SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nazirlik restoranlara “toy tutdu” - Qarşılıqlı ittihamlar, “tüstülü” bəyanatlar

Nazirlik restoranlara “toy tutdu” - Qarşılıqlı ittihamlar, “tüstülü” bəyanatlar

Tarix:

22-11-2018, 16:37

/ 1 522 dəfə oxundu.
Nazirlik restoranlara “toy tutdu” - Qarşılıqlı ittihamlar, “tüstülü” bəyanatlar

Ekologiya və Təbii Sərvətlər Nazirliyi müasir standartlara uyğun təmizləyici qurğuları olmayan, havanı çirkləndirən iaşə obyektlərinin sahiblərinə verilən vaxtdan 6 ay keçməsinə baxmayaraq, bu günə qədər bu qurğuları quraşdırmayan 20 obyektin bağlanması üçün sənədləri məhkəməyə göndərib. Bunların arasında "Yeddi Gözəl”, "Sonalar Sonası”, "Gilavar”, "Oazis”, "Çanaqqala”, "Şahzadə”, "Şəlalə”, "Meqa Palas”, "Kəndimiz”, "Çıraq”, "Qabırğa” və digər obyektlərin adları var. Nazirliyin əməkdaşı Faiq Mütəllimov bildirib ki, məhkəmənin qərarı əsasında fəaliyyətləri dayandırılacaq iaşə obyektlərinin yenidən fəaliyyət göstərməsi müvafiq prosedurlar baxımından heç də asan və tez olmayacaq. Onların fəaliyyətlərinin bərpasına ETSN tərəfindən aparılacaq monitorinqlərin və müsbət rəyin nəticəsindən asılı olaraq razılıq veriləcək.

BakuPost fəaliyyətlərinin dayandırılması üçün məhkəməyə müraciət edilən iaşə obyektlərinin bir neçəsi ilə əlaqə saxlayıb.

"Sonalar Sonası” şadlıq sarayının direktoru Cavid Hüseynov BakuPosta açıqlamasında deyib ki, nazirliyin məhkəməyə müraciət etməsindən məlumatsızdır.

C. Hüseynov nəzərə çatdırıb ki, hələ oktyabr ayında təmizləyici qurğuları quraşdıran "Erba” şirkəti ilə 50 min manatlıq müqavilə imzalanıb, öncədən 25 min manatlıq beh də verilib. Sadəcə, təmizlik qurğuları quraşdıran şirkətin sifarişləri çox olduğundan proses gecişib: "Artıq dünən axşam iki təmizləyici qurğunun mühərriki və digər avadanlıqları şadlıq sarayına gətirilib. İki təmizləyici qurğu isə hazırda Dövlət Gömrük Komitəsinin laboratoriyasındadır. Bu gün "Erba” şirkəti ilə yenə əlaqə saxlayacam ki, gətirilən təmizləyici qurğuların quraşdırılmasına tezliklə başlasınlar”.

"Yeddi Gözəl” şadlıq sarayının müdiriyyəti adından BakuPost-a bildirilib ki, şadlıq sarayında artıq təmizləyici qurğular quraşdırılıb: "Bu gün də nazirliyin əməkdaşları şadlıq sarayında olub, təmizləyici qurğuların quraşdırılmasının şahidi olublar. Bizim şadlıq sarayı ilə bağlı hər hansı problem olmayacaq.”

"Gilavar” şadıq sarayının meneceri BakuPost-a bildirib ki, hazırda şadlıq sarayında təmizləyici qurğular quraşdırılır və başa çatmaq üzrədir: "Şadlıq saraylarında təmizləyici qurğuların quraşdırılması ilə bağlı tapşırığın icrasına yetərli zaman ayrılmadı. Şadlıq saraylarında toy mərasimləri gedən zaman tüstü bacalarında təmizləyici qurğularının quraşdırılması necə ola bilərdi? Bu qurğuların quraşdırılması bir neçə gün tələb edir. Təsəvvür edin ki, şadlıq sarayında yemək bişirsə, bacada da təmizləyici qurğunun quraşdırılması işi başlayıbsa, tüstü haradan çıxmalıdır?! Təmizləyici qurğuların quraşdırılması üçün oktyabrın 18-ə qədər vaxt vermişdilər. Ancaq nazirlik fors-major hallarla bağlı əlavə vaxt ayırmalıdır. Nəzərə alınmalıdır ki, tutaq ki, biz 3 ay əvvəl toylarla bağlı sifarişləri qəbul etmişik. Necə deyə bilərik ki, toy olmayacaq? Həm də təmizləyici qurğular Azərbaycanda istehsal edilmir, bu qurğuların Bakıya çatdırılması, gömrükdən keçməsi, sertfikatlaşdırılması üçün müəyyən vaxt tələb olunur. Nazirlik bunları nəzərə almalıdır. Biz bir ay əvvəl təmizləyici qurğuları quraşdıran "Erba” şirkəti ilə müqavilə imzalamışıq”.

