XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Əhalinin narazı qaldığı icra başçıları: Onların taleyi necə olacaq? - GƏLİŞMƏ

Əhalinin narazı qaldığı icra başçıları: Onların taleyi necə olacaq? - GƏLİŞMƏ

Əhalinin narazı qaldığı icra başçıları: Onların taleyi necə olacaq? - GƏLİŞMƏ
19-02-2020, 12:44

Yerli icra hakimiyyətləri əhalinin ən çox şikayət etdiyi qurumlardandır.

Nəzərə alsaq ki, icra başçıları hakimiyyətin yerlərdəki birbaşa səlahiyyətli nümayəndəsidir, əhalinin problemlərinin həllində də əsas iş bu qurumların üzərinə düşür. Ancaq bəzi icra hakimiyyətləri bu işin öhdəsindən gəlməkdə ya maraqlı deyil, ya da problemlərə laqeyd yanaşırlar. Prezident Administrasiyası hər ilin yekunlarına dair hesabat xarakterli məlumat açıqlayır və bu hesabatlarda icra hakimiyyətlərindən edilən şikayətlərə xüsusi yer verilir. Bu dəfə də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun rəsmi mətbuatda dərc edilən “Azərbaycan Prezidentinin dərin islahatları vətəndaş müraciətlərində qaldırılan məsələlərin həllinə böyük inam yaradır” başlıqlı məqaləsində icra hakimiyyətlərindən olan şikayətlərin hesabatı da əksini tapıb. Məqalədə qeyd olunur ki, şikayətlərin sayı 2018-ci illə müqayisədə 2019-cu ildə nisbətən az olub. “Müraciətlərin çox olmasının həm obyektiv, həm də subyektiv səbəbləri var. Narahatlıq doğuran məsələ odur ki, vətəndaşlar yerli qurumlarda həll olunmalı, yaxud izahat verilməli məsələlər barəsində Prezident Administrasiyasına yazırlar. Əhalinin hər 1000 nəfərinə düşən müraciətlərin sayının real mənzərəni əks etdirən bir göstərici olduğunu nəzərə alsaq, deməliyik ki, Naftalan, Yevlax, Ağstafa, Ağsu, Astara, Beyləqan, Bərdə, Cəbrayıl, Gədəbəy, Göygöl, Kəlbəcər, Laçın, Lerik, Masallı, Sabirabad, Şəmkir, Ucar, Yardımlı, Zəngilan, Zərdab, digər şəhər və rayonlarda bu rəqəm daha yüksək olub”-deyə məqalədə vurğulanıb.

Maraqlı məqam odur ki, adıçəkilən bəzi rayonların icra hakimiyyətləri məhz neqativ hallarla mütəmadi gündəmdə olur. 2017-18-ci illərdə Hesablama Palatası icra hakimiyyətlərində yoxlama aparan zaman bir sıra yerli icra qurumlarında yeyinti faktı aşkarlamışdı. Konkret desək, 14 icra hakimiyyətində dövlət büdcəsinə müxtəlif məbləğlərdə ziyan vurulduğu müəyyən olunmuşdu. Beyləqan, Şamaxı, Sabirabad, Şəmkir, Xızı, Mingəçevir, Lənkəran, İsmayıllı, Gədəbəy, Bərdə və digər rayon icra hakimiyyətlərində maliyyə nöqsanları üzə çıxaırlmışdı. Göründüyü kimi, əhalinin ən çox şikayətçi olduğu bəzi icra hakimiyyətlərinin adı həm də dövlət büdcəsinə zərər verməkdə hallanır. Doğrudur, bu hesabatın yayımlandığı dövrdən sonra bir sıra, o cümlədən Şamaxı rayon İcra Hakimiyyətinin başçısı dəyişdirilib. Bu dəyişikliklər neqativ hallarla gündəmə gələn digər icra başçıları üçün də gözləniləndir. Hazırda ölkədə sosial-iqtisadi, siyasi islahatlar aparılır. Bir çox sahələrdə ciddi, hətta radikal dəyişiklərin şahidi oluruq. Dəyişiklik icra hakimiyyətlərindən də yan keçmir. Görünən odur ki, proses davamlı olacaq. Tapşırıqları icra etməyən, əhalini incidən, süründürməçiliyə yol verən icra başçıları da yola salınacaq.

Ölkə başçısı İlham Əliyev özü də icra hakimiyyətəri ilə bağlı çıxışında bu sahədə də islahatların davam etdiriləcəyini vurğulayıb:

"Müvafiq icra orqanlarının rəhbərlərinə və məsul şəxslərə göstəriş verildi ki, onlar daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar. İcra başçıları qəsəbələrdə, kəndlərdə olmalıdırlar, vətəndaşların problemlərini eşitməlidirlər, onlara biganə qalmamalıdırlar, onlara şərait yaratmalıdırlar, onlara dəstək olmalıdırlar, kömək göstərməlidirlər. Bu sahədə çox ciddi islahatlar aparılır və aparılacaq”.
Cebhe.info

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.