XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Balababa Rzayev prezidentə yanlış məlumat verir...

Balababa Rzayev prezidentə yanlış məlumat verir...

Balababa Rzayev prezidentə yanlış məlumat verir...
24-12-2019, 11:19

Azərenerji” ASC-nin prezidenti Akim Bədəlovun “günahlarını” ört-basdır edir – Səbəb?
Heç kimə sirr deyil ki, bir çox məmurlar zaman-zaman prezidentə yalan söyləyir və yol verdikləri korrupsiyanı gizlətmək üçün olmayan istehsal barədə yanlış informasiyalar verirlər. Maraqlıdır ki, Statistika Komitəsi belə məmurların havadan götürdükləri rəqəmləri olduğu kimi öz hesabatlarına salır və ekspertlərin araşdırmaları göstərir ki, bu göstəricilər bir qayda olaraq yoxlanılmır. Lakin həqiqətdə isə hər şey çox fərqlidir. Misal üçün, bu yaxınlarda mətbuatda yayılan bir məlumatda bildirilirdi ki, İmişlinin icra başçısı Vilyam Hacıyev özünə məxsus bir çayxananı təmir etdirərək prezidentə şahmat məktəbi kimi təqdim edib və prezident açılışda iştirak etdikdən sonra “şahmat məktəbi” yenidən çayxanaya çevrilib. Əslində dövlət başçısına yanlış informasiya verilməsi faktları çox olub və bunlardan biri də ötən həftə ölkə rəhbəri “Azərenerji” ASC-nin prezidenti Balababa Rzayevi qəbul edərkən baş verdi.

Qeyd edək ki, prezidentə yanlış məlumat verən məmurların cəzalandırılması artıq baş verməkdədir və ötən həftə iki icra başçısının həbsi də bunu göstərdi. Həmin həbslərdən üç gün əvvəl prezident ölkənin elektrik enerjisi istehsalı sahəsində vəziyyəti birinci əldən “aldı” və bu görüşdə bizim diqqətimizi cəlb edən detallardan biri də Baba Rzayevin prezidentə yanlış məlumat verməsi oldu. Bəs yanlışlıq nə idi?

Qəbul zamanı “Azərenerji” ASC-nin prezidenti bildurdi ki, Yaşma Külək Elektrik Stansiyası tam gücü ilə işləyir. Baba Rzayevin sözlərinə görə, Yaşma Külək Elektrik Stansiyası 2018-ci ildə 60 milyon kilovat-saat, 2019-cu ildə isə 80 milyon kilovat-saat enerji istehsal edib. Doğrudan da Yaşma Külək Elektrik Stansiyası Azərbaycanda fəaliyyətdə olan yeganə alternativ enerji mənbəyidir və insaf naminə qeyd edək ki, alternativ enerji stansiyası bu işi əsl görməli olan, Akim Bədəlovun rəhbərlik etdiyi və milyardlar xərclədiyi Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən deyil, “Azərişıq” ASC tərəfidən qurulub və həmin vaxt “Azərişıq” ASC-yə Baba Rzayev rəhbərlik edib.

Hazırda Balababa müəllim həmin qurumun başçısı deyil və elədirsə, nəyə görə “Azərenerji” rəhbəri başqa qurumun balansında olan qurğular barədə bilgi verir? “Azərenerji” ASC-nin tabeçiliyində alternativ enerji stansiyası heçmi yoxdur? Əslində var və bu stansiyaların quraşdırılmasına külli miqdarda dövlət vəsaiti xərclənib.

BUNU DA OXUYUN: Balababa Rzayevin “böyük” planı: Əhalidə narazılıq yaranmalıdır...

Bu işin bir tərəfidir. Məsələnin ən problemli tərəfi isə odur ki, Baba Rzayev prezidentə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ləğv olunduqdan sonra “Azərenerji” ASC-nin balansına keçən alternativ enerji stansiyaları haqqında heç bir məlumat vermədi. Bəs Baba Rzayev Akim Bədəlovun 3 milyarddan artıq xərc çəkib inşa etdiyi alternativ enerji mənbələri ilə bağlı həqiqətləri prezidentə niyə söyləmədi? Axı bu gün Baba Rzayevin çiyninə yüklənən bu alternativ enerji stansiyaların heç biri demək olar ki, işləmir və maketdən başqa bir şey deyil. Bunu Baba Rzayev də yaxşı bilir. Bəs sabah hər hansı ehtimal qəza şəraitində Baba Rzayev Akim Bədəlovun maketlərini prezidentə necə anladacaq?

Qəzadan söz düşmüşkən, bir haşiyə çıxaq ki, təqribən 6 ay əvvəl də Mingəçevir SES-də növbəti qəza baş verib və bu qəzanın nəticələri tez aradan qaldırıldığına görə gizlədilib. Mənbəmiz PİA.az-a bildirib ki, 2018-ci ildə Mingəçevir SES-də baş verən partlayışdan sonra aparılan təmir və yenidənqurma işləri lazımı səviyyədə görülməyib, aparılan bərpa-təmir və yenidənqurma işlərinin miqyası tələbə edilən səviyyədə olmayıb. Hətta SES-in əməkdaşları bir az da irəli gedərək həmin işlərin həyata keçirilməsi zamanı yenidən korrupsiyaya yol verildiyini də iddia edirlər. Mingəçevir SES-dəki son qəza təqribən 6 ay əvvəl qəza baş verib və yuxarıda da qeyd etdiyimiz kimi, ictimaiyyətdən gizlədilib.

İndi isə qayıdaq milyardlar bahasına başa gəlmiş və rentabelsiz alternativ enerji stansiyalarına və günəş panellərinin istifadə üçün nəzərdə tutulmuş, ölkənin enerji təminatına demək olar ki, heç bir qatqısı olmayan zavoda...

Maraqlıdır, Baba Rzayev hansı səbəbdən Akim Bədəlovun tamamilə maketlərdən ibarət olan “alternativ enerjisinin” məsuliyyətini üzərinə götürür və həqiqətləri prezidentdən gizlədərək susqunluq nümayiş etdirir? Bu sualın cavabını biz də bilmirik və hesab edirik ki, bu barədə “Azərenerji” ASC məlumat verməlidir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.