XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Bərbərxanalar və gözəllik salonları açılmalıdır, birazdan neandertallara bənzəyəcəyik

Bərbərxanalar və gözəllik salonları açılmalıdır, birazdan neandertallara bənzəyəcəyik

Bərbərxanalar və gözəllik salonları açılmalıdır, birazdan neandertallara bənzəyəcəyik
16-04-2020, 14:16

Nazirlər Kabineti yanında operativ qərargah dünən bəyən etdi ki, karantin rejimi uzadıla bilər...
Hökumətin çəkincələrini anlayıram – ümumiyyətlə dünyanın hər yerində karantin rejiminin tək bir məqsədi var: Xəstə sayını nəzarətdə saxlamaq, yoluxanların sayının kəskin artmasna imkan verməyərək səhiyyə sistemini artıq yüklənmədən qorumaq – nəticədə də reanimasiya şöbələrinin yüklənməsini, süni nəfəs aparat sayına uyğun xəstəlik artımını tənzimləmək.

Amma karantin rejimi daim ola bilməz, bu həm iqtisadi, həm psixoloji problemlərin həndəsi silsilı ilə artmasına səbəb olur-olacaq. Məncə, aprelin 20-dən sonra karantin rejimi xeyli yüngülləşdirilməlidir: 1) Bərbərxanalar və gözəllik salonları açılmalıdır, birazdan neandertallara bənzəyəcəyik. Amma sosial məsafə qaydalarına ciddi əməl olunmalıdır, salonlara eyni anda maksimum 2 müştəri alına bilər, müştərilər əyləşən kreslolar arasında məsafə ən azı 3 metr olmalıdır. Ustalar maska və əlcək taxmalı, müştərilər həm salona girəndə, həm də çıxanda əllərini dezinfeksiya etməlidirlər, 2) Metronun açılması hələ tezdir, ona görə də avtobus sayı kəskin artırılmalıdır, bir avtobusa minən sərnişin sayı maksimum dərəcədə az olmalıdır, həm sürücülər, həm sərnişinlər mütləq maska taxmalıdırlar, 3) İnşaat malları satan mağazalar açılmalıdır – evdə xırda təmir işlərinə ehtiyacı olanlar indi material tapa bilmirlər, ustalara da gigienik qaydalara əməl etmək şərti ilə iş icazəsi verilməlidir, 4) Bulvar və parklar açılmalıdır – havalar istiləşir, təmiz havada yürümək, gəzmək immun sistemi üçün də yararlıdır, amma qrup halında yürüş etmək hələ də qadağan olunmalı, məhz bu qaydanı pozanılar cərimələnməlidirlər. Tək-tək, maksimum 2 nəfər sosial məsafə saxlamaqla və maska taxmaqla yürüyə, gəzə bilərlər, 5) Telefon, kompyuter, məişət avadanlığı təmiri yerləri də açılmalıdır, 6) SMS-lə icazə sistemi ləğv edilməlidir, bu həm effektiv deyil, həm də Ana Yasamıza uyğun addım deyil.

Ölkəni yavaş-yavaş açmaq lazımdı, anlamalıyıq ki, biz hələ uzun müddət bu virusla yaşamalı olacağıq, əgər ən yaxşı üsullardan biri sosial məsafə və maska taxmaqdırsa, belə yaşamağı öyrənməliyik. Vətəndaş olaraq da öz məsuliyyətimizi dərk etməli, sağlamlığımızı qorumalıyıq. Karantin rejimi sadələşdirildikdə məsuliyyətli davranmalıyıq, bütün qaydalara əməl etməyə çalışmalıyıq. Yəni, həm hökumət öz üzərinə düşəni etməli, həm də vətəndaşlar düşünərək addımlar atmalıdırlar. Belə olmasa karantin rejimi hələ çox uzana blər. Artıq bir çox alimlər deyir ki, virus daşıyıcılarının yarıdan çoxu heç bir simptom göstərmədən öz-özünə sağalırlar – deməli, virus daşıyıcıları hələ uzun zaman aramızda olacaqlar və onların yoluxdurduğu xroniki xəstələr virusu daha ağır keçirəcəklər. Ona görə də əl ilə salam verməyi, görüşəndə öpüşməyi, böyük sayda insanlarla birgə qapalı məkanlarda toplanmağı, maskasız gəzməyi hələ azı 1 il unudun. Belə, görək başımıza nə gəlir...

Natiq Cəfərli - İqtisadçı

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.