SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Zərərçəkmiş iş adamı Prezidentdən və Vilayət Eyvazovdan kömək istəyir - Kəbirə Məmmədova iş adamından aldığı 60 min dolları qaytarmır

Zərərçəkmiş iş adamı Prezidentdən və Vilayət Eyvazovdan kömək istəyir - Kəbirə Məmmədova iş adamından aldığı 60 min dolları qaytarmır

Tarix:

25-09-2019, 15:23

/ 2 000 dəfə oxundu.
Zərərçəkmiş iş adamı Prezidentdən və Vilayət Eyvazovdan kömək istəyir - Kəbirə Məmmədova iş adamından aldığı 60 min dolları qaytarmır

İş adamı Elsevər Abdullayev: "Kəbirə Məmmədova deyir ki, hara gedirsən get, hara yazırsan yaz!"


Tanınmış iş adamı Elsevər Abdullayev Millətinsəsi.info saytına Binə Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovadan növbəti dəfə şikayət məktubu göndərib. İş adamı Elsevər Abdullayev şikayət məktubunda Prezident İlham Əliyevdən və Daxili İşlər naziri Vilayət Eyvazovdan kömək istəyir və bildirir ki, Kəbirə Məmmədova ondan aldığı 60.000 dolları qaytarmır.

Zərərçəkmiş ölkə başçısına və hüquq mühafizə orqanlarına intihar edəcəyi ilə bağlı xəbərdarlıq da göndərmişdi. İş adamı Elsevər Abdullayevin şikayətində deyilir:

"Hörmətli cənab Prezident,

Hörmətli cənab Vilayət Eyvazov!

Sizlərə 4-cü dəfə zəhmət verməyimə zərurət yaradan tanınmış iş adamı Kəbirə Məmmədova tərəfindən hiylə yolu ilə 60.000 (altmış min) Amerika dolları pulumun ələ keçirilməsi və bütün səylərimə baxmayaraq ala bilməməyim üstəlik də təhqir olunmağımdır.

Ötən müraciətlərimdə qeyd etdiyim kimi illər öncə ailəmin xoş güzəranı naminə doğmalarımdan, yaxınlarımdan borc alıb bir yerə topladığım 60.000 Amerika dollarını Kəbirə Məmmədovaya verib onunla müddətsiz müqavilə imzalayaraq hər biri 23 kvadratmetr sahəni əhatə edən 2 anbar almışdım.

Lakin Kəbirə Məmmədova mənə elə yerdən anbar vermişdi ki, ora ildə bir dəfə insan ayağı dəymirdi. Mən elə ilk günlərdən buna öz ciddi etirazımı bildirərək ya anbarların yerlərini dəyişdirməyi ya da pulumun qaytarılmasını tələb etməyə başladım. Lakin Kəbirə Məmmədova bu günlərimizə qədər nə pulumu qaytarır nə də anbarların yerini dəyişdirir.

Cənab Prezident, Sizə ünvanladığım üç müraciətdən və sonra Kəbirə Məmmədovanın qəbulunda olmuşam. O mənə bildirmişdir ki, aldığı 60.000 dolların yarısını, yəni 30.000 dollarını hər ay 500 manat verməklə hissə-hissə qaytaracaq. Təbii ki, onun bu gülünc doğuran şərti məni razı salmadığından onunla görüşmək üçün dəfələrlə qəbuluna getmək məcburiyyətində qalmışam. Amma ya qəbul etmir, ya da qəbul edib ən nəlayiq kişi söyüşləri ilə təhqir edir, həbslə hədələyir və respublikanın ən zəhmli, nüfuzlu rəhbərləri ilə dost, qohum olduğunu dilə gətirir.

Məni bu gün bir sual dərindən düşündürür: yüzlərlə insanın hüquqlarını pozaraq hiylə yolu ilə malını, pulunu ələ keçirən zorakılıq edən Kəbirə Məmmədova hansı səbəbdən cəzasız qalır? Görəsən, onun toxunulmazlığına xüsusi status verən kimdir? Onun arxasında dayanan, onu müdafiə edən kimdir?

Cənab Prezident, dəyərli vaxtınızı alaraq 4-cü müraciəti Sizlərə yazıb göndərirəm. Lakin heç bir orqandan, xüsusən də Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən səs-səmir çıxmır! Qoy məni bondotdelə dəvət etsinlər, kimin haqlı, kimin haqsız olduğunu izah etsinlər.

Vətəndaşların ərizə, şikayətlərinə və təkliflərinə belə qeyri həssas yanaşılması heç bir normativ akta və hüquq normalarına uyğun gəlmir!

Bunu necə anlamaq olar ki, barəsində orqanlara aramsız şikayətlər göndərilən Kəbirə Məmmədovanı heç bir hüquq mühafizə orqanlarına gətizdirə bilmirlər. Əməkdaşlar onun hüzuruna gedirlər və elə vaxtlar olur ki, saatlarla onun qapısı önündə gözləməli olurlar. Görəsən səbəb nədir? Cavab birmənalıdır! Avtogen açmayan qapıları pul açır!!!

Mən yaranmış şəraitdən, fürsətdən istifadə edərək cənab Vilayət Eyvazova, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi cənab Əbülfət Rzayevə

Müraciət edirəm:

Hörmətli Cənablar, mən Sizlərə şikayət ərizələrini yazıb göndərirəm ki, mənə köməklik edəsiniz! Milyardlarla pulu, varı, dövləti olan, cah-cəlal içərisində yaşayan Kəbirə Məmmədovaya yox, mənim hüquqlarımı, haqqı-ədaləti müdafiə edin, Allaha da xoş gəlsin, bəndəyə də. Mən bu gün çox rəzil vəziyyətdə, intihar həddində yaşayıram. Anam da, həyat yoldaşım da onkoloji xəstəlikdən əziyyət çəkirlər. Borc içində boğuluram. Güman edirəm ki, mövcud vəziyyəti nəzərə alaraq qanun naminə, insanlıq naminə köməkliyinizi əsirgəməyəcəksiniz.

Müqavilələr əlavə olunur.

Əlaqə telefonu: (055) 760-20-06

P.S. Məsələ ilə bağlı qarşı tərəfində mövqeyin dərc etməyə hazırıq.

Millətinsəsi.info

Şərhlər

XƏBƏR LENTİ