İran İslam Respublikasının Kooperativlər, Əmək və Sosial Rifah Nazirliyinin nümayəndə heyəti ölkəmizdə səfərdə olub. Səfər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə həmin nazirlik arasında imzalanmış Anlaşma Memorandumuna əsasən təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədi daşıyıb.
Nazirliyin Əlillik siyasəti şöbəsində, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində və Dövlət Məşğulluq Xidmətində nümayəndə heyəti ilə görüşlər keçirilib. Görüşlər zamanı nümayəndə heyəti üçün ölkəmizin əmək, məşğulluq, sosial müdafə sahələrində innovativ təcrübələrinə dair təqdimatlar edilib. Əlilliyin qiymətləndirilməsi üzrə elektron sistemdən, reabilitasiya xidmətlərindən, əlilliyin qiymətləndirilməsi sahəsində hazırlanan yeni meyarlardan, dövlət əmək müfəttişliyi sisteminin və məşğulluq xidmətlərinin təkmilləşdirilməsi üçün aparılan islahatlardan bəhs olunub. “E-sosial” internet portalı, “Əmək müqaviləsi bildirişi”, “Məşğulluq” və s. altsistemlər, aktiv məşğulluq tədbirləri və özünüməşğulluq proqramı, peşə hazırlığının təşkili, yaradılan Əməyin Mühafizəsi Fondu və s. barədə təqdimatlar edilib.
Nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi və Agentliyin 1 saylı DOST mərkəzində də olublar. Mərkəzin iş prinsipləri ilə tanış olan qonaqlar burada innovativ əsaslarda əhaliyə göstərilən xidmətləri, eləcə də mərkəzin elektron xidmətlər sistemini, xidmət bölmələrini nəzərdən keçiriblər. Onlar mərkəzdə gördükləri və vətəndaş məmnunluğuna səbəb olan müasir xidmətlərlə bağlı xoş təəssüratlarını bölüşüblər.
Görüşlər zamanı İran nümayəndə heyəti də ölkələrində müvafiq sahələrdə aparılan işlər barədə məlumatlar veriblər.