SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Goran stansiyası”ndan gora yola salınan günahsız insanlar – dəmiryolu stansiyaları insanları o dünyaya daşıyır

“Goran stansiyası”ndan gora yola salınan günahsız insanlar – dəmiryolu stansiyaları insanları o dünyaya daşıyır

Tarix:

22-12-2018, 12:03

/ 2 322 dəfə oxundu.
“Goran stansiyası”ndan gora yola salınan günahsız insanlar – dəmiryolu stansiyaları insanları o dünyaya daşıyır

Ötən gün “Azərbaycan Dəmir Yolları QSC”də hökm sürən özbaşınalıqlardan və qanunsuzluqlardan bəhs edən məqalə dərc etmişdik. “Cavid Qurbanovun başı “mühüm” işlərə qarışıb, tabeçiliyindəki qurumlarda isə dərəbəylik hökm sürür” başlıqlı yazımızda qeyd etmişdik ki, sözügedən qurumda çalışan fəhlələrin taleyi heç kimi maraqlandırmır. Müxtəlif tapşırıqları həyata keçirən fəhlələr iş prosesində xüsusi təhlükəsizlik geyimləri ilə təmin olunmur və həyatlarını riskə ataraq ölümlə üz-üzə qalırlar. Məqaləmiz dərc olunandan bir neçə saat sonra isə, Goranboy rayonunun “Goran stansiyası” ərazisində dəmiryolundakı elektrik xəttlərində təmir işləri aparan, Yevlax rayon sakinləri – 1958-ci il təvəllüdlü Fikrət Əlibaba oğlu İsgəndərovun və 1985-ci il təvəllüdlü Rauf Məmmədovun ehtiyatsızlıqdan elektrik cərəyanı vurması barədə məlumat aldıq. Məlumat üçün bildirək ki, hər iki şəxs Goranboy rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, Fikrət Əlibaba oğlu İsgəndərov yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib. Redaksiyamızı məlumatlandıran mənbənin iddialarına görə bu hadisə “Azərbaycan Dəmir Yolları QSC”də gün ərzində baş verən onlarla hadisədən biridir. Sadəcə olaraq baş verən xəsarət halları və ölüm hadisələri mətbuatdan məqsədli şəkildə gizlədilir. Beləliklə, ictimailəşmənin qarşısı alınır. Əvvəlki məqaləmiz dərc olunarkən “Azərbaycan Dəmir Yolları QSC”nin mətbuat xidməti, eləcə də adıçəkilən qurumun digər rəsmiləri susmaqla çaldığımız “həyəcan təbili”ni qulaqardına vurdular. İsti kabinetlərində əyləşib dövlət büdcəsindən ayrılan pulları “sümürməklə” məşğul olan məmurlar adi iş icraçısını önə çıxararaq suallarımızı cavablandırmağa məcbur etmişdilər. Şan-şöhrət, vəzifə hərisliyi “Azərbaycan Dəmir Yolları QSC” rəsmilərinin gözünü o qədər örtüb ki, əliqabarlı fəhlələrin sağlamlığı və həyatı onlar üçün heç bir əhəmiyyət kəsb etmir. Görünür “Şef”ləri Cavid Qurbanovun başının qumar biznesinə qarışması digərlərinin əl-qolunu tamamilə açıb. “Qonşu qonşuya baxar, özünü oda yaxar” – məsəli bu anda lap yerinə düşür. Pul qazanmaqda “Şef”lərindən heç də geridə qalmayan “Azərbaycan Dəmir Yolları QSC”nin digər vəzifəli şəxsləri Cavid Qurbanovdan “nümunə” götürürlər. Təhlükəli “nümunə”nin acı nəticələri isə göz qabağındadır. Bir nəfər dünyasını dəyişdi və ailəsi başsız qaldı, daha biri isə şikəst olaraq ömrünün sonuna qədər əzab çəkməli olacaq. Müşahidələrimiz göstərir ki, “Azərbaycan Dəmir Yolları QSC”də proseslər nəzarətdən çıxıb. Allah ölənlərə rəhmət eləsin, qalanlara isə Tanrıdan sağlam həyat arzulayırıq. Təkcə bizim deyil, Azərbaycanın dəmir yollarında çalışan bütün fəhlələrin ümidi Allaha qalıb.
P.S. Cinayətkarlığın tarixinə nəzər salarkən aydın olur ki, belə çirkli işlərə rəhbərlik edən şəxslər adətən əzazil və qəddar olurlar. Onlar o dərəcədə zalım olurlar ki, insan həyatını məhv etmək bu şəxslər üçün adi hala çevrilir. Bu sırada narkobaronların, qumar krallarının adı xüsusilə vurğulanır.
Yazıda adıçəkilən tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Araşdırmalarımız davam edir..
stimulxeber.az

Şərhlər

XƏBƏR LENTİ