma və s. nəticəsində o qədər kredit götürən var, amma indiyədək heç birinin işinə Konstitusiya Məhkəməsində baxılmayıb). Buna görə də kredit müqaviləsinin etibarsız hesab olunmasını tələb edir (hansı əsasla tələb etdiyi Qərardan aydın olmur).

Ali Məhkəmə hesab edib ki, vətəndaş hər bir halda müqavilənin etibarsız hesab edilməsi üzrə iddia müddətini buraxıb. Konstitusiya Məhkəməsi isə indi deyir ki, həmin müddət iddia müddəti deyil, kəsici müddətdir. Buna görə də Ali Məhkəmənin qərarını ləğv edib. Ən böyük müəmma isə odur ki, müddət kəsicidirsə belə o da artıq buraxılıb və iddiaçı üçün bu, daha da pisdir. Buna gördə də Konstitusiya Məhkəməsinin bu Qərarı nəticəsində vətəndaşın nə əldə etməsi aydın deyil. Bu iş barədə ətraflı məlumatı olan varsa, xahiş edirəm, mənə xəbər etsin. Banklara aldatma, hədə və s. nəticəsində borclu qalmış vətəndaşlar üçün çox faydalı ola bilər! Əgər Beynəlxalq Bank belə işi uduzursa, deməli, digər bankları da udmaq olar!.."

Şərhlər

XƏBƏR LENTİ