
"Təzadlar" qəzeti redaksiyasına göndərilən aşağıdakı müraciət həyəcanla yazılıb və maraq doğuran məqamlar var. Belə ki, son bir neçə ildir Bakının qədim yaşayəş əraziləri, xüsusən də Sovet hakimiyyəti illərində, daha çox ötən əsrin əvvəllərində salınmış yaşayış əraziləri, eləcə də 70-80-ci illərdə tikilmiş binalar pilot layihə adı altında ucdantutma sökülür və hansısa iş adamlarının elə bil "...hazırca kökə tapdım!" arzusuna biçilib. Qəzalı binaları anladıq. Bəs sapsağlam, yaşayışa yararlı binalar niyə köhnə adı altında sökülür, neft pulları niyə havaya sovrulur? Köhnə binalar sökülməlidirsə, onda gərək Ermənistan sökülüb alt-üst edilə.
Ən vacibi, onsuz da tıxaclardan cana doymuş Bakıda həmin dörd və ya beşmərtəbəli binaların yerində 25-30 mərtəbəli binalar tikilir ki, bu isə 5-6 ildən sonra Bakıda beşmərtəbəli yollar çəkilməsini və bu şəhərin artıq yaşayış üçün yararsız olduğunu ortaya qoyur. Halbuki, xatırlayırsınızsa, Prezident İlham Əliyev neçə il əvvəl Bakının mərkəzində göydələnlərin tikintisini qadağan etmişdi. Nə oldu, Prezidentin çıxışı yaddan çıxdı, yoxsa, tamah güc gəldi bəzilərinə?! Necə ki, Yasamalın icra başçısı Əziz Əzizov 50-dən çox bina sakinini ayağa qaldırdı, etiraza sürüklədi.
***
Beləliklə, Yasamalda daha bir kütləvi etiraz başlayıb. Müraciəti təqdim edirik:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə!
M Ü R A C İ Ə T
Cənab Prezident!
Biz Bakı şəhəri,Yasamal rayonu, Çingiz Mustafayev küçəsi ilə Nizami küçəsinin Azərbaycan prospekti ilə M.Muxtarov küçəsi arasında yerləşən bir çox evlərin sakinləri son günlər Yasamal rayon İcra Hakimiyyətinin Başçısı Əziz Əzizovun ərazini gəzdikdən sonra evlərimizin sökülməsinin tezləşdirilməsi üçün görülən işlərinə etiraz edirik. Bildirirk ki, bizim evlərimiz heç də "Soveski"dəki evlər kimi gecəqondular deyil. Ərazidə 50-dən çox evlər YERLİ ƏHƏMİYYƏTLİ DAŞINMAZ TARİXİ VƏ MƏDƏNİYYƏT ABİDƏSİDİR. Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 saylı qərarına əsasən dövlət qeydiyyatına götürülmüşdür və hər birinin inventar nömrəsi var.
Hal-hazırda “Mənzil” MMC-nin əməkdaşları ərazidə torpaq nümunələri götürərək söküntü işlərinin aparılmasına hazırlıq işləri görürlər.
Cənab Prezident, Sizin və Birinci Vitse-prezidentimiz Mehriban xanımın mədəni irslərimizin qorunmasına, milli-mədəni abidələrimizin, milli xörəklərimizin, xalçalarımızın, musiqimizin YUNESKO-da qeydə alınmasına çalışdıqları halda, İcra Başçılarının milli mədəni TARİXİ abidələrimizi məhv etmələri yolverilməzdir.
Biz demək olar ki, hər gün, əsasən də Bakıda keçirilən Beynəlxalq tədbirlərə qatılan qonaqların küçələrimizdə fotoaparatlarla gəzərək bu qədim binaların fotoşəkillərini çəkmələrinin şahidi oluruq. Hesab edirik ki, Qədim Bakımızın tarixinin məhv edilməsi, hansısa şirkətin, iş adamının, məmurun maddi maraqları naminə qurban verilməsi tariximizə xəyanətdir. Bütün dünyada tarixi qədim evlər var və qorunub saxlanılır.
Ümummilli Liderimiz, Ulu Öndərimiz cənab Heydər Əliyev 18 aprel 2001-ci il tarixində Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş konfransda bildirmişdir: "Biz Azərbaycan xalqının tarix və mədəniyyət abidələrinin mühafizəsinə daha çox diqqət və qayğı göstərməli, bərpa işlərini təkmilləşdirməliyik".
Dünya tərəqqi etdikcə ətraf mühitə, xüsusilədə memarlıq abidələrinə yeni baxış, münasibət yaranır. Hər bir memarlıq abidəsi öz varlığında təkcə doğulduğu tarixi deyil, həm də məxsus olduğu dövrün mədəni mühitini, maddi imkanını, yaradıcısının təfəkkür tərzini, düşüncəsini əks etdirir. Memarlıq abidələrinin mühafizəsi həm də maddi və mənəvi həyatımızın güzgüsünü hifz etməklə onu gələcək nəslə çatdırmaq deməkdir.
Biz tarixi keçmişimizə nəzər salarkən, ulu babalarımızın yaratdığı və indiyə qədər yaşayan abidələrlə, qalalarla, şəhərlərlə, heykəllərlə, yollarla-yaradılan hər bir şeylə fəxr edir və bunları yaradanları daim xatırlayır, onlara öz minnətdarlığımızı bildiririk.
2009-cu ildə Azərbaycanın memarlıq abidələrinin qorunması haqqında Avropa Konvensiyasına qoşulub.
Ulu öndərimizin davamçısı kimi Sizə müraciət edərək, tarixi abidələrimiz olan memarlıq salnaməsi sayılan və tarixə memarlıq fonemeni kimi iz salmış Bakının Yasamal rayonu, Çingiz Mustafayev küçəsi ilə Nizami küçəsinin Azərbaycan prospekti ilə M.Muxtarov küçəsi arasında yerləşən 50-ə yaxın YERLİ ƏHƏMİYYƏTLİ DAŞINMAZ TARİXİ VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİ sayılan, qədim Bakımızın turistlərinin maraqlarında olan evlərin sökülməsinə çalışanların qarşısının alınması və həmin evlərin bərpa edilərək, öz statusunun saxlanılmasına göstəriş verəsiniz. Bilmirik, Yasamalın icra başçısı bu binaları niyə yer üçündən silmək istəyir???
Quliyeva Məsməxanım Böyükağa qızı və başqaları (Cəmi: 189 imza)
"Təzadlar"dan: məsələ ilə bağlı Yasamal RİH-nin rəhbərliyi ilə əlaqə saxlamağa çalışırıq...