"Çanaqqala” restoranının direktoru Malik Ağayev Baku-Post-a açıqlamasında ETSN-nin restoranda monitorinq aparmadan mətbuata yanlış məlumat yaydığını söyləyib: "Biz avqust ayında təmizləyici qurğular quraşdıran şirkətlə müqavilə imzalamışdıq. Bu gün təmizləyici qurğuların quraşdırılması başa çatıb, bu sahədə işlər yekunlaşıb. İstənilən şəxs gəlib baxa bilər. Bizim restoranın adı nazirliyin siyahısına səhvən düşüb. Restoranda monitorinq keçirilməmiş mətbuata belə məlumat yayıblar”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Faiq Mütəllimov isə BakuPost-a açıqlamasında şadlıq restoranlarının iradlarına cavab verib. F. Mütəllimov deyib ki, nazirlik may ayından ictimai iaşə obyektlərində təmizləyici qurğuların quraşdırılmalı olduğu barədə xəbərdarlıq edib: "Müasir standartlara cavab verən təmizləyici qurğuların quraşdırılması ilə əlaqədar şadlıq saraylarının yerləşdiyi rayonların İcra hakimiyyətlərində onlarla görüş keçirilib, məktublar göndərilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi olaraq bir daha bildiririk ki, Ramazan və Məhərrəmlik nəzərə alınmaqla, ictimai iaşə obyektlərinə noyabrın 1-ə qədər bu təmizləyici qurğuları quraşdırmaq üçün kifayət qədər vaxtı verilib. Hazırda məhkəməyə verilən ictimai iaşə obyektlərinə verilən vaxt da noyabr ayında bitib. Həmin şadlıq sarayları bizə təmizləyici qurğular quraşdıran şirkətlərlə keçmiş tarixə bağlanmış müqavilələr təqdim edir. Ya da bəziləri artıq quraşdırılmaq üçün gətirilmiş, ancaq hələ quraşdırılmamış təmizləyici qurğuların şəkillərini göstərirlər. Ancaq onların indiyə qədər təmizləyici qurğuların quraşdırılması üçün kifayət qədər vaxtları olub, lakin bunu etməyiblər. Ona görə də həmin ictimai iaşə obyektlərinin arqumentləri əsassızdır. Bu, əhalinin də haqlı narazılığına səbəb olur ki, şadlıq saraylarında təmizləyici qurğular hələ də quraşdırılmayıb, atmosfer zərərli tüstülərlə çirkləndirilir. Digər tərəfdən, təmizləyici qurğular quraşdıran şirkətlərin sifarişləri yerinə yetirə bilməməsi barədə fikirlər də əsassızdır. Əgər hər hansı ictimai iaşə obyekti təmizləyici qurğu quraşdırmaq niyyətində idisə, 6 ay ərzində sifariş verərək quraşdıra bilərdi. Nazirlik bir daha bəyan edir ki, onlara kifayət qədər vaxt verilmşdi”.

Qeyd edək ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edərək Bakıda fəaliyyət göstərən şadlıq saraylarından havaya tüstü buraxıldığına irad bildirmişdi. Ölkə başçısı qeyd etmişdi ki, axsam saatlarında Bakı şəhərini tüstü bürüyür. İ. Əliyev qaydalara riayət etməyən şadlıq evinin, məişət obyektinin qapısının bağlanacağı barədə xəbərdarlıq etmişdi.

Şərhlər

XƏBƏR LENTİ