SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Tanınmış iş adamından Eldar Əzizova şikayət: "Torpaq sahəmdə qanunsuz zibil yığım məntəqəsi tikilir" - Fotolar

Tanınmış iş adamından Eldar Əzizova şikayət: "Torpaq sahəmdə qanunsuz zibil yığım məntəqəsi tikilir" - Fotolar

Tarix:

15-03-2020, 16:30

/ 1 285 dəfə oxundu.
Tanınmış iş adamından Eldar Əzizova şikayət: "Torpaq sahəmdə qanunsuz zibil yığım məntəqəsi tikilir" - Fotolar

Tanınmış iş adamı, professor Şamil Heydərov üzləşdiyi qanunsuz hallarlla əlaqədar Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova açıq məktubla müraciət edib
Demokrat.az-ın məlumatına görə, həmin müraciətdə Nəsimi rayon MTKB-nin rəhbəri Elman Yəhyayevin və 51 saylı MKİS-in rəisi Akif Quliyevin qanunsuz fəaliyyətlərindən bəhs olunur:

Şikayət məktubunda deyilir:

"Nəzərinizə çatdırıram ki, Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon qəsəbəsi, H. B.Əliyev küçəsi 8 ünvanında yerləşən xüsusi mülkiyyətimdə olan torpaq sahəmdə-tam olaraq evimin yanında bir neçə aydır ki, Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyi və 51 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən zibil qutuları yerləşdirilərək tikinti işləri görülməkdədir. Dəfələrlə bununla bağlı haqlı iradımı bildirsəm də nə Nəsimi MTKB-nin nə də 51 saylı MKİS-nin əməkdaşları buna məhəl qoymadılar. Artıq həmin ərazidəki gigiyena qaydalarına zidd vəziyyət dözülməz həddə çatdığından məcbur qalıb Nəsimi rayon MKTB-ə və 51 saylı MKİS-ə qarşı Nəsimi rayon Məhkəməsinə iddia ərizəsi və iddia təmin tədbiri barədə ərizə ilə müraciət etdim.

13.03.2020-ci il tarixdə isə Nəsimi rayon Məhkəməsi tərəfindən ədalətli qərar qəbul edilərək ərizəm təmin edildi və torpaq sahəm üzərində hər hansı bir tikinti və yenidənqurma işlərinin aparılmasına, avadanlıqların yerləşdirilməsinə qadağa qoyuldu. Lakin cavabdehlər tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə aktına məhəl qoyulmamaqdadır.

Belə ki, Nəsimi rayon MTKB-nin rəhbəri Elman Yəhyayev və 51 saylı MKİS-in rəisi Akif Quliyev məhkəmə qərardadı ilə qadağa qoyulmasına baxmayaraq ərazidəki qanunsuz fəaliyyətlərini davam etdirməkdədir.

Belə hesab edirəm ki, həmin şəxslər tərəfindən bu fəaliyyət birbaşa olaraq mənə qarşı yönəlmiş qərəzdən ibarətdir. Mən isə hər zaman dövlətimizin iqtisadi cəhətdən inkişafı üçün çalışmış bir sahibkar olaraq mənə qarşı edilən qanunsuz əməllərə qarşı yalnış ədalətli məhkəmə sistemimizə güvənirəm.

Nəzərinizə çatdırıram ki, mən Respublikamızın büdcəsinə ən çox vergi ödəyən sahibkarlardan biriyəm. Hər zaman iqtisadi fəaliyyətdə aktiv iştirak etmişəm. Belə hesab edirəm ki, mülkiyyət hüquqlarımı kobud şəkildə pozub torpaq sahəmdə zibilxana şəraiti yaradan şəxslərə qarşı mütləq formada qanuni tədbir görülməlidir.

Dəfələrlə görülmüş qanunsuz işlərlə bağlı hüquq-mühafizə şikayətlər etmişəm. Lakin həmin müraciətlərimin də heç bir faydası olmamış və vəzifələrinə qarşı səhlənkar yanaşan bu rəhbər şəxslər barəsində heç bir tədbir görülməmişdir. Hətta bu səhlənkarlıq o həddə gəlib çatmışdır ki, Nəsimi rayon MKTB-nin rəhbərliyi qəbul edilmiş məhkəmə aktına da heç bir məhəl qoymayaraq hörmətsizlik edir. Halbuki məhkəmə aktları dövlətin adından qəbul edilir və məhkəməyə edilmiş hörmətsizlik dövlətə edilmiş sayılır. Ümumiyyətlə hal-hazırda Nəsimi rayonunun 2-ci mikrorayon ərazisində abadlaşdırma işləri demək olar yox dərəcəsindədir.

Nəsimi rayon MKTB-nin hazırki fəaliyyətində yeganə məqsəd isə ərazi üzrə təmir-bərpa və abadlaşdırma işləri görmək əvəzinə həmin ərazidə hansısa uyğun tikinti meydançası tapa bilməkdir.

Bildirirəm ki, Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin fəaliyyətsizliyi nəticəsində hazırda 2-ci mikrorayon ərazisində demək olar ki, 1 dənə də olsun abad həyət yoxdur. Sanki bu ərazi abadlaşma və təmir işləri görülən zaman unudulmuşdur.
Hazırda həmin ərazinin yaşayış məhəllələri bərbad vəziyyətdədir. Ərazidəki yaşıllaşdırma işləri isə heç də ürəkaçan deyildir. Hazırda Nəsimi rayon MTKB-nin rəhbərinin fəaliyyəti həmin ərazidə mənim üzərimə qanunsuz tələblər qoymaqdan ibarətdir. Öz vəzifəsindən sui-istifadə edərək qoyduğu bu tələblər həyata keçirilmədikdə isə həmin ərazini tullantı məmulatlarının yığılma kombinantına çevirir. Belə hesab edirəm ki, Respublikamızın Prezidenti cənab İlham Əliyevin digər icra hakimiyyəti orqanları ilə bağlı operativ göstərişləri Nəsimi rayon MKTB-nin və 51 saylı MKİS-in rəhbərliyinə də dərs olacaqdır.

Sizdən xahiş edirəm yuxarıda göstərdiyim xüsusatları nəzərə alaraq Nəsimi rayon MTKB ilə 51 saylı MKİS-nin rəhbərləri barəsində müvafiq tədbir görüb mənə köməklik göstərəsiniz".
Tanınmış iş adamından Eldar Əzizova şikayət: "Torpaq sahəmdə qanunsuz zibil yığım məntəqəsi tikilir" - Fotolar




Şərhlər

XƏBƏR LENTİ