XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » İcra başçısının yamadığı, deputatın ayaq basmadığı ŞƏHİD YOLU - Yasamaldan reportaj

İcra başçısının yamadığı, deputatın ayaq basmadığı ŞƏHİD YOLU - Yasamaldan reportaj

İcra başçısının yamadığı, deputatın ayaq basmadığı ŞƏHİD YOLU - Yasamaldan reportaj
5-04-2017, 08:48

Aprelin 4-də ötən ilin üç günlük Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş baş leytenant Mirzə Novruzovun il mərasimi keçirilib.
Əməkdaşımızın verdiyi məlumata görə, II Fəxri Xiyabanda dəfn olunan şəhid zabit məzarı başında anılıb, ruhuna dualar oxunub. Mərhumun il mərasimi isə ata evi olan Bakının Yasamal rayonu, II Alatava yaşayış massivində təşkil edilib.
Əməkdaşımızın xəbərinə görə, məclisdə Yasamal rayon icra başçısı İbrahim Mehdiyev və RİH rəsmiləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Müdafiə Nazirliyindən nümayəndələr və şəhid zabitin xidmət yoldaşları da iştirak ediblər.
Ancaq Yasamalın icra başçısı yas mağarından bir addım irəli gedərək aprel şəhidinin evinə aparan yolun nə günə salındığını görmək yadına da düşməyib. Halbuki, məhəllənin bu yolunu Yasamal RİH-nin tapşırığı ilə "düzəldiblər”.
M.Novruzovun il mərasiminə hazırlıq ərəfəsində tələm-tələsik II Alatavanın girişinə 1-2 vedrə asfalt töküb, fəlakət içində olan yolu yamaq-yamaq etməyə başlayıblar.
Suriya müharibəsindən çıxmış, üzərindən tank keçdiyi təəssüratı yaradan bu yolu asfaltlamaq istəməyiblər. Yerli camaatın təkidi və etirazından sonra II Alatavanın girişi minnətlə asfaltlanıb.
Ancaq 100 metrə gedəndən sonra vətən uğrunda canından keçmiş şəhid zabitin evinə gedən yolu yamaq-yamaq edib işlərini bitmiş sayıblar.
M.Novruzovun ata evinə aparan yol və məhəllənin bütün küçələri bərbad gündədir. Yasamal icra başçısı şəhid vermiş qəsəbəyə bir maşın asfalt da qıymayıb. Bu biabırçılıq ciddi narazılıq yaradıb. Qəsəbə camaatı bunu şəhidə və yerli sakinlərə qarşı hörmətsizlik sayır.
Hərçənd, rayon rəhbərliyi üçün yol problemini həll etmək çox sadədir. Alatavalılar deyirlər ki, gərək hər il şəhid verək, onda qarış-qarış asfalt çəksinlər.
M.Novruzovun yaşamış olduğu Alatavanın girişini urvatsız şəkildə yamaq etmək və qalan yerlərə bir vedrə qır tökməməyin izahı yoxdur. Sadəcə, il mərasimində icra başçısı iştirak edəcək deyə məhəllənin girişini asflatlayıblar.
Şikayət edən yerli sakinlərin sözlərinə görə, nə İbrahim Mehdiyev icra başçısı olduğu dövrdə, nə də deputat Ülvi Quliyev indiyə qədər Alatavaya baş çəkib, dərd-səri ilə maraqlanıb.
Küçələr, maşın yolları mina düşmüş əraziləri xatırladır. Sakinlər qeyd edirlər ki, "20 Yanvar” metrostansiyası yaxınlığında yerləşən 2-ci Alatava yaşayış massivinin yolları əsasən dik olduğundan yağış və qardan sonra problem daha da artır, yollar keçilməz olur.
Alatava sakinləri icra başçısı xidməti maşını ilə məhəlləyə gəlməyə və bu yollardan keçməyə dəvət edir:
"Gəlib özü bu yoldan maşınla keçəndə rüsvayçılığın şahidi olacaq. Bizə hörmət qoymurlar, heç olmasa şəhidin adına layiq olsun deyə bir maşın asfalt töküb düzəldəydilər.
Bu formada yolu malalamaqla kimi ələ salırlar, kimi aldadırlar? Ayıb deyilmi? Əslində, çoxdan bu yollar təmir olunmalıydı. Hələ biz ayrılan vəsaitlərin hara getdiyini soruşmuruq.
İl mərasimində də İbrahim Mehdiyev baş sağlığı verib getdi, məhəlləyə boylanıb baxmadı ki, göndərdiyi adamlar yolları nə günə qoyublar”.
Sakinlər ümid edirlər ki, tezliklə bu rəzalətə son qoyulacaq və əsaslı işlər həyata keçiriləcək.
Xatırladaq ki, M.Novruzov ötən il aprelin 4-də gedən döyüşlərdə həlak olub və ayın 5-də dəfn edilib. Ölümündən sonra prezident sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilib. Mərhumun iki övladı var.

Bakı Post
İcra başçısının yamadığı, deputatın ayaq basmadığı ŞƏHİD YOLU - Yasamaldan reportaj
İcra başçısının yamadığı, deputatın ayaq basmadığı ŞƏHİD YOLU - Yasamaldan reportaj
İcra başçısının yamadığı, deputatın ayaq basmadığı ŞƏHİD YOLU - Yasamaldan reportaj
İcra başçısının yamadığı, deputatın ayaq basmadığı ŞƏHİD YOLU - Yasamaldan reportaj
İcra başçısının yamadığı, deputatın ayaq basmadığı ŞƏHİD YOLU - Yasamaldan reportaj
İcra başçısının yamadığı, deputatın ayaq basmadığı ŞƏHİD YOLU - Yasamaldan reportaj

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.