SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Dalida"da: Yağlı qaşıq, cırıq menyu, keyfiyyətsiz yeməklər... - FOTO

"Dalida"da: Yağlı qaşıq, cırıq menyu, keyfiyyətsiz yeməklər... - FOTO

Tarix:

31-10-2018, 17:21

/ 2 096 dəfə oxundu.
"Dalida"da: Yağlı qaşıq, cırıq menyu, keyfiyyətsiz yeməklər... - FOTO

Bu dəfə “Üstü qalsın” layihəsi üçün “Dalida Səbət” restoranını seçdik. Sosial şəbəkə istifadəçiləri bu məkanın qiymətlərinin bahalığından və yeməklərinin keyfiyyətsiz olmasından şikayətlənirlər.

Bütün bu iddiaların canlı şahidi olmaq üçün Fəvvarələr meydanında yerləşən restorana üz tutduq. Liftlə 3-cü mərtəbəyə qalxdıqdan sonra məni restoranın heç bir işçisi qarşılamadı. Hava günəşli olduğuna görə içəridə yox, çöldə yerləşdirilən masalardan birinə əyləşdim. Dərhal ağ geyimli bir ofisiant menyunu təqdim etdi. Onun ağ köynəyindəki ləkələr diqqətimdən yayınmadı. Lakin diqqətimi ən çox cəlb edən restoranın menyusu oldu. Fotodan da gördüyünüz kimi menyu o qədər köhnəlib ki, artıq üzərindəki yazılar da pozulub. Bəzi vərəqlərin cırıq və bulanıq olması yemək seçimimdə xeyli çətinlik yaratdı.
Menyundan restoranın daha çox milli yeməklərə üstünlük verdiyi bəlli olurdu.Nəhayət xeyli düşündükdən sonra “Dil salatı”, Azərbaycan mətbəxinin dünyaca məşhur yeməyi “Şah Plov” və “Övriştə çolpası” sifariş verdim. Ofisiant sifarişi götürdükdən sonra masamın üzərini təmizləmədən uzaqlaşdı. O, daha sonra yaxınlaşıb, çəngəl, qaşıq, bıçaq və stəkanı servis etdi. Yeməyim gələnə qədər müşahidə apararkən qaşığımdakı ləkələr həqiqətən utancverici idi.

Fotoda da təqdim etdiyim kimi, restoranın müştəri önünə belə qaşıq qoyması iştah qaçırıcıdır. Ofisiantı çağıraraq dərhal qaşığı yenisiylə əvəz etməsini rica etdim. Lakin bu dəfə də stəkandakı ləkələr diqqətimdən yayınmadı. Bütün bunlar restoranın servisi haqda mənfi rəylər yaratmağa yetərli idi. Stəkanı da dəyişdirdikdən sonra yeməkləri gözləməyə başladım.
Salatım 30 dəqiqə sonra gətirildi. 8.00 AZN dəyərindəki bu salatın tərkibi bişmiş kök, malın dil əti, qızarmış soğan və göbələk turşusundan ibarətdir. Belə sadə salatın bu qiymətdə olmasını bahalı hesab edirəm. Çünki bu qiymətə digər restoranlarda daha fərqli və ləziz salatları dadmaq mümkündür. Bu salat isə mükəmməl deyildi. Qızarmış soğan soyuq idi, donmuş yağ damağıma yapışırdı. Deməli bu salatda ya göbələk turşusu, ya da bişmiş göbələkdən istifadə oluna bilər. Lakin salatdakı göbələk turşusunun dadı heç də xoş deyildi. Elə bunlara görə salatı yarımçıq qoymalı oldum.
Bundan 10 dəqiqə sonra “Şah Plov” və “Övriştə Çolpa” gətirildi. Başlayaq “Övriştə çolpası”ndan. Dəyəri 10.50 AZN olan bu yeməyin yanında kartof qızartması istəmişdim. Qızartma gətirilsə də, təzə deyildi. Yəni, bu kartoflar sadəcə qızdırılaraq təqdim olunmuşdu. Hər halda bu onların görünüşündən də bəlli olurdu. Toyuq qızartmaları isə mümkün qədər qurudulduğu üçün onu heç bıçaqla da kəsmək olmurdu. Yeməyin dadına baxılası tək tərəfi şabalıd, kişmiş, soğan qızartması və zirinc idi. Xüsusi ilə servis üçün seçilən uğursuz boşqab yeməyin imicinə daha bir zərbə vurmuşdu. Bir sözlə bu yemək nə doyumcul, nə də dadlı idi.
Sıra “Şah Plov”a gəlmişdi. Fotodan da göründüyü kimi yeməyin servisi gözəldir. 13.50 AZN dəyərindəki məşhur plovun tərkibi quzu əti, şabalıd, qaysı, kişmiş, xurma və lavaşdan ibarətdir. Bundan öncəki yeməkdən fərqli olaraq bu yeməyin yeni hazırlandığı bəlli idi. Başlayaq yeməyin qazmağından. Şah plovun əsas özəlliyi elə onun qazmağından başlayır. Yəni bu qazmaq o qədər dadlı və qalın olur ki, onun dadından doymaq mümkünsüzdür. Burada isə sadə lavaşla hazırlanan qazmaq yeməyin ənənəvi üslubunu daha da sadələşdirmişdi. Bıçaqla qazmağı kəsdim. Bu plovun həvəskarları yaxşı bilir ki, “Şah Plov”u kəsən kimi plovun ətri insanı valeh edir. Heyf ki, həmin ətirlə rastlaşmadım. Düyünün ətrinin olmaması ilə yanaşı dadı da əvəzsiz deyildi. Yəni bu yeməyi hazırlayarkən əsas məsələ onun düyüsünü xüsusi seçməkdir. Sadə plovlar üçün hazırlanan düyüdən istifadə etməklə əsl “Şah plov” hazırlamaq mümkün deyil. Bəs zəfəran? Bu yeməyin əsas elementlərindən olan zəfərandan da istifadə olunmamışdı. Yəni yemək “Şah plov”dan çox lavaş içi plovu xatırladırdı. Şabalıd, qaysı və xurmadan danışmağa isə ehtiyac yoxdur. Sadəcə bişirələrək yeməyə əlavə olunmuşdu.
Yemək yeyərkən diqqətimi cəlb edən məsələlərdən biri isə ofisiantların anidən çoxalması və yeni geyimdə xidmətə başlaması oldu. Bu dəfə ağ köynək və qırmızı örtüklə görünən ofisiantlar məkana daxil oldu. Sonda elə bu ofisiantların birindən hesabı istədim. Beləliklə içkilər də daxil olmaqla ümumi hesab 37.50 təşkil etdi. Hesab kitabçasına 40.00 AZN qoyaraq məkanı tərk etdim. Nəticədə, mən də restoran haqda mənfi fikir səsləndirənlərə haqq vermiş oldum.
"Dalida"da: Yağlı qaşıq, cırıq menyu, keyfiyyətsiz yeməklər... - FOTO
"Dalida"da: Yağlı qaşıq, cırıq menyu, keyfiyyətsiz yeməklər... - FOTO
"Dalida"da: Yağlı qaşıq, cırıq menyu, keyfiyyətsiz yeməklər... - FOTO
"Dalida"da: Yağlı qaşıq, cırıq menyu, keyfiyyətsiz yeməklər... - FOTO
"Dalida"da: Yağlı qaşıq, cırıq menyu, keyfiyyətsiz yeməklər... - FOTO
"Dalida"da: Yağlı qaşıq, cırıq menyu, keyfiyyətsiz yeməklər... - FOTO
"Dalida"da: Yağlı qaşıq, cırıq menyu, keyfiyyətsiz yeməklər... - FOTO
"Dalida"da: Yağlı qaşıq, cırıq menyu, keyfiyyətsiz yeməklər... - FOTO

Şərhlər

XƏBƏR LENTİ