Pasiyenti ölüm masasına yalan məlumatlar verməklə çıxardığı bilindi; ictimai vəkil ciddi araşdırmaları ortaya qoydu...
Azərbaycanda 2 pasiyenti cərrahiyyə masasında dünyasını dəyişən Sirus Qoçqani Səhiyyə Nazirliyi Elmi-Təhqiqat Ağciyər Xəstəlikləri İnstitutunun ginekoloqu Sona Gürgün Vəliyevanın ölümü ilə bağlı olduqca ciddi etiraf edib. Sirus Qoçqaninin etirafı onun pasiyentinə əməliyyatdan əvvəl yalan danışmasını ortaya qoyur.
Sona Vəliyeva Gürgünün ailəsinin nümayəndəsi, ictimai vəkil Samir Zeynalov bununla bağlı redaksiyamıza məlumat verib. Deyib ki, Sirus Qoçqani onunla yazışmasında Sona Gürgün Vəliyevanı aldatmasını, onu faktiki olaraq bu yolla əməliyyata razı saldığını qeyd edir.
İctimai vəkil “Yeni Müsavat”a açıqlamasında qeyd edir ki, bununla belə, “Baku Medical Plaza”nın plastik-estetik cərrahı Sirus Qocqani israrla bildirir ki, onun liposaksiya əməliyyatları üçün istifadə etdiyi aparat “piy emboliyası” vermir: “Hər kəsin bildiyi kimi, liposaksiya əməliyyatlarının əməliyyatı keçirən şəxs üçün başlıca risk göstəricisi məhz piy emboliyasının baş verməsi aktıdır. Mərhumə Sona Vəliyeva Gürgünün ölümünə dair ”Baku Medikal Plaza"da tərtib edilən epikrizdə və əldə edilən ölüm şəhadətnaməsində ölüm səbəbi kimi kəskin ürək-ağciyər çatışmazlığı və ağciyər arteriyasının piy emboliyası göstərilib. Belə olan halda suallar yaranır. Əgər Sona xanımın vəfatına səbəb piy emboliyasının yaranması aktıdırsa, onda necə olub ki, həkimin vədinə əsasən emboliya verməyən aparat bu neqativ aktın gerçəkləşməsinə səbəb olub?
Əgər liposaksiya əməliyyatlarında istifadə olunan aparatların emboliya verməmək kimi zəmanətli özəlliyi yoxdursa və Sirus Qoçqani üçün də bu fakt aşkar idisə, onda nəyə görə Sirus Qoçqani bilə-bilə mərhumu aldadıb? Əgər piy emboliyasının baş verməsi liposaksiya əməliyyatları üçün qarşısı alınması müşkül olan, həkim səhvini və ya səriştəsizliyini ehtiva etməyən aktdırsa, onda nəyə görə illərdir estetik cərrah işlədiyini qeyd edən Sirus Qoçqani piy emboliyasına görə özünü günahkar bilir?"
Samir Zeynalov qeyd edir ki, paytaxtda özəl klinikalarda fəaliyyət göstərən bir çox cərrahlar liposaksiya əməliyyatlarında istifadə edilən son model aparatların belə emboliya verməməsi özəlliyini təkzib edirlər: “Sirus Qoçqani isə göründüyü kimi, öz xidmətini bilə-bilə yalan reklam etməklə məşğul olaraq faciələrə yol açır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 198-ci maddəsinə görə, bilə-bilə yalan reklam etmək cinayət məsuliyyətinə səbəb olur”.
İctimai vəkil Sirus Qoçqaninin təhsili ilə bağlı məlumatların doğru-dürüstlüyünə aydınlıq gətirilmədiyini də qeyd edir.
Yada salaq ki, Sirus Qoçqaninin köməkçisi onun həyat yoldaşıdır. O, ictimai vəkil Samir Zeynalova hədə mesajları yollayır. Sirus Qoçqani isə özünün Azərbaycanda sertifikasiyadan nə vaxt keçməsi, şəhadətnamə alıb-almaması ilə bağlı sualları cavablandırmaqdan yayınır.
Sona Gürgün Vəliyeva 2019-cu ilin mayında Sirus Qoçqaninin bıçağı altında, əməliyyat masasında dünyasını dəyişib. Belə aydın olur ki, Qoçqani ölkədə öz sahəsi üzrə tanınan həkimlərdən olan Sona Gürgün Vəliyevanı əməliyyata götürərkən prosesin həyat və sağlamlıq üçün tam təhlükəsiz olduğunu deyib. Tanınmış həkim aldadılaraq cərrahiyyə masasına götürülüb və nəticə dəhşətli olub. Həkim əməliyyat masasında ölüb.
“Baku Medikal Plaza”da baş tutan acı sonluqlu əməliyyatdan sonra Sona Gürgün Vəliyevanın yaxınları onun ölümündə plastik-estetik cərrah Sirus Qoçqanini, assistenti olan həyat yoldaşını günahlandırırlar.
İşin acınacaqlı tərəfi odur ki, tibbi təhsilinin olub-olmaması bilinməyən Sirus Qoçqani bu gün də əlində bıçaq pasiyent qəbul edir, Sona Gürgün Vəliyevanın məşum ölüm əməliyyatındakı aparatdan digər pasiyentlərin əməliyyatları zamanı da istifadə edir.
Digər tərəfdən, Sona Gürgün Vəliyeva Sirus Qoçqaninin bıçağı altından sağ çıxmayan ilk və sonuncu pasiyent deyil. 2017-ci ilin iyununda Sirus Qoçqaninin liposaksiya əməliyyatına götürdüyü 22 yaşlı model Leyla Oruclu da dünyasını dəyişmişdi. Leyla Orucludan əvvəl Sirus Qoçqaninin əməliyyat əlcəkləri kimi dəyişdiyi iş yerlərində belə acınacaqlı sonluqlu əməliyyatlara imza atıb-atmaması haqda konkret məlumatlar yoxdur. 2 ölüm faktı ortadadır və Sirus Qoçqani bu gün də fəaliyyətdədir. Odur ki, gələcəkdə oxşar olayların qeydə alınmayacağı ehtimalı da qalır.
Samir Zeynalovun açıqladığı məlumatlar ortada cinayətə bərabər səhlənkarlığın varlığından xəbər verir. Təsəvvür edin ki, hər iki ölümlə nəticələnən əməliyyatlardan əvvəl Sirus Qoçqaninin əlində konkret sənədlər olub. Həmin sənədlərdə də açıq-aşkar yazılıb ki, adamların səhhətləri cərrahiyə əməliyyatının keçirilməsinə imkan vermir.
Sirus Qoçqani həmin sənədləri oxuyub və bir kənara tullayıb, əlcəkləri əlinə keçirib və bıçağı pasiyentlərin qanına bulayıb. Bu gün də mümkün pasiyentləri lipoksasiya əməliyyatlarının təhlükəsizliyinə inandırmaq üçün Sirus Qoçqaninin köməkçisi videolar paylaşmaqdadır. Həmin videolardan birini də ictimai vəkil redaksiyamıza təqdim etmişdi.
Sirus Qoçqaninin Azərbaycandakı fəaliyyətinin ciddi şəkildə yoxlanılması zərurəti ortalıqdadır. Ölkənin hüquq-mühafizə orqanları, Azərbaycan məhkəməsi ölkə vətəndaşlarının ölümünə yol açan Sirus Qoçqaninin fəaliyyətinə onun özündən fərqli münasibət sərgiləməlidir. Əks halda, ölümlərin davamlı olacağı gözləniləndir.
“Yeni Müsavat”