SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Atəşgah" Sığorta Şirkəti öz mənafeyi naminə vətəndaşlar üçün problemlər yaradır - Razi Nurullayev

"Atəşgah" Sığorta Şirkəti öz mənafeyi naminə vətəndaşlar üçün problemlər yaradır - Razi Nurullayev

Tarix:

30-08-2018, 09:39

/ 2 090 dəfə oxundu.
"Atəşgah" Sığorta Şirkəti öz mənafeyi naminə vətəndaşlar üçün problemlər yaradır - Razi Nurullayev

"Atəşgah" Sığorta Şirkəti ilə bağlı eybəcərlikləri deməyə məcburam. Demək istədiyim budur ki, şirkətlərə, komitələrə, nazirliklərə ayrı-ayrılıqda fikir bildirmək siyasətçi kimi bizə uyğun deyil. Hər məsələyə kompleks və sistemli yanaşmağın tərəfdarıyam. "Atəşgah" sığorta şirkətinin qanunsuzluqlarını, vətəndaşları incitməyini, qanunları ayaq altına salıb tapdamağını, orada işləyənlərin çoxmərtəbəli və mürəkkəb korrupsiya piramidasında batdığını nəzərə alaraq bunu yazıram”.

Bu haqda AXCP sədri Razi Nurullayev açıqlama verib. Onun sözlərinə görə şirkət öz mənafeyi naminə vətəndaşlar üçün problemlər yaradır:

“Rusiya vətəndaşının yenicə aldığı "Toyota" markalı maşın Bakıda arxadan vurulur. Vətəndaş günahını boynuna alır və polis də lazım olan kağızı təqdim edir. Sənəd "Atəşgah" sığorta şirkətinə təqdim olunur. Vətəndaş bir gün sonra öz vurulmuş maşını ilə Rusiyaya qayıdacaq. Şirkət deyir ki, üç gün sonra gəl... Çox çək-çevirdən sonra könülsüz maşının şəklini çəkməyə razı olurlar. İsrarla deyirlər ki, maşın burada və bizim dediyimiz servisdə təmir edilməlidir. Vətəndaş deyir ki, maşın yenicə alınıb və "Toyota" servis mərkəzində qeydiyyatdadır. Buna görə də o, ancaq "Toyota" servis mərkəzində təmir edilə bilər. Siz pulunu hesablayın verin və mən özüm yaşadığım ölkədə "Toyota" servis mərkəzində təmirə verəcəm.

Əməkdaş (əməkdaşı qoyaq bir kənara, bunların başda duranları da elə bu düşnücədədir və yarıtmaz idarəçidirlər. Bu barədə az sonra) deyir ki, xeyr, bizim qarajda olmalıdır. Vətəndaş soruşur ki, yaxşı olsun, o qarajın lisenziyası varmı, lisenziyası olarsa, "Toyota" servis mərkəzi qəbul edə bilər. Əks halda, "Toyota" servis onu növbəti xidmət müddətindən məhrum edər. Əməkdaş israr edir ki, lisenziyası yəqin ki, var. Vətəndaş həmin xidmətə zəng edir ki, servis haqqında rəsmi sənəd verə biləcəksinizmi? Onlar yox cavabı verir, belə çıxır ki, lisenziyaları yoxdur”.

Partiya sədrinin fikrincə, belə mənzərə ortaya çıxır ki, "Atəşgah" sığorta şirkəti özünün yaratdığı və ya razılaşdığı bir təmir xidməti ilə korrupsiya piramidası qurub: “Hər bir sürücü bilir ki, sığorta şirkətləri hansı maxinasiyalar edir. Əməkdaşlar sürücülərlə belə razılaşaraq, daha çox məbləğ yazır və sonra artıq məbləği sürücü sığorta əməkdaşına qaytarır. Güman edirəm ki, "Atəşgah" sığorta şirkətinin başında dayananlar qəzalar üçün bir neçə dəfə şişirdilmiş ödənişlərin böyük qismini "otkat" şəklində mənimsəyirlər.

Şirkətin səhifəsində göstərilmiş 940 nömrəsinə zəng edirəm, özümü təqdim etdikdən sonra rəhbərliklə danışmaq istədiyimi bildirirəm. Telefonda gözlədirlər məni və sonra deyirlər ki, rəhbərlik sizinlə danışa bilməz. Səhifəyə daxil oldum və rəhbərliyin tərcümeyi-halına baxdım. Xaricdə oxuyublar, zəngin iş təcrübələri var və kifayət qədər gəncdirlər. Belə bir sual meydana çıxır. Siz kimsiniz? Özünüzü çəkib hansı dağın zirvəsinə qoyursunuz? Bəlkə güvəndikləriniz var? Bilin ki, sizinlə mübarizə aparacam və sizi diz üstə gətirməyə çalışacam. Qanunsuz əməllər bilin ki, bir gün üzə çıxacaq və hər kəs etdiyi qanunsuzluq, özbaşınalıq, dikbaşlıq və mədəniyyətsizliyə görə cavab verməli olacaq”.

Razi Nurullayev Maliyyə Bazarlarına Nəzarət Palatasına məsələ ilə bağlı zəng etdiyini və məsələnin aidiyyatı qurumlarla birlikdə hüquqi müstəvidə həll edəcəyini bildirib. O, deyib ki, "Atəşgah" sığorta şirkətinin qanunsuz əməlləri araşdırılıb ictimailəşməlidir ki, onların iç üzü hər kəsə aydın olsun.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Teref.az

Şərhlər

XƏBƏR LENTİ