XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşları tərəfindən prezidentə -MÜRACİƏT

Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşları tərəfindən prezidentə -MÜRACİƏT

Azərbaycan Dövlət Pedaqoji Universitetinin  əməkdaşları tərəfindən prezidentə -MÜRACİƏT
19-12-2019, 13:12

Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə və
Birinci vitse-prezident Mehriban xanım Əliyevaya
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
əməkdaşları tərəfindən

AÇIQ MƏKTUB
Möhtərəm Prezident!
Çox hörmətli Mehriban xanım!
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) təhsilin vəziyyəti son dərəcə təhlükə qarşısındadır. Biz ADPU-nun bir qrup əməkdaşı olaraq, dəfələrlə müxtəlif instansiyalara müraciətimizdə də bəyan etmişik ki, universitet pedaqoji statusunu itirmək təhlükəsi ilə üzləşmişdir. Rektor Cəfər Cəfərov Ulu Öndər Heydər Əliyevin yüksək dəyər verdiyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin təhsil sistemini darmadağın etməyi sanki qarşısına məqsəd qoymuş və buna qismən də nail olmuşdur.
Rektorun bu qanunsuz əməlləri ilə bağlı dəfələrlə aidiyyəti orqanlara müraciət etsək də, çox təəssüflə qeyd edirik ki, onun özbaşınalığının qarşısı alınmamışdır. Çünki, Cəfər Cəfərovun özünün də dəfələrlə bəyan etdiyi kimi, o, Prezident Administrasiyasının və Təhsil Nazirliyinin rəhbərliyində təmsil olunan məmurlar tərəfindən daima himayə olunub. Belə ki, onun cinayət xarakterli əməllərinin Prezidentin İctimai-siyasi məsələlər üzrə keçmiş köməkçisi, tələbə yoldaşı Əli Həsənov tərəfindən ört-basdır edildiyi haqda səhih məlumatlar var. Hətta Ə.Həsənovun bu məsələdə Təhsil Nazirliyinin rəhbərliyində çalışan bəzi səlahiyyətli şəxslərə də təzyiq göstərdiyi bildirilir.
Belə iddialar da vardır ki, Cəfər Cəfərov məhz Ə.Həsənov kimi məmurların dəstəyi ilə rektor vəzifəsinə gətirilərək, 22 mindən çox tələbəsi olan ADPU-nu rüşvət, korrupsiya və qohumbazlıq meydanına çevirmişdir. Təsadüfi deyil ki, o, bu vəzifəyə təyin olunduqdan az sonra bibisi nəvəsi olan 25 yaşlı Ümid Mehdiyevi Maliyyə və təsərrüfat işləri üzrə prorektor vəzifəsinə təyin etmişdir. Hansı ki, bu yarıtmaz təyinat nəticəsində ADPU-da qısa müddətdə ciddi yeyinti faktları aşkarlanmışdır və nəticədə külli miqdarda dövlət vəsaiti mənimsənilmişdir. Lakin maliyyə pozuntularına yol verdiyinə görə, rektor Ümid Mehdiyevi həmin vəzifədən çıxarmaq əvəzinə, guya “cəzalandırmaq” məqsədilə onu özünə 2-ci müşavir təyin etmişdir. Nəzərə alaq ki, hazırda heç bir rektorun 2 müşaviri yoxdur, hətta təhsil nazirinin belə, cəmi 1 müşaviri var.
Bundan əlavə, C.Cəfərov, tədris sahəsində böyük təcrübəsi və tədris təşkilatçısı olan mütəxəssisi Tədris işləri üzrə prorektorluqdan azad edərək, onun yerinə pedaqoji təhsil sistemi ilə əlaqəsi olmayan Eldar Aslanovu, Tədris işləri üzrə şöbə rəhbərliyinə isə ərzaq sahəsi üzrə mütəxəssis olan, özünün əvvəl çalışdığı Turizm və Menecment İnstitutundan gətirdiyi Sənan Əliyevi təyin etmişdir. “Fizika və texnologiya” fakültəsinin dekanını (şöhrət ordenli, əməkdar müəllim, fizika-riyaziyyat elmləri doktoru, professor) dəyişərək, onun yerinə BDU-nun laborantı, 50 yaşı olan və bir gün belə müəllim işləməmiş, həyat yoldaşının xalası oğlu Arzu Daşdəmirovu əmrlə dekan təyin etmişdir. Bununla da o, fakültənin elmi şurasına və metodiki şuraya rəhbərlik etməli olmuşdur.
Müasir təhsil strategiyasının prinsiplərindən xəbərsiz olan Cəfər Cəfərov Pedaqoji Universitetin rəhbər kadr potensialını beləcə məhv edərək, onları turizm eksperti, əmtəəşünas, ərzaq sənayesi üzrə mütəxəssis, gömrük içşisi və s. kimi qeyri-ixtisasçı qohumları ilə əvəz etmişdir. Onun “gücləndirdiyi kadr siyasəti” budur.
ADPU-nun rektoru qardaşı qızının əri olan Vüsal Xəlilovu Tələbələr şöbəsinə müdir, bibisi nəvəsinin əri olan Çinar Qaybalıyevi Təsərrüfat işləri üzrə prorektorun müavini və şöbə müdiri, onun dayısı olan Afət müəllimi komendant, öz xalası oğlu Araz Xəlilovu İdman kulubuna müdir təyin etmişdir. Bundan başqa, C.Cəfərov kimliyi kollektivə məlum olmayan və vaxtilə mərhum dövlət başçısı, ümumilli lider Heydər Əliyev tərəfindən Ədliyyə Nazirliyindəki vəzifəsindən qovulan Aydın Kərimov adlı yaxın adamını da qeyri-rəsmi olaraq universitetin baş hüquqşunası və eyni zamanda attestassiya komissiyasının sədri kimi işlədir.
ADPU-nun rektoru onun barəsində Təhsil Nazirliyinə, Prezident Administrasiyasına və digər yuxarı təşkilatlara yazılan şikayət məktublarına və ərizələrinə utanmadan yalan cavab verir. Yuxarı təşkilatlara yazılan şikayət ərizələrinin isə bir cavabı vardır: “Ərizəniz baxılmaq üçün Təhsil Nazirliyinə göndərilmişdir”. Hansı ki, rektorun tələbə yoldaşı Əli Həsənovun təzyiqi ilə həmin məktublar Təhsil Nazirliyində "quyuya" düşmüşdür.
O cümlədən, hüquqları pozulan əməkdaşlar məhkəmələrə müraciət etdikdə, rektor Cəfər Cəfərov yenə də himayədarlarınını dəstəyi ilə hakim qərarlarına təsir göstərmiş, nəticədə bütün şikayətləri "haqsız" çıxarmışdır.
Belə faktları davam etdirmək də olar. Budurmu rektorun “humanizmi”, onun əməkdaşlara “qayğısı və diqqəti”?
Möhtərəm Prezident!
Çox hörmətli Mehriban xanım!
Haqqa nahaq donu geyindirməyi böyük məharətlə bacaran, haqqı bilərəkdən gizlətməkdə və tapdalamaqda mahir olan, elmi və pedaqoji cəhətdən heç bir səriştəsi olmayan Cəfər Cəfərov hazırda da çoxminli kollektivə meydan oxumaqda davam edir. Bu səbəbdən, inanmaq istəyirik ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorunun davam edən ədalətsiz hərəkətlərinin qarşısını almaq üçün təcili olaraq dövlət səviyyəsində qəti tədbirlər görüləcək və kütləvi şəkildə hüquqları pozulan universitet əməkdaşlarının hüquqlarının bərpası üçün təcili əməli tədbirlər görülərək, rektor C.Cəfərovun özbaşınlığına son qoyulacaqdır.
Yuxarıda göstərilən faktların düzgünlüyünü öz imzalarımızla təsdiq edirik.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşları:
Murquzov Mirzəli İsmayıl oğlu, “Şöhrət” ordenli əməkdar müəllim, professor;
Əliyeva Nərminə Əli qızı, Fizika-riyaziyyat elmləri namizədi;
Məmmədova Rəna Feyzulla qızı, Fəlsəfə elmləri doktoru, dosent;
Əliyeva Arzu Əsəddin qızı, Baş laborant;
Vəlimedova Olqa Viktorovna, Fəlsəfə elmləri doktoru, dosent;
Hüseynova Südabə Ələsgər qızı, Laboratoriya müdiri;
Abbasova Mətanət Xosrov qızı, Fransız dili müəlliməsi;
Əhmədov Ramin Muxtar oğlu, Filologiya elmləri doktoru;
Quliyev Əliqulu Nağı oğlu, Dosent,
Rəhimova Nurlana Məqafil qızı, Laborant;
Hüseynov Vidadi Fərzəli oğlu, Böyük dispetçer:
Osmanov Vahid Yolçu oğlu, Laboratoriya müdiri;
Əlıiyeva Şüküfə Balaca qızı, Mətbəə işçisi;
Əbilova Arzu Zakir qızı, Baş laborant;
Şəfiyeva Elmira Məmmədəli qızı, Laboratoriya müdiri;
Əliyeva Qəmər Allahverdi qızı, Laborant;
Hacıyeva Fəridə Qəşəm qızı, Baş Laborant;
Mehdiyeva Xanım Nəriman qızı, Nəzarətçi.

Xalqxeber.Az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